“Barselona”nın ispaniyalı keçmiş müdafiəçisi Jerar Pike həmvətəni, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola haqda danışıb.
Arena.az xəbər verir ki, veteran futbolçu “Pep”in məşqçilik keyfiyyətlərini belə qiymətləndirib:
“Düşünürəm ki, taktiki və strateji səviyyədə o, dahidir. “Pep” oyunu necə oxumağı, onun necə bitəcəyini təxmin etməyi bacarır. O, əks-hücum etmək və ya müdafiə olunmaq üçün isə sizə bütün gərəkli vəsitələri təqdim edir”, deyə Pike bildirib.
Pike öz karyerasından da söz açıb. O, bir vaxtlar İtaliya nəhəngi “Yuventus”a keçmək fürsətində olduğunu bildirib:
“Barselona”ya qayıtmazdan əvvəl, “Mançester Yunayted”dəki son ilimdə mən “Yuventus”a keçə bilərdim, amma evə gedəndə son qərarı vermişdim”, deyə Pike xatırlayıb.
Xatırladaq ki, Jerar Pike futbolçu karyerasını 2023-cü ilin yanvarında bitirib. “Barselona”nın yetirməsi olan keçmiş futbolçu “blauqrana”nın gənclər komandasından dərhal “Mançester Yunayted”ə keçib və dörd il sonra Kataloniya nəhənginin düşərgəsinə qayıdıb. Pike “Barselona”nın heyətində bütün yarışlarda ümumilikdə 616 oyun keçirib, 53 qol vurub, 13 məhsuldar ötürmə verib.
Sabiq müdafiəçi “Barselona” ilə 9 dəfə İspaniya La Liqasının, 7 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə İspaniya Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Pike həmçinin “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını, İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Çempionlar Liqasını qazanıb.
Eyni zamanda, Pike İspaniya yığması ilə DÇ-2010-da və AÇ-2012 də çempion olub.
Vurğulayaq ki, Pike İspaniya Sequndasında çıxış edən “Andorra” klubunun da sahibidir.