İtkin düşmüş şəxslərlə bağlı məsələyə BMT-də dəstək verilməsi müsbət addımdır — Deputat
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 3-cü Komitəsi Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnaməni yekdilliklə qəbul edib. Qətnamə layihəsinin mətni üzv dövlətlərlə bir ay ərzində aparılan intensiv danışıqlardan sonra razılaşdırılıb. 56 ölkə qətnaməyə həmmüəllif qismində qoşulub. Bu məsələ, itkin düşmüş şəxslər mövzusu gündəmə gətirir. Ermənistan insan hüquqlarını, humanitar hüququn prinsiplərini pozaraq azərbaycanlıları xüsusi işgəncələrlə qətlə yetirib, bəzi soydaşlarımızın taleyi indiyə qədər naməlumdur.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu, çox ciddi narahatedici mövzulardan biridir:
“İtkin düşmüş şəxslərlə bağlı dövlət komissiyası da kifayət qədər aktiv şəkildə bu prosesləri təqib edir. Və çalışılır ki, hər bir şəxs haqqında ətraflı məlumatlar əldə edilsin. 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımız azad edildikdən sonra kütləvi məzarlıqlarda insan qalıqlarının aşkarlanması, tapılan nəşlərin DTK testinə cəlb edilməsi bundan xəbər verir ki, bu, bilinən yerlərdə öldürülən, harda gəldi, necə gəldi dəfn edilənlərdir. İtkin düşmüş və ya öldürülümüş hələ çox sayda insanın taleyi naməlumdur, bir çox insanın faciəli taleyindən söhbət gedir. Ermənistan isə bu məlumatları hələ də israrla gizlədir, Azərbaycana vermir. Buna baxmayaraq dövlət komissiyası prosesi təqib etməkdədir. Belə bir məsələnin BMT-də dəstək alması əlbəttə, müsbət addımdır. Ermənistanın insan hüquqları ilə bağlı məlum prinsipləri pozması insanların taleyinə hörmətsizlikdir. Ermənistan insanlıq əleyhinə cinayətlərinin, bu vəhşiliyin cavabını verməlidir. Əks halda insanların kütləvi məhvi pis ənənəyə çevrilə bilər. Bunu beynəlxalq təşkilatlar da diqqətə alaraq Azərbaycanı dəstəkləməlidir”.
Törə Zeynallı
Demokrat.az