AZ

Hansı hallarda maddi və mənəvi təzminatın ödənilməsi baş tuta bilər?

Beynəlxalq hüquqda dəymiş ziyanı ödəməyi nəzərdə tutan əvəzetmə, təzminat hesab edilir.

Təzminat hüquqazidd əməl nəticəsində dəymiş maddi və ya mənəvi ziyana görə ödənilən məbləğdir. Kompensasiya məsul şəxs tərəfindən zərərçəkmiş şəxsə ödənilən və ya dəymiş ziyanın ödənilməsi üçün məhkəmə tərəfindən ödənilməsinə qərar verilən pul dəyəri və ya icraatdır.

Məhkəmələr tərəfindən hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi üçün mənəvi kompensasiya və qanunsuz hərəkətlər nəticəsində əmlakın itirilməsinin ödənilməsi üçün maddi kompensasiya verilməsinə qərar verilir. Kompensasiya şəxsin öz təqsiri üzündən dəyən ziyanı ödəmək öhdəliyidir.

Qeyd edək ki, bu gün bir çox vətəndaşlar törətdiyi əməl üzündən təzminat ödəmək məcburiyyətində qalır. Ancaq onların heç də hamısı bu qərarla razılaşmır və özünü günahkar hesab etmir. 

Azərbaycanda qanunla hansı hallarda təzminat almaq mümkündür?

Hüquqşünas Ruslan Mustafayev "Cebheinfo.az"a bildirib ki, vətəndaşa təzminat ödənilməsində şərtlər ilk növbədə şəxsə hər hansı bir formada ziyan dəyməsindən ibarətdir:

"Təzminat dedikdə kompensasiya nəzərdə tutulur. Yəni bu şəxsə ya maddi-mənəvi ziyan dəyməlidir, idarənin, yaxud fiziki və ya hüquqi şəxsin hərəkətləri nəticəsində və bu ziyan təsdiq olunmalıdır. Əgər bu ziyan təsdiq olunarsa, həmin şəxsə dəyən maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia qaldıra, tələb irəli sürə bilər. Bu, məhkəmə qaydasında araşdırılır.

Ola bilər ki, ona ziyan dəyməsi məsələsi ilə birlikdə araşdırılsın. Məsələn, oğurluq hadisəsi, yaxud hər hansı qanunsuz hərəkət nəticəsində əgər fakt öz təsdiqini tapırsa, orada məbləğ məsələsi mübahisələndirilir. Yəni həmin şəxsə ziyan dəydiyi təsdiqini tapandan sonra məhkəmə məbləğ məsələsini həll edir. Məhkəmə nə qədər ziyan dəydiyinə qəti qərar verir".

Onun sözlərinə görə, təzminatın alınması qaydası yalnız məhkəmə qaydasındadır:

"Ancaq bu, qarşılıqlı razılıq əsasında da baş verə bilər. Yəni tərəflər barışa bilərlər, barışıq sazişində o halları göstərə bilərlər ki, ziyanın əvəzi filan qədər ödənilib. Məsələn, hansısa cinayət hadisəsi baş verib və kimsə kiminsə evindən oğurluq hadisəsi törədib.

İstintaqın gedişatında oğurluq törətmiş şəxs ziyan vurduğu şəxslə barışır. Yəni ona dəymiş ziyanı ödəyir. Ziyan çəkmiş şəxs də ona qarşı şikayətini geri götürür. Bu qarşılıqlı razılıq əsasında həyata keçirilir.

Qarşılıqlı razılıq olmadığı təqdirdə şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq ona müəyyən məbləğdə pulun ödənilməsi ilə bağlı mülki iddia da qaldıra bilər". 

Hüquqşünas deyir ki, təzminatla bağlı formatlar müxtəlifdir, genişdir və bu baxımdan ona konkretləşdirmək mümkün deyil:

"Lokonik olaraq demək mümkündür ki, şəxsə hər hansı formada ziyan dəyməlidir. O ziyan öz təsdiqini tapmalıdır, yaxud hər hansı formada hüquqları pozulub. 

Məhkəmə araşdırır və o hallar təsdiqini tapırsa, qaldırılmış iddiaya uyğun olaraq, məsələn, ola bilər şəxs iddia qaldırıb ki, ona 100 min ziyan dəyib, ancaq məhkəmə prosesinin gedişində məlum olub ki, bu ziyan 20 min məbləğindədir.

Məhkəmə o sübutlara uyğun olaraq qərar qəbul edir. Təsdiqini tapdıqdan sonra təzminat ödənilir". 

Seçilən
28
cebheinfo.az

1Mənbələr