AZ

COP29-un qlobal çağırışlarına biganə qalmaq gələcəyimizə xəyanət deməkdir

Bu günlərdə bütün dünyanın diqqəti COP29-un tədbirlərinin böyük uğurla keçirildiyi doğma Bakımıza yönəlib.

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayır. Fransa və Avropa İttifaqının Azərbaycanda COP29-un boykotunu birgə təşkil etməyə göstərdiyi  səylərə baxmayaraq  biz bunu bacardıq, bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün qüvvələrimizi birləşdirməyi, bədxahların cavabını birlikdə verməyi, ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün bir-biri ilə yarışa giriən qərbin  feyk-xəbər mediasını birlikdə susdurmağı bacardıq. Vətəndaş dövlət birliyinin ən bariz nümunəsi kimi ölkəmizə təşrif buyuran hər bir qonağa yüksək tribunadan öz sözünü demək üçün imkan və şərait yaratdıq. Öz fəaliyyətləri ilə planetimizin gələcəyini ciddi təhlükələrlə üz-üzə qoyan iri dövlətlərin ürəyincə olmasa da iqlim dəyişikliyi ilə bağlı danışıqların aparılması üçün Bakı ən geniş və ən əhatəli platforma ola bildi.

COP29-un tədbirlərini izlədikcə, iştirakçıların verdikləri müsahibələrlə tanış olduqca bir daha qürur hissi keçirməmək mümkün deyildir.

COP29 müstəqil və suveren dövlətimizin bəşəri dəyərlərə necə yüksək qiymət verdiyinin bariz nümunəsi oldu. “Yaşıl dünya naminə” bütün dünyanı birləşməyə çağıran bu tədbirdə hər gün yeni-yeni qərarlar qəbul olunur, mühüm anlaşmalara imza atılır, iqlim dəyişikliklərinə səbəb olan fəaliyyətlərin azaldılması üçün çağırışlar edilir və o çağırışlarda konkret ünvanlar göstərilir. Ekologiyaya ciddi ziyan vuran müstəmləkəçiliyə “yox” deyilir. Müstəmləkə siyasəti yeridərək ada ölkələrini və Afrikanın bir çox ölkələrini hələ də kölə vəziyyətində saxlayaraq dünyaya demokratiyadan dərs deməyə çalışan Fransanı və bir çox başqa ölkələri  məhz həmin ölkə sakinləri öz çıxışları ilə ifşa edərək bu şəraiti onlara yaradan Azərbaycan hökumətinə dönə-dönə minnətdarlıqlarını bildirirlər. Çünki, maliyyə çətinliyi üzündən bir çox ada ölkələri konfransda iştirak edə bilməyəcəklərini bildirmişdilər. Azərbaycan, onun humanist və uzaqgörən siyasəti ilə bütün dünyada tanınan prezidenti İlham Əliyev həmin ölkələrin iştirak xərcini də öz üzərinə götərirərək dünyaya bir liderlik dərsi verə bildi .  Qeyd etmək yerinə düşər ki, COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlı qrant müsabiqəsində qalib olan  Bakı Təşəbbüs Qrupu (BTQ) vaxtı ilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Togo, Mavritaniya, Zimbabve, Zambia və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, ekoaktivistlər və hüquq müdafiəçilərinin iştirakı ilə “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı yan tədbir keçirib. Təbii ki, bu tədbirdə Afrikadan olan və müstəmləkəçilikdən əziyyət çəkmiş xalqların nümayəndələri öz çıxışlarında hazırda müstəmləkəçilik altında olan bölgələrin tezliklə dekolonizasiya edilməsinin vacibliyini bildiriblər.

COP29-un könüllülərinin işi də iştirakçılar tərəfindən  xüsusi  qiymətləndirilir. Könüllülər ölkənin gənc vətəndaşlarıdırlar. Bu bir daha onu göstərir ki, Azərbaycan gənci ölkəsini işğaldan azad edə bildiyi kimi ölkəsinin şərəfini də qoruya bilir. Könüllülər qonaqlara göstərdikləri qayğı ilə, onların hər bir sualını yüksək səviyyədə cavablandırmaqla tədbirin  aparıcı qüvvəsi kimi öz mədəniyyətlərini, intellektual səviyyələrini ortaya qoya bildilər.

Planetin ekoloji tarazlığının pozulması, iqlim dəyişikliyi heç də ayrıca bir ölkənin və ya bir xalqın problemi deyil. Bunun üçün bütün dünyanın birliyinə ehtiyac var. Bütün dünya öz səylərini birləşdirməlidir. Buraya ayrı-ayrı qurumların, birliklərin, vətəndaş cəmiyyətlərinin fəal qatqısı işin səmərəsini daha da artırar. QHT-lər bu sahədə ən öndə gedən ictimai birliklərdir. Azərbaycan QHT-ləri artıq neçə illərdir bu sahədə öz fəallığını konkret işlərlə göstərə bilir. Qarabağda ermənilərin ekoloji terroruna qarşı keçirilən aksiyalarda QHT-lər bunu sübut etdilər. COP29-a hazırlıq mərhələsində də QHT-lərin ümumi işə qatqıları çox böyük oldu. Dünyanın bir çox ölkəsinin QHT-ləri ilə əlaqələr yaradıldı, iş birliyi üçün müqavilələr, memorandumlar imzalandı. Nəhayət, COP tədbirlərində də bu özünü daha aydın göstərdi.

COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda müxtəlif təqdimatlar, konfranslar  keçirilir, müzakirələr aparılır, müxtəlif ölkələrdən olan QHT rəhbərləri, ekspert və ekofəallar iqlim fəaliyyətləri, onun yan təsirləri ilə mübarizədə davamlı əməkdaşlığa dair təqdimatlar edirlər.  Müzakirələrin yekununda iştirakçı ölkələrin QHT liderləri, ekspert və ekofəallarının iştirakı ilə “İqlim dəyişmələri ilə mübarizədə fəal yaşıl iştirakçılıq üzrə” Tərəfdaşlıq Şəbəkəsinin qurulması nəzərdən keçirilib.

COP29-un tədbirləri davam edir. Doğma Bakımızda tarixi günlər yaşanır. Bu tədbirin fərqli cəhətlərindən biri də odur ki, burada qəbul olunan qərarların icrasına nəzarət mexanixmi də müəyyən olunur. İrəli sürülən təkliflər söz olaraq qalmamalıdır. Növbəti COP30-a kimi bu qərarların icrasına həm də Bakı tərəfindən nəzarət olunacaq. Dünyamızı birgə və ciddi səylərimizlə fəlakətlərdən xilas edə bilərik.

 

Elmira Mehdiyeva

“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi

Seçilən
29
qht.az

1Mənbələr