Türkiyədə quş qripi aşkar olunub. Qardaş ölkədə quşçuluq məhsullarının qiymətlərində artım müşahidə olunur. Məsələn, bu gün Türkiyədə süfrəlik broyler yumurtası Azərbaycan manatı ilə ifadədə 40 qəpiyə satılır.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli Marja.az-a açıqlamasında bildirib ki, ölkəmizdə eyni problemlərin yaşanmaması üçün alternativ imkanlar olmalıdır.
Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən intensiv tədbirlər görülür, quş qripinin ölkəmizə keçməməsi üçün gömrük postlarındakı laboratoriyalardan ciddi şəkildə istifadə olunur:
“Bunlar ilə bərabər, dəfələrlə, alternativ fabriklərin yaradılması üçün torpaq sahələrinin ayrılmasını təklif etmişik. Bu gün Azərbaycanın şimal bölgəsində quş qripi aşkar edilsə və o bölgə bağlı elan edilsə, ölkəmizin quş əti təminatının 70 faizində, süfrə yumurtası təminatınnın 65 faizində problem yaranacaq. İri quş əti və süftəlik yumurta istehsalçılarının əksəriyyəti ölkəmizin şimal bölgəsində yerləşirlər. Alternativ quşçuluq müəssisələri olmasa, böyük problem yarana bilər. Kənd təsərrüfatı təyinatlı torpaqların, kənd təsərrüfatına yararlı olmayan torpaq sahələrinin təyinatının dəyişdirilməsi zamanı rayon İcra hakiymiyyətindən, Kənd Təsərrüfatı Nazirliyindən, Azərişıq, Azəriqaz, Azərsu dövlət şirkətlərindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Əməlk Məsələləri üzrə Dövlət Komitəsindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəylər alınmalıdır. Bunun ardınca Nazirlər Kabinetinə müraciət olunmalı, Kabinet müvafiq yuxarı qurumu müraciət etməli və rəy almalıdır. Bu proses adətən 4 ilədək müddət tələb edir. Əgər bu proses üzrə də “bir pəncərə” prinsipi ilə xidmət olarsa, 2-3 ay ərzində qamışıqlıq, təpə, daşlıq, qayalıq və əkinə yararlı olmayan digər torpaq sahələrində fabrik tikilməsi üçün qısa müddətdə sənədləşdirmə aparıla bilər. Fabrik tikməklə biz onun yerləşdiyi zonanın iqtisadi fəallığını artıra, iş yerləri yarada bilərik. Həm də alternativ müəssisələr olar və quş qripi aşkar edilərsə quşçuluq məhsulları təminatında problem yaranmaz”.
“Yetərincə fabriklərimiz olmadığı üçün xaricdən sifarişləri qarşılaya bilmirik”
Mürvət Həsənli qeyd edib ki, yeni fabriklər ölkəmizə valyuta kütləsinin daxil olmasına da kömək edə bilərələr:
“Bu gün bizdən İran, İraq, Yaxın Şərq ölkələri damazlıq yumurta istəyirlər. Bu sifarişlərin cəmi illik həcmi 200 milyon ədədə çata bilir. Ölkəmizə isə ildə 150 milyon ədəd damazlıq yumurta lazımdır. 200 milyon ədəddlik ixrac ölkəmizə 100 milyon dollar valyutanın daxil olması demək olar. Fabriklərin tikilməsi üçün torpaq sahələri olmadığı üçün ixrac tələblərini yerinə yetirə bilmirik. İldə xaricə 2 milyard ədəd süfrəlik yumurta sata bilərik. Bu gün Türkiyə bizdən süfrəlik yumurta istəyir. İldə Dünyanın hansısa bölgəsində quş qripi xəstələyi aşkar olunur və yumurtaya tələb artır. Yeni fabriklər tikilsə həm ixracımızı artırarıq, həm də öz ərzaq təhlükəsizliyimizi gücləndirərik. Həm də digər ölkələrin bizdən bir iqtisadi asılılığı yaranar ki, bu da müsbət bir haldır. Bu gün Çin bizdən quş əti istəyir, lakin kifayət qədər istehsal olmadığı üçün biz göndərə bilmirik”.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri vurulayıb ki, quşçuluq təsərrüfatlarının yaradılması üçün torpaq sahələrinin təyinatının dəyişdirilməsi prosesi asanlaşdırılsa, yeni fabriklər tikilər və yaxın 5 ildə quşçuluq məhsullarının ixracından ölkəmizdə 500 milyon dollar valyuta daxil ola bilər:
“İrəmə (yer səthindən azacıq hündür olan yer; təpə - red), qayalıq, daşlıq, qamışlıq olan ərazilərdə torpaq sahələri üçün belə icazə istəyirik. Başqa bir şey istəmirik. Biz bu ölkə üçün, ərzaq təhlükəsizliyimiz üçün istəyirik”.
Mürvət Həsənlinin sözlərinə görə, torpaq sahələri ayrılsa, mövcud quşçuluq şirkətləri real investorlardır:
“Birinci növbədə fabrikləri mövcud quşçuluq müəssisələrinin özləri tikəcəklər, 100 milyonlarla manat sərmayə yatıracaqlar, ölkənin ərzaq təhlükəsizliyində böyük rolu olacaq. Əmin edirəm ki, ölkədə quş əti istehsalı 2 dəfə arta bilər. Yenə deyirəm, Allah göstərməsin, Şimal bölgəsində quş qripi çıxsa, biz “batdıq”. Çünki şimal bölgəsi ölkəmizin 75 faiz quş əti təminatında, 65 faiz də süfrəlik yumurta təminatında rol oynayır”.
“Hazırda broyler yumurtası 16-17 qəpikdir, yaxın gələcəkdə 19-20 qəpiyədək artacağını gözləyirəm. Çünki Türkiyənin bizdən ciddə yumurta tələbi var, əgər Türkiyəyə yumurta icracı artsa qiymətlər qalxa bilər”, - Mürvət Həsənli açıqlamasını yekunlaşdırıb.