AZ

Beynəlxalq Kişilər Günü niyə maraqlı deyil?

1999-cu ildən etibarən 19 noyabr Beynəlxalq Kişilər Günü kimi qeyd olunur.  Bu gün ilk dəfə 1999-cu ildə Trinidad və Tobago adasında (Karib dənizi adaları) qeyd edilməyə başlanıb. Daha sonra Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd edilib.

 

Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. 

 

Hazırda Beynəlxalq Kişilər Günü 60-dan çox ölkədə qeyd olunur. Ancaq dünyada bu günə elə də ciddi maraq yoxdur.

 

Sosioloq Lalə Mehralı Modern.az-la söhbətində bildirib ki, 8 martı Beynəlxalq Qadınlar Günü kimi qeyd ediriksə, 19 noyabrın da Beynəlxalq Kişilər Günü qeyd edilməsinə çalışa bilərik:

 

“Bu günlərin hər ikisi beynəlxalq xarakterli gündür və bütün ölkələr üçün keçərlidir. Ona görə də 19 noyabrın da 8 mart kimi hamı tərəfindən qəbul edilməsi məqbul hesab edilir, deyə düşünürəm. Amma bununla yanaşı bizim milli kişilər günümüz də var ki, bu tarix 26 iyundur. Lakin bu gün o qədər də geniş keçirilmir. Qadınlar 8 Mart ərəfəsində özlərinə tələb etdiyi qayğını 26 iyun ərəfəsində kişilərə göstərmir. Təbii ki, burada təşkilatçılıq məsələləri xüsusi rol oynayır. Necə ki, qadınlar 8 Martda özlərinə diqqət, qayğı tələb edirlərsə, eləcə də kişilər günü ərəfəsində 19 noyabr yaxud 26 iyunda kişilərə qarşı maksimum diqqət göstərməyə borcludur. Diqqət gözləyirsənsə, diqqət göstərməyə də hazır olmalısan”.

 

L.Mehralı bildirib ki, kişilərin özəl gün qeyd etmək marağı qadınlara nisbətən az olduğu üçün bu günün xüsusi qeyd edilməsi populyar deyil:

 

“Qadınların 8 marta əhəmiyyət verdiyi kimi kişilər 19 noyabrda əhəmiyyət vermir. Yəni əslində kişilərdən ötürü özəl günlərin qeyd edilməsi qadınlarda olduğu qədər populyar deyil. Yəqin ki, bu səbəbdən ictimai müzakirələr nəticə vermir. Təklif və tələb məsələsi bir-birinin qarşılığını tapmadığı üçün bu tarix o qədər də populyarlaşmır. Amma zənn edirəm ki, 26 iyunun qeyd edilməsi milli, 19 noyabrın qeyd edilməsi beynəlxalq bayram kimi kişilərin  haqqıdır”.

Seçilən
28
modern.az

1Mənbələr