AZ

Xarici qonaqların COP29 tədbiri barədə TƏƏSSÜRATLARI - SORĞU

Bakıda uğurla davam edən COP29 dünyanın diqqət mərkəzindədir. Artıq bir həftədən çoxdur ki, paytaxt Bakıda möhtəşəm COP-29 konfransı keçirilir. Bununla bağlı ölkəmizə xeyli sayda rəsmilər, turistlər gəliblər. Bəs xarici qonaqların Bakıda bəyəndikləri nələrdir? Onların ölkəmiz, paytaxtımız, COP29 tədbiri ilə bağlı hansı təəssüratları var? SİA olaraq xarici turistlərin fikirlərini öyrəndik.

İndoneziyalı turist Sugiharto Budiman Paiman: "Azərbaycan hökuməti bu tədbiri çox yaxşı hazırlayıb. Hər şey çox rahatdır, ölkəniz çox səviyyəlidir. Çox gözəl ölkədir, insanlar dostcanlıdırlar, hər yer təmizdir. Buna görə də digər ölkələrin turistləri üçün bu tədbirdə iştirak etmək çox rahatdır, rahatlıqla işimizi görürük. Hava yaxşıdır. Mənim ən çox bəyəndiyim, şəhərin təmiz olmasıdır. Azərbaycan mənim üçün sevdiyim ölkə oldu".

İndoneziyalı jurnalist Andika Wahyu Widyantoro: "Məncə Azərbaycan ən yaxşı ölkələrdən biridir. Düşünürəm ki, bu gözəl şəhərin havası da gözəldir. Bizim yaşadığımız tropik ölkələrdə fərqli hava var. Biz COP29 haqqında bunu deyə bilərik ki, məncə, bu tədbir ən yaxşısıdır. Azərbaycanın havası möhtəşəmdir, bizdə isə çox rütubətlidir. Havanın, ətraf mühitin təmiz olması çox vacibdir. Dünyamız üçün bunun əhəmiyyəti çoxdur".

UNFCCC katibliyi nümayəndəsi Elaine Limjoco: "Azərbaycan çox gözəldir. İndi biz tədbirin keçirildiyi məkana doğru gedirik. Deməli, Azərbaycana gələndən biz keçən bazar günü köhnə şəhərin bəzi yerlərini gördük. Çox gözəl idi. Həm də insanlar da çox səmimidir, mehribandır. Burada olmaqdan çox xoşbəxtəm. İnsanlar isə çox qonaqpərvərdirlər. Mənim Azərbaycanda ən sevdiyim, yadımda qalan Bakı şəhəri oldu".

Çinli turist Yanhui Wang: Azərbaycan fantastik ölkədir. Mən fikirləşirəm ki, COP tədbiri böyük ölçüdə, genişmiqyaslı təşkil olunub. Biz burada daha çox mehriban insanlar, təhlükəsizliyin də şahidi oluruq. COP29 tədbirinin möhtəşəm olduğunu və iqlim dəyişikliyinə fayda verəcəyini düşünürəm".

Çinli Enerji İnstitutunun üzvü Simin Chen: "Azərbaycan çox gözəl ölkədir. İnsanlar çox qonaqpərvərdirlər. Bakı şəhəri çox gözəldir. Havası təmizdir, gəzməli yerləri çoxdur. Rahatlıqla yaşamalı ölkədir. Mənim ən çox bəyəndiyim isə ölkənizin yeməkləri oldu".

Hindistanlı turist Nagaraju Bellapu: "Xoşbəxtlikdən birinci gün axşam yeməyi üçün avtomobildən enəndə dadlı yemək verdilər. Azərbaycan yeməklərini sevdim. Bu da birinci gündən gözlənilmirdi. Burada hər şeyi ilk dəfədir ki, araşdırıram, bəlkə növbəti günlərdə yenə də görüşərik. Azərbaycanda, Bakıda hər şeyi bəyəndim. Konkret olaraq bir şeyi bəyəndiyimi deyə bilmərəm".

Kenyalı turist Rosinah Mbenya Kithandi: "Mən Kenyadanam. Həqiqətən də, Azərbaycan çox gözəl bir ölkədir. Qonaqlar yaxşı qarşılanır. Bizə köməklik göstərən bir çox könüllüləri bəyənirəm. Ümid edirəm ki, kənd təsərrüfatı danışıqları və kiçik fermerlərin əksəriyyətinin səsi eşidiləcək. Nəticələr əldə ediləcəyini düşünürəm. Ən azından ümid var. Növbəti günləri səbirsizliklə gözləyirik. Təşəkkür edirəm".

Kenyalı turist Abigael Njoki Gitonga: "Mən uşağam, amma iqlim və ətraf mühit üzrə səfir olmaq istəyirəm. Böyüyəndə səsi bu dünyada eşidilməyən uşaqlar üçün danışmaq istəyirəm. Azərbaycan isə çox təmiz və gözəl ölkədir, bura iqlim üçün yaxşı bir nümunədir. Bu ərazidə və ətrafında çoxlu ağaclar var və bunun üçün təşəkkür edirəm. Mənim Azərbaycanda ən sevdiyim o oldu ki, insanlar mehribandır və Bakı şəhəri təmizdir".

Müəllif: Söylü Ağazadə
Seçilən
43
sia.az

1Mənbələr