AZ

ABŞ-nin yeni planı – İndi də Çinlə müharibədən danışılır

Məlum olduğu kimi, bu gün Rusiya – Ukrayna müharibəsinin başlamasından 1000 gün ötür. 24 fevral 2022-ci il tarixində başlanan döyüşlər dünyanın geosiyasi mənzərəsinə geniş təsir göstərib. Artıq vəziyyət o həddə çatıb ki, bəşəriyyət üçüncü dünya müharibəsi ilə üz-üzədir.

Siyasi şərhçi Yalçın Hacızadə KONKRET.az-a açıqlamasında Rusiya – Ukrayna müharibəsinin dünyaya təsirindən danışdı:

“Rusiya – Ukrayna müharibəsi 2022-ci ildə başlasa da, əslində keçən əsrdən planlaşdırılmışdı. SSRİ dağıldıqdan sonra Rusiyaya qarşı NATO-nun B planı olduğu məlum idi. Keçən əsrin 90-cı illərinin siyasi ədəbiyyatlarında gələcəkdə Rusiya – Ukrayna müharibəsi olacağı qeyd edilirdi. Hətta, bəzi analtiklər keçmiş SSRİ-dən Ukrayna ərazisində qalmış nüvə silahlarının Rusiyaya qaytarılması haqqında Budapeşt razılaşmasını da bu müharibənin tərkib hissəsi hesab edirlər. Əgər həmin nüvə başlıqları qaytarılmasaydı, Rusiya Ukraynaya hücum etməz, eyni zamanda nüvə silahı ilə təhdid edə bilməzdi”.

Ekspert vurğulayıb ki, iki ölkə arasında müharibənin başlamasını ən çox istəyən ölkə ABŞ olub:

“Ukraynanın işğal olunmasını ABŞ Rusiyadan daha çox istəyirdi və rəsmi Moskvanı bu addıma təhrik edirdi. Müharibə Ukrayna ərazisində aparılsa da, faktiki olaraq Amerika ilə Rusiya arasında gedir. Qarşıdurmanın başlamasında həm Rusiyanın, həm də ABŞ-nin maraqları var idi. Birləşmiş Ştatlar bu müharibə ilə NATO-nun genişlənməsinə, Rusiya ilə daha çox sərhədə sahib olmasına, Avropanın yenidən Amerikanın çətiri altına girməsinə nail oldu. Beləliklə, məlum oldu ki, Avropa, Amerika olmasa, Rusiyanın qarşısında aciz duruma düşər. Eyni zamanda, gələcəkdə Çinə qarşı olacaq qarşıdurmada da Qərb ABŞ-nin yanında olacaq”.

Hacızadə bildirib ki, rəsmi Moskvanın Ukraynaya hücumu digər ölkələrə də bir növ xəbərdarlıqdır:

“Rusiya Ukraynaya hücum etməklə NATO-nun onun sərhədlərinə doğru gəlməsini aqressiya ilə qarşılayacağını, bunun üçün müharibədən qorxmadığını göstərdi. Həmçinin NATO-ya üzv olmağı planlaşdıran keçmiş ittifaq ölkələrinə də xəbərdarlıq etmiş oldu. Müharibə 1000 gündür davam edir. Qərbin planı müharibənin dava çox davam etməsi ilə Rusiyanın gücdən salmaqdır. Moskvaya qarşı on dörd min adda sanksiya tədbiq olunub. Eyni ssenari vaxtilə SSRİ-yə qarşı da tətbiq olunmaqla Əfqanıstanla müharibəyə cəlb edilmişdi. İndi də Rusiyaya qarşı aparılır. Amerika bilir ki, SSRİ kimi Rusiyanı da hərbi güclə məğlub etmək olmaz. Ona görə əlavə iqtisadi xərclərə cəlb etməklə, iqtisadi-maliyyə sanksiyalarına məruz qoymaqla və ən böyük gəlir mənbəyi olan qaz bazarını əlindən almaqla zəiflədib, özünə tabe etməyə çalışır”.

Müsahibim vurğulayıb ki, Amerikanın Rusiyanı zəiflətməkdə məqsədlərindən biri də onu Çinlə mübarizədə öz yanına çəkməkdir:

“SSRİ-nin süqutu üçün Çinə investisiya və maddi yardımlar edərək yanına çəkən ABŞ, indi də Çinin qarşısını almaq üçün Rusiyanı öz yanında görməyi arzu edir. Amma gözlənilənlərin əksinə olaraq müharibə davam etdikcə Rusiya özünü bərpa edə bilir, Qərb cəhbəsində isə getdikcə müharibə əleyhinə olanlar artır. Trampın Amerika Prezidenti seçilməsi ilə Rusiya Ukrayna müharibəsinə baxışıların dəyişəcəyi gözlənilir. Tramp Çini Amerikanın əsas düşməni elan edib. Ona görə Rusiya ilə müharibəni bitirmək niyyətindədir”.

Məlik Məlikov,
KONKRET.az

Seçilən
10
konkret.az

1Mənbələr