AZ

Qoca dünyanın qocalan əhalisi: Demoqrafik təhlükə qapıda, uşaq doğumu niyə azalır? - ARAŞDRIMA

20 noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür

Son onilliklərdə dünyanın əksər regionlarında doğum səviyyəsi aşağı düşür. Eyni zamanda yeni ailələrin sayı azalır, boşanmalar sürətlə artır. Nəticədə getdikcə gənclərin çəkisi azalır və əhali qocalır. Əvvəllər bu, ilk növbədə zəngin ölkələrin problemidi idi, lakin son vaxtlar gəlirləri aşağı olan ölkələrdə bu tendensiya sürətlənir. Maraqlıdır ki, boşanmaların minimum, uşaq doğumunun yüksək olduğu ölkələr sosial-iqtsadi cəhətdən aşağı, dini-mənəvi cəhətdən yüksək cəmiyyətlərə malikdir. Məsələn, Hindistanda boşanmalar dünya üzrə ən minimum həddədir-1 %. Uşaq doğumu da dünya ortalamasından 2 dəfə yüksəkdir. Məhz buna görə keçən il Hindistan Çini də ötərək 1,5 milyard əhali sayı ilə dünyada 1-ci oldu. İnduizmin hakim olduğu ölkələrdə də təxminən eyni vəziyyətdir, baxmayaraq ki onların çoxunda sosial-iqtisadi vəziyyət qənaətbəxş deyil.

Eyni zamanda əksər müsəlman ölkələrində də boşanma faizi çox aşağı, doğum səviyyəsi yuxarıdır. Boşanmaların yüksək olduğu, doğumun isə çox aşağı olduğu müsəlman ölkələri Türkiyə və Azərbaycandır, hər ikisində boşanma səviyyəsi 50 faizi keçib, uşaq doğumu 30 il əvvələ nisbətən 2 dəfə azalıb. Bu da təkcə sosial iqtisadi problemlərlə yox, daha çox aparılan təbliğatlar nəticəsində mənəvi dəyərlərdən və milli mədəniyyətdən uzaqlaşma, Qərb dəyərlərinin qəbul edilməsi ilə bağlıdır. Çünki, sosial-iqtisadi vəziyyətin daha aşağı olduğu digər müsəlman ölkələrində bu sahədə vəziyyət çox yaxşıdır. Bütün bu faktlar onu göstərir ki, boanmaların artmasında və uşaq doğumunun azalmasında əsas faktor heç də sosial-iqtisadi problemlər deyil, əsas problem mənəvi-psixoloji deqradasiyadır. Lakin bu yeganə səbəb deyil, əlbəttə ki, sosial-iqtisadi faktorların da müəyyən payı var.

Ona görə də, bəzi ölkələr sosial rifahın artırılması ilə problemin həllinə- ailələrin qorunmasını və doğumun artırılmasını stlmullaşdırmağa çalışır. Buna pronatalist siyasət deyilir. Lakin bu siyasətin ciddi nəticə verdiyini söyləmək olmaz, qlobal statistikalar göstərir ki, təkcə bu tədbirlərlə məsələ həll olunmur. Qısa tarixi arayışla vəziyyətə baxaq.

Bir çox zəngin ölkələrdə, hələ 1970-ci illərin əvvəllərində, əhali artımında məhsuldarlıq əmsalı əvəzetmə səviyyəsinə (bu, hər qadına orta hesabla 2,1 doğum hesab edilir) və ya hətta ondan da aşağı düşmüşdü. İndi əksər inkişaf etməkdə olan ölkələrdə vəziyyət bu göstəricidən xeyli geri qalır. Ən pis vəziyyət Tayvan (Çin) və Cənubi Koreyadadır- hər qadına təxminən 1,1 uşaq.

BMT-nin bu il dərc etdiyi məlumatlara görə, bütövlükdə qlobal doğum nisbəti orta hesabla bir qadına 2,25 uşaq göstərilib. Lakin bu orta göstərici yoxsul ölkələrin yüksək göstəriciləri sayəsindədir, inkişaf etmiş ölkələrdə bu rəqəm xeyli aşağıdır.

Yaxın vaxtlara qədər dünyanın ən sıx məskunlaşmış ölkəsi olan Çin doğum səviyyəsinin azalmasını deyil, artmasını problem hesab edirdi. 1970-ci illərin sonlarından tətbiq edilən “1 ailə 1 uşaq” siyasəti yalnız 2015-ci ildə ləğv edildi. Lakin artıq 2022-ci ildə ölkə əhalisinin sayında son 60 ildə ilk dəfə azalma baş verdi və 2023-cü ildə Çin əhalinin sayına görə liderliyini Hindistana uduzdu. Lakin Hindistanın da bu sahədə problemləri var. Orada doğum səviyyəsi 2020-ci illərin əvvəllərindən başlayaraq aşağı düşür.

Ən çox artımın müşahidə olunduğu regionlarda da bu tendensiya davam edir. Həm Şimali Afrikada, həm də Yaxın Şərqdə göstəricilər aşağı düşür.

