AZ

Rusiyanın yeni vasitəçilik təklifi: “Heç nə qazandırmayacaq”

Rusiya Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda yenidən vasitəçilik təşəbbüsünü ələ almaq üçün yollar axtarır. 

“Sputnik”-in məlumatına görə, Rusiya Dövlət Duması Azərbaycan ilə Ermənistan arasında platformanın yaradılmasını təklif edib.

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Yuri Vorobyov İrəvanda "Zvartnots" hava limanında jurnalistlərlə söhbətində bəyan edib ki, Moskva Ermənistan və Azərbaycan arasındakı problemlərin həll olunmasında maraqlıdır. Y.Vorobyev bununla diqqətə çatdırıb ki, Moskva Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. 

Belə hesab etmək olarmı ki, Rusiya Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda vasitəçilik təşəbbüsünü ələ almaq üçün başqa yollara baş vurur? Azərbaycan və Ermənistan Rusiyanın bu təklifi ilə razılaşcaq? 

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində heç bir vasitəçiyə ehtiyac yoxdur: 

“Rusiya Cənubi Qafqazda, xüsusilə Azərbaycanla Ermənistan arasında siyasi proseslərdə təsir imkanlarını saxlamaq üçün müxtəlif variantlardan istifadəyə çalışır. Məlumdur ki, Ukrayna ilə müharibə Rusiyanı ciddi şəkildə zəiflədib. Bu müharibə səbəbindən Rusiya Cənubi Qafqaza çox da diqqət ayara bilmir. 

Bu baxımdan, Kremldə hesab edirlər ki, Ukraynada müharibə davam edirsə, Cənubi Qafqazda siyasi vəziyyəti dondurmaq məqsədəuyğun olardı. Baxmayaraq ki, hazırda Rusiyanın Ermənistanla münasibətlərində müəyyən problemlər yaşanır. Yenə də Ermənistana göstərməyə çalışır ki, Moskva hələ də regionda öz nüfuzunu qoruyub saxlayır”.

O ki qaldı Rusiyanın və hər hansı tərəfin vasitəçilik təşəbbüsünə, ekspert Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoqu xatırladıb:

“Bu proses davam edir. Belə olan halda heç bir vasitəçiyə ehtiyac yoxdur. Düzdür, Ermənistanın nümayəndə heyəti Bakıda keçirilən BMT-nin COP29 tədbirində iştirak etmədi. Əgər iştirak etsəydi, sülh prosesinə divident qazandırardı. 

Amma buna baxmayaraq, hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində ikitərəfli dialoq davam edir. Hər iki ölkənin parlament sədrləri arasında da ikitərəfli təmaslar qurula bilər.

İstər Rusiya, istərsə Qərb ölkələrinin, istərsə də hər hansı tərəfin vasitəçilik cəhdləri nə Ermənistana, nə Azərbaycana divident qazandıracaq. Onlar Azərbaycanla Ermənistan arasında problemlərin həllindən daha çox regionda öz geosiyasi ambisiyalarını həyata keçirməkdə maraqlıdır”. 

Seçilən
8
cebheinfo.az

1Mənbələr