COP29-un Yaşıl Zonasında dayanıqlı turizmin gücləndirilməsi mövzusunda sessiya keçirilib.
COP29 Əməliyyat Şirkətindən APA-ya verilən xəbərə görə, COP29 konfransının doqquzuncu günündə rəsmi danışıqların aparıldığı Mavi Zona ilə yanaşı, COP29 Sədrliyi tərəfindən idarə edilən və geniş ictimaiyyətə xitab edən Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir.
19 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Dayanıqlı inkişaf üzrə tərəfdaşı “Azersun Holding”in dayanıqlı turizm mövzusunda birgə panel müzakirəsi baş tutub.
“Slou Fud” (Slow Food), zəif effekt: Yerli aqro-məhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi” adlı tədbirdə bir araya gələn ekspertlər, dayanıqlılıq tədqiqatçıları, iş dünyasının liderləri və turizm peşəkarları "slou fud" hərəkatı və dayanıqlı kənd təsərrüfatı prinsiplərinin aşağı təsirli turizmin inkişafında necə rol oynayacağını müzakirə ediblər.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində Dayanıqlılıq və Davamlı İnkişaf Mərkəzinin (CRSD) Təsisçisi və Araşdırma Mərkəzinin direktoru, Kembric Universitetinin Mühəndislik və Torpaq İqtisadiyyatı Departamentinin dosenti Dr. Nazia Mintz Habib, uqandalı aqronom və “Slow Food” hərəkatının prezidenti Eduard Mukiibi, “Azersun Holding”in baş direktoru və idarə heyətinin üzvü Mehmet Savaş Uzun, COP29-un dayanıqlı inkişaf üzrə baş məsləhətçisi Marina Olşanskaya, dayanıqlı kənd təsərrüfatı layihələrinin təşəbbüskarı Fərid Axundov iştirak edib.
Panel iştirakçıları yerli kənd təsərrüfatı məhsullarının və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin qida sənayesinin karbon emissiyalarını azaltmaq və ekoloji cəhətdən uyğun turizm təcrübələrini təşviq etməkdə oynayacağı rolu müzakirə ediblər. Müzakirə zamanı vurğulanıb ki, yerli kənd təsərrüfatı məhsullarına üstünlük verərək və dayanıqlı kənd təsərrüfatı təcrübələrini dəstəkləyərək, turizmin yaratdığı karbon emissiyalarını azaltmaq, səyahət təcrübəsini zənginləşdirmək və daha yaşıl, eyni zamanda dayanıqlı bir gələcəyə töhfə vermək mümkündür.
Qeyd edək ki, adıçəkilən panel müzakirəsi ilə yanaşı COP29 Yaşıl Zonada gün ərzində digər tədbirlər də baş tutub. Bu tədbirlər çərçivəsində iqlim fəaliyyətində özəl sektorun iştirakı, Xəzər hövzəsinin təbii irsinin qorunub saxlanmasına üstünlük verərək Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatında qabaqcıl təşəbbüsləri və keyfiyyətli qidaya çıxışla bağlı aktual problemlər, iqlim dəyişmələri və kənd təsərrüfatı üzrə ixtisaslaşmış beynəlxalq təşkilat və qurumlarla strateji əməkdaşlığı kimi mövzuların müzakirəsində yerli və xarici ekspert qonaqlar iştirak edib.