Bakı, TurkicWorld
Kənd təsərrüfatı sektorlarının isti iqlimə uyğunlaşmasına kömək etmək üçün təcili iş görmək lazımdır.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev COP29 Prezidentliyinin mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, fermerlərin iqlimə uyğunlaşması üçün Bakı-Harmoniya İqlim Təşəbbüsünü işə salmışıq.
"Bunun məqsədi fermerlərə davamlılıq yaratmaq üçün alətlər verməkdir. Bakı-Harmoniya İqlim Təşəbbüsü həmçinin fermerlərin gəlir əldə etməsi üçün əlçatan təlimatlar hazırlamaq üçün maliyyə institutları ilə işləyəcək.
Əvvəlki COP-lar artıq metanla bağlı irəliləyiş əldə edib. COP26-nın qlobal metan öhdəliyi artıq Azərbaycan da daxil olmaqla 160-a yaxın ölkəni əhatə edir. Vədi yerinə yetirmək üçün biz metan emissiyalarının bütün əsas mənbələrinə, o cümlədən qalıq yanacaqlara, kənd təsərrüfatına və üzvi tullantılara nəzər yetirməliyik",- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.