Baltik dənizində iki sualtı internet kabelinin qəfil kəsilməsi hibrid müharibə ehtimalı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
İndex.az xəbər verir ki, Litva və İsveç arasında rabitəni təmin edən kabel və Finlandiya ilə Almaniya arasında keçən C-Lion kabeli keçən həftə sonu pozulub. Yerli telekommunikasiya şirkətləri insidentlərin fiziki zərər nəticəsində baş verdiyini təsdiqləyib.
“Telia Lithuania” telekommunikasiya şirkəti Litva ilə İsveç arasında rabitə kabelinin bazar günü səhər saat 10:00 radələrində kəsildiyini açıqlayıb. Şirkətin sözçüsü Audrius Stasiulaitis bildirib ki, fasilə avadanlıqların nasazlığı ilə deyil, fiber-optik kabelin fiziki zədələnməsi nəticəsində baş verib. Nasazlıqdan sonra Litvanın internet tutumunun təxminən üçdə biri müvəqqəti olaraq itib. Lakin vəziyyət tezliklə nəzarətə götürülüb və imkanlar bərpa edilib.
Finlandiyanın dövlət “Cinia” şirkəti Finlandiya ilə Almaniya arasındakı 1200 kilometrlik C-Lion kabelində də oxşar nasazlıq yaşadığını açıqlayıb. Bu kabel Mərkəzi Avropa ilə Finlandiya arasında birbaşa əlaqəni təmin edən yeganə xətt kimi böyük əhəmiyyət kəsb edir. Bildirilib ki, kəsilmə zonası Litva-İsveç kabelinin zədələndiyi yerdən cəmi 100 km aralıda olub.
“Cinia”nın baş direktoru Ari-Jussi Knaapila, bu kəsilmənin xarici müdaxilə səbəbindən baş verə biləcəyini vurğuladı və hərtərəfli araşdırmanın davam etdiyini söylədi. Finlandiya və Almaniyanın xarici işlər nazirləri insidentdən sonra verdikləri birgə bəyanatda fasilələrin qəsdən ola biləcəyi ehtimalına diqqət çəkərək hibrid müharibə ehtimalını gündəmə gətiriblər:
“Faktla bağlı hərtərəfli araşdırma aparılır. Avropa təhlükəsizliyimiz təkcə Rusiyanın Ukraynaya təcavüzü ilə deyil, həm də bədxahların hibrid müharibə üsulları ilə təhdid edilir”.
Son həftələrdə ABŞ Rusiya hərbi qüvvələrinin kritik sualtı infrastrukturlardakı fəaliyyətinin artdığını bildirərək təxribat riski barədə xəbərdarlıq etmişdi. Bundan əlavə, 2023-cü ilin aprelində İsveç, Danimarka, Norveç və Finlandiya ictimai yayımçıları tərəfindən aparılan araşdırma nəticəsində Rusiyanın Skandinaviya sularında sualtı kabelləri və külək stansiyalarını hədəfə ala biləcək təxribat proqramı həyata keçirdiyinə dair tapıntılar ortaya çıxıb.
Nasazlıqdan sonra “Cinia” təmir işlərini sürətləndirmək üçün təmir gəmisini istismara verib. Təmirin hava şəraitindən asılı olaraq 5 gündən 15 günə qədər davam edəcəyi gözlənilir. İsveç və Litva arasında kabel xəttinin operatoru olan “Arelion” şirkəti də İsveç hərbi və mülki orqanları ilə əlaqə saxladığını açıqlayıb. Şirkət təmirin bir neçə həftə ərzində aparılacağını bildirib.