Qlobal istiləşmə Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa təsir göstərir.
"Far.Az" xəbər verir ki, bunu Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin regional iqlim dəyişikliyi mütəxəssisi Vladimir Qrebnev COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" adlı forumda deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi bütün dünyanın üzləşdiyi qlobal reallıqdır və Xəzər regionu də istisna deyil:
"Qlobal istiləşmə, su səviyyəsinin dəyişməsi, ekosistemlərin deqradasiyası, təbii fəlakətlərin tez-tez baş verməsi və gücünün artması Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa təsir göstərir. Bu çağırışlar bizdən kollektiv, razılaşdırılmış fəaliyyət tələb edir. Yalnız kollektiv səylər və təcrübə mübadiləsi iqlim dəyişikliyinin nəticələrinin adaptasiyası və yumşaldılması üçün effektiv strategiyalar hazırlamağa imkan verəcək".
Mütəxəssis bildirib ki, Xəzər dənizinin biomüxtəlifliyinin və ekosistemlərinin qorunması önəmlidir:
"Xəzər regionu təkcə ekosistem deyil, həm də mühüm iqtisadi və enerji mərkəzidir".