AZ

COP29: Hazırlıq prosesində ölkəmiz qərəzli ittihamlar, ikili standartlarla üzləşdi

 

Noyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a bildirilib ki, parlamentin spikeri qonaqları səmimi salamlayaraq, Nizami Gəncəvi Mərkəzinin zəngin təcrübə və biliklərə malik görkəmli şəxsləri bir araya gətirən uğurlu işini və Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə verdiyi yüksək qiyməti vurğulayıb. Spiker Sahibə Qafarova, Mərkəzin qlobal məsələlərin müzakirəsi və problemlərin həlli üçün mühüm platforma olduğunu, indiyədək keçirilmiş Qlobal Bakı Forumlarının əhəmiyyətini və iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini xüsusi qeyd edib.

Söhbətdə, Azərbaycanın ötən ilin dekabrında yekdilliklə COP29-un ev sahibi kimi seçildiyini vurğulayan spiker, bunun ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki səylərinin tanınması və dünya ictimaiyyətinin Azərbaycanın icmaları və ölkələri birləşdirən körpü qurma qabiliyyətinə olan etimadının göstəricisi olduğunu qeyd edib. Cəmi 11 ay hazırlıq müddəti olmasına baxmayaraq, COP29 Azərbaycan sədrliyinin bütün maraqlı tərəfləri cəlb etmək və onların ehtiyaclarını dəyərləndirmək istiqamətində böyük işlər gördüyü bildirilib. Bununla yanaşı, diqqətə çatdırılıb ki, hazırlıq prosesində ölkəmiz qərəzli ittihamlar, ikili standartlar və dezinformasiya kampaniyaları ilə üzləşib, lakin bütün bu maneələrə baxmayaraq, COP29 uğurla öz işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə işini davam etdirir.

Sahibə Qafarova, COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü barədə qonaqları məlumatlandırıb. Bildirilib ki, Parlament Görüşündə 90-dan çox nümayəndə heyəti bir araya gələrək, iki gün ərzində iqlim maliyyəsi, təsirlərin azaldılması, adaptasiya, şəffaflıq və milli töhfələr kimi vacib məsələləri müzakirə edib. Nəticədə, iqlim fəaliyyətlərinə parlament töhfəsi olaraq, parlamentlərimizin ümumi mövqeyini əks etdirən yekun sənəd qəbul edilib.

Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən bəhs edərək, ölkəmizin Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb.

Spiker, eyni zamanda, Fransanın müharibədən sonra Ermənistanı silahlandıraraq bölgədə vəziyyəti gərginləşdirməyə cəhdlər etdiyini bildirib və ikili standartlara diqqəti çəkib.

Qonaqlara həmçinin, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və yaşıl enerjiyə keçid çərçivəsində “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin icrası barədə məlumat verilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa, İsmail Serageldin, üzvləri Rosen Plevneliev, Jean Baderşnayder və Denis Fransis çıxış edərək, ölkəmizi COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə təbrik ediblər. Ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyətindən danışan çıxışçılar, Azərbaycanın dünyada artan nüfuzunu məmnunluqla qeyd ediblər, ölkəmizin ekoloji sahədəki fəallığını və dünya miqyasında yaşıl inkişafın təşviqinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub. Həmçinin, Azərbaycanın kiçik ada dövlətlərinə verdiyi dəstəkdən söz açılıb. Bildirilib ki, Azərbaycan kiçik ada dövlətlərinə təbii fəlakətlərin təsirini azaltmaq üçün yardımlar göstərir və bu dövlətlərin ekoloji problemlərinin həlli, həmçinin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizədə fəal iştirak edir.

Seçilən
28
2
bakivaxti.az

3Mənbələr