AZ

Çin Tramp administrasiyası əlaqə yaratmağa çalışır

Çin hakimiyyəti Pekinə mənfi münasibət bəsləyən siyasətçilərin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasında əsas vəzifələrə təyin olunmasından narahatdır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Qəzet qeyd edir ki, buna görə də Çin mümkün ticarət qarşıdurmasının qarşısını almaq üçün ABŞ-ın gələcək rəhbərliyi ilə əlaqə yaratmağa çalışır.

Məlumatlı şəxslərin qəzetə bildirdiyinə görə, Pekin Vaşinqtonla münasibətlərdə sabitliyə can atır və yeni ticarət müharibəsindən qaçmaq istəyir. Bununla əlaqədar, ÇXR həmçinin 2016-2020-ci illərdə ilk prezidentlik dövründə Trampın administrasiyasının tərkibində olmuş keçmiş komanda üzvləri ilə əlaqələri bərpa etmək niyyətindədir.

Nəşr qeyd edir ki, Tramp Ağ Evə qayıtmazdan əvvəl əsas vəzifələrə anti-Çin ovqatlı siyasətçiləri gətirib. Onların arasında milli təhlükəsizlik üzrə köməkçisi olacaq Mayk Vals və gələcək dövlət katibi Marko Rubio da var.

Daha əvvəl xəbər verilib ki, Tramp Çinlə ticarət müharibəsinin tərəfdarı olan Robert Laythayzeri də Ağ Evə qaytarmaq istəyir. Yanvar ayında vəzifəsinin icrasına başladıqdan sonra ABŞ-ın seçilmiş prezidenti onu ticarət danışıqlarında nümayəndə təyin edə bilər. O, Trampın ilk prezidentliyi dövründə Çinə qarşı başlanan ticarət müharibəsinin təşəbbüskarlarından biri olub. O zaman Birləşmiş Ştatlar Çin mallarına tariflər tətbiq edib və bu, 2020-ci ildə Pekinin Vaşinqtonla iki il ərzində 200 milyard dollar dəyərində Amerika mal və xidmətlərinin alışını artırmaq üçün müqavilə imzalamağa məcbur edib.

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr