AZ

Neo-qladiatorçuluq

Noyabrın 15-dən dünya mediasının gündəmini məşhur boksçu Mayk Taysonla blogger Cek Paul arasında baş tutan döyüş zəbt edib. 

Texas ştatının AT&T stadionunda keçirilən yarışı rekord sayda tamaşaçı - 72.300 nəfər izləyib. Cəmi 16 dəqiqə çəkən bu yarış AT&T stadionuna 18 milyon dollardan çox gəlir gətirib. 

Biletlərin qiyməti 78 - 2000 dollar arasında dəyişib.  

Yarışı canlı yayımlayan "Netflix” platforması həmin gün izləmə rekordu qırıb. Belə ki dünya üzrə təxminən 65 milyon ailə bu döyüşü canlı yayımda izləyib. Nəzərə alaq ki, bu rəqəm sadəcə, həmin günün statistikasıdır. İnternet platformalarında Tayson-Paul duelinin kadrlarını əks etdirən görüntülərin izlənmə sayı getdikcə artır. 

Bütün bunlar məsələnin sadə və üzdə olan tərəfidir. Məsələnin ciddi tərəfi kapitalizm sisteminin insanı əmtəələşdirməsi, idman və mərc oyunlarına yatırılan fantastik məbləğlər, çirkli pulların yuyulması kimi söhbətlərdir. Məni isə daha çox olayın sosial-əxlaqi mahiyyəti maraqlandırır. 
Əlbəttə, bu yarışı xüsusi olaraq izləmədim, feyzbukda qarşıma çıxan xırda epizodlarını gördüm. Açığı, bu cür səhnələr təsəvvürümdə quldarlıq dövrünün mənzərəsini, qladiator döyüşlərini canlandırır. Müasir dövrdə böyük pulların oynadığı və oynatdığı bu neo-qladiator yarışları insanın əsrlərlə cilalanan mədəniyyətini bir anda darmadağın edərək, onun vəhşi xislətini üzə çıxarır, daxili kodunda gizlənən heyvani zorbalığı az qala üstün mənəvi keyfiyyət kimi milyonların önündə fəxrlə sərgiləyir.  

Beynəlxalq qanunvericilikdə qadağan edilməsinə  baxmayaraq, hələ də dünyanın bir çox ölkələrində qaydasız döyüşlər təşkil edilir, bəzən bu ölüm-dirim savaşında həyatını itirənlər də olur.   

Bəs, yüz minlərlə insan nədən öz növünün nümayəndələrini dalaşdırmağa bu qədər həvəslidir? Biri-birinin qanına susayan iki nəfərin savaşına baxmağa adamları hansı hiss və ya istəklər məcbur edir?  

Psixoanalizə görə belə qəddar tamaşalar insanın bioloji mahiyyətində gizlənmiş yırtıcı instinktləri qidalandırır. Yəni, insanın əxlaqi, mənəvi mahiyyəti onun bioloji duyğuları ilə müqayisədə zəif inkişaf edibsə, o, təbii olaraq, fiziki gücünü işə salır, öz şəxsiyyətini şiddət və  zorakılıq yolu ilə təsdiqləməyə çalışır. Belə demək mümkünsə, mənəvi kamilliyə çatmayan Homo Sapiens nümayəndəsi öz bioloji tələbatları, heyvani instinktləri ilə yaşamağa daha çox üstünlük verir və hər addımda bu instinktlərini "yemləməyə” çalışır. Lakin onun şəxsiyyətinin sosial-əxlaqi tərəfi boşdur. Bu halda o, öz  mənəvi aclığını doyurmaq üçün əcdadlardan qalma genetik yaddaşının ibtidai əyləncələrini işə salmalı olur. İt boğuşdurmaq, xoruz döyüşdürmək, matador yarışları kimi qəddar və primitiv oyunlar məhz qəbilə dövrünün qalıqlarıdır. 

Ağır olsa da etiraf etməliyik ki, indiki neo-qladiator döyüşlərinin azarkeşləri cismən XXI əsrdə yaşasalar da ruhən quldarlıq quruluşunun daşıyıcılarıdır. 

Adama elə gəlir ki, moderator "öldürməyə icazə var!” elanını səsləndirsəydi, Tayson-Paul dueilini Ayfonla kameraya çəkən müasir qulların və quldarların əksəriyyəti baş barmağını dərhal aşağı çevirərdi. 

Şəxsi mülahizələrimə əsasən deyə bilərəm ki, döyüş yarışlarına aludəçiliyin başqa psixoloji izahı da var. İnsanlar gərgin matçı izləyərkən, özlərini oradakı oyunçuların yerində təsəvvür edirlər. Özünü rinqdə hiss edən azarkeş rəqibin zərbəsindən "yayınanda” sevinir, hansısa real düşmənini isə qarşı tərəfin yerinə qoyaraq onu ölümcül "döyür”. Minlərlə tamaşaçının önündə düşmənin qürurunu sındırmaq, onu rüsvayçı şəkildə məğlubiyyətə uğratmaq, özünü yenilməz hiss etmək bu insanların şüuraltının quyularına gömdükləri ən böyük arzulardır. Yoxsa külli miqdarda pul və zaman xərcləyərək iki nəfərin biri-birini əzişdirməsinə kənardan azarkeşlik etməyin başqa hansı izahı ola bilər ki? 

Bu mövzu favorit yazıçım Cek Londonun "Oyun” romanını yadıma saldı. Yazıçı gəncliyində populyar "Oakland Herald” qəzetində idman müxbiri işləyib. O, işi ilə əlaqədar, həm də həvəskar boksçu kimi qaydasız döyüşlərlə maraqlanıb. Bir dəfə yarışların birində C. Londonun dostu, 20 yaşlı boks ustası məğlub olur və öldürülür. Bu hadisə döyüşü izləyənlər sırasında olan gənc yazıçını dərindən sarsıdır. Sonralar o, həmin döyüşçünün həyatı və qaydasız döyüşlər barədə ingilis cəmiyyətinin bilmədiyi gerçəkləri əks etdirən psixoloji-tragedik "Oyun” romanını yazır. Roman Azərbaycan dilində ilk dəfə "Ağır əlcəklər” adı ilə nəşr olunub. 

Zənnimcə, Cek Londonun həmin əsərini oxuyan hər kəs bu yazıdakı fikirlərlə qismən də olsa razılaşacaq. 

Şəlalə Göytürk Niaqara
Seçilən
13
qaynarinfo.az

1Mənbələr