AZ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təcrübəsi afrikalı QHT-lərlə paylaşılıb - FOTO

COP29 çərçivəsində noyabrın 19-da Azərbaycan Milli QHT Forumu və Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) tərəfindən İnklüziv İqlim Fəaliyyəti – “Afrika və Azərbaycan birgə iqlim fəaliyyətləri üçün maliyyələşmə mexanizmləri” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə iqlim dəyişmələri ilə bağlı fəaliyyətlərin həyata keçirilməsində maliyyə mexanizmlərinin rolu mövzusunda müzakirələr aparılıb.

Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimai birliklərə ayırdığı maliyyə təcrübəsi afrikalı QHT-lərlə bölüşülüb.

Afrika QHT-ləri də təkcə inkişaf etmiş ölkələr tərəfindən deyil, eyni zamanda, Pan-Afrika ölkələri səviyyəsində dövlətlərin yerli icmaların iqlim fəaliyyətlərinin həyata keçirilməsi üçün maliyyə ayırmasının əhəmiyyətinə toxunublar.

PACJA təşkilatının nümayəndəsi Mwangi Waituru, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və digərləri tədbirdə yerli səviyyədə idarə olunan iqlim fəaliyyətinin ekoloji problemlərin həllinə vacib yanaşma olduğunu bildiriblər.

Qeyd olunub ki, iqlim dəyişikliyindən birbaşa təsirlənən icmaların bilik, bacarıq və resurslarından istifadə etməklə həm Keniya, həm də Azərbaycan iqlim təsirləri ilə mübarizəni və davamlı inkişafı təşviq etmək üçün təşəbbüslərini gücləndirə bilərlər.

Tədbirdə, həmçinin Afrika və Azərbaycan tərəfdaşlığının əhəmiyyəti də vurğulanıb.

Seçilən
10
1
sia.az

2Mənbələr