Hazırda dünya regionları arasında ən yaxşı artım səviyyəsi Mərkəzi Afrika olaraq qalır, lakin qlobal tendensiya oraya da öz təsirini göstərib. Bu regionda orta doğum səviyyəsi 1990-cı ildə bir qadına düşən 6,3 uşaqdan 2019-cu ildə 4,3-ə qədər azalıb. BMT-nin məlumatına görə, regionda müasir kontrasepsiya üsullarından istifadə edən anaların nisbəti 34,1%-ə çatıb.

Pensilvaniya Universitetinin (ABŞ) demoqrafı və iqtisadçısı Jesus Fernandez-Villaverde deyir: “Qarşıdan demoqrafik qış gəlir. BMT əsrin sonuna qədər dünya əhalisinin artımızın zəifləyəcəyini və azalmağa başlayacağını proqnozlaşdırır”.

Bir çox ölkələrin hakimiyyət orqanları bu vəziyyətdən narahatdır. Axı doğum səviyyəsinin aşağı düşməsi işçi qüvvəsinin azalmasına, iqtisadi artımın ləngiməsinə gətirib çıxarır və əhalinin qocalması ilə birlikdə pensiya sisteminin yükünün artmasına səbəb olur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, bəzi Qərbi Avropa və Şərqi Asiya ölkələrində 2050-ci ilə qədər 65 yaşdan yuxarı insanlar əhalinin təxminən 40%-ni təşkil edəcək. Bu isə həmin ölkələrinin gəlirlərini azaldacaq, xərclərini çoxaldacaq.

Təəccüblü deyil ki, bu təhlükəni görən bir çox ölkələr pronatalizm bayrağını qaldırıb doğum səviyyəsini stimullaşdırmağa yönəlmiş tədbirləri götürdülər. Məsələn, İtaliyanın baş naziri Corciya Meloni demoqrafik artımı ölkə hakimiyyətinin prioriteti adlandırıb.

Fransa, qəbul edilmiş minimum normadan aşağı olsa da, Avropada ən yüksək (bir qadına 1,8 uşaq) doğum səviyyəsinə malikdir. Dövlət ödənişləri isə 2-ci uşaqdan başlayır, 3 və daha çox uşaq olanda isə artır, onlara müxtəlif müavinətlər əlavə olunur. Avropanın əksər ölkələrində də təxminən bu səviyyədə sosial dəstək siyasəti yürüdülür.

Doğumun kəskin azalması fonunda həmişə əhalisini miqrantlarla cavanlaşdırmağa çalışan Avropa ölkələri artıq bu siyasətin optimal çıxış yolu olmadığını başa düşərək, öz vətəndaşları arasında uşaq doğumunun artırılmasını stimullaşdırmaq üçün sosial siyasəti gücləndirirlər. Bir çox başqa ölkələr də eləcə.

Ötən il Yaponiyanın baş naziri Fumio Kişida bildirmişdi ki, ölkədə doğum nisbətinin kəskin azalması “bu vəziyyətdə bir cəmiyyət olaraq fəaliyyət göstərə bilərikmi” sualını aktuallaşdırıb. Sosioloqlar və iqtsadçılar bunun çox çətin olacağını bilirlər.

Yaponiyada hələ 1990-cı illərdən pronatalist tədbirlər tətbiq edilməyə başlanıb- valideyn məzuniyyətinin tətbiqi, uşaq bağçalarının əlçatanlığının artırılması, uşaqlı ailələrə subsidiyalar, 3-cü və sonrakı uşaqların doğulması üçün ödənişlər. 2005-ci ildə ölkədə hər qadına 1,26 uşaq düşürdüsə, 2015-ci ildə bu göstərici 1,45-ə yüksəldi, lakin 2022-ci ildə yenidən 1,26-ya düşdü.

Bu il hökumət yeni tədbirlər proqramı təqdim edib. Bunlara 18 yaşına çatmamış uşaqlar üçün müavinətlərin tətbiqi, valideyn məzuniyyəti zamanı demək olar ki, tam maaşların ödənilməsi və s. daxildir. Bununla belə, bir çox siyasətçilər hesab edirlər ki, xüsusən də yerli əhalinin iş gərginliyini nəzərə alsaq, təkcə pul deyil, həm də vaxt stimul ola bilər. Yaponiyada işçilər ailəsinə vaxt sərf etməkdə çətinlik çəkirlər. Çünki kapitalizmin amansız rəqabəti şəraitində işlərini itirməmək üçün fasiləsiz və məzuniyyətsiz işləməyə məcbur olurlar. Axırda hökumət məcbur olub hər işçinin ildə ən azı 5 gün məcburi məzuniyyətə göndərilməsini tələb edən qərar verdi. Bir çox siyasətçilər 4 günlük iş həftəsini müdafiə edirlər ki, yaponlar ailələri ilə daha çox vaxt keçirsinlər.

Macarıstanda genişmiqyaslı artımın təşviqi proqramı həyata keçirilir. Dəstək tədbirlərinə mənzil alınması üçün subsidiyalar, aşağı faizli kreditlər və borcların bir hissəsinin silinməsi daxildir. Rəsmi məlumata görə, subsidiyalar artıq təxminən 250 min ailənin mənzil almasına kömək edib. Ötən il 30 yaşınadək 4 və daha çox uşaq sahibi olan valideynlər gəlir vergisindən ömürlük azad ediliblər. Ümumilikdə, Macarıstan ÜDM-nin təxminən 3%-ni ailələrin saxlanmasına sərf edir və yaxın illərdə bu pay 5%-ə yüksələ bilər.

Bu tədbirlər nəticəsində ölkədə doğum səviyyəsi, bir qədər artıb- 2010-cu ildəki 1,25 uşaqla müqayisədə sonrakı 10 ildə 1,6-ya çatıb. Lakin son 3 ildə ölkədə doğulan uşaqların sayı azalır. Belə ki, 2024-cü ilin 1-ci yarısında ölkədə doğum səviyyəsinin maksimumunu göstərdiyi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14% az uşaq doğulub.

Polşada “Rodzina 500+” (Ailə 500+) proqramı 2016-cı ildə təsdiqlənib. O, digər məsələlərlə yanaşı, uşaqlı ailələrə birdəfəlik ödənişlər, mənzil almaq üçün daha əlverişli şərait, müavinətlər və s. nəzərdə tutur. Polşada doğum səviyyəsi 2005-ci ildə bir qadına düşən 1,2 uşaqdan 2017-ci ildə 1,5-ə yüksəldi, lakin 2022-ci ilə qədər yenidən azaldı- 1,3-ə qədər.

Skandinaviya ölkələrində məhsuldarlıq siyasəti əsasən qadınların doğuşdan sonra işləməyə davam edə bilməsini təmin etməyə yönəlib. Bu ölkələrdə çoxlu körpələr evi və uşaq bağçaları var və onlara subsidiya verilir. Belə ki, İsveçdə valideynlər özləri xərcin cəmi 11%-ni ödəyirlər. Nəticədə, İsveç, Norveç və Danimarkada 2 yaşından kiçik uşaqların yarıdan çoxu uşaq bağçasına gedir. Aİ-də bu orta hesabla 30% təşkil edir.

Bəzi ölkələr ana ilə yanaşı ata üçün də atalıq məzuniyyətini təşviq edir. Məsələn, İsveçdə hər bir valideyn 8 aylıq belə məzuniyyət götürə bilər. Digər imtiyazlar və subsidiyalar da var. Bir müddət Skandinaviya ölkələrində doğuş nisbətləri bir qədər yüksəldi, lakin sonra kifayət qədər aşağı səviyyədə sabitləşdi: Danimarkada 1,6, İsveçdə 1,5, Norveçdə 1,4. Xatırlayaq ki, ən minimal səviyyə 2,1 olmalıdır.

ABŞ-da builki seçki kampaniyasında doğum məhsuldarlığı mövzusu kifayət qədər fəal şəkildə istifadə olundu. Donald Tramp doğum nisbətinin maliyyə stimullaşdırılmasının (“yeni körpə bumu naminə bonuslar”) lehinə danışıb. Kamala Harrisin proqramına uşaq doğulduğu halda 6 min dollara qədər vergi güzəştləri nəzərdə tutan bənd daxil idi.

Çində hökumət doğum nisbətinin artırılmasına qərar verəndə, ideoloji işə başladılar. Partiya iclasları “evlilik və uşaq sahibi olmağa müsbət baxış”ın təbliği məqsədilə keçirilir. Vaxtilə “bir ailə-bir uşaq” siyasətini təbliğ edən məmurlar və ailə planlaması təşkilatlarının üzvləri indi tez-tez yeni evlənənlərlə danışaraq nə vaxt uşaq dünyaya gətirmək istədiklərini öyrənirlər və ya reproduktiv sağlamlığı yaxşılaşdırmaq üçün dəstək təklif edirlər. Bundan əlavə, Çin ciddi sosial dəstək tədbirlərini də həyata keçirir, məsələn, mənzil alınması üçün subsidiyalar, vergi endirimləri, valideyn məzuniyyətinin uzadılması və s.

Qırğızıstan çoxuşaqlılığın stimullaşdırılması üçün ciddi tədbirlər başlayır. Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin sözlərinə görə, 2025-ci ilin yanvarından ailədə doğulan 4-cü uşağa görə 100 min som (~2 min AZN), 5-ci uşağa görə 600 min som (~12 min AZN), 6-cı və 7-ci uşağın hər birinə görə 1 mln som (~20 min AZN), 8-ci və 9-cu uşağın hər birinə görə 1,5 mln som (~30 min AZN), 10-cu uşağa görə isə 2 mln som (~40 min AZN) K.Taşıyev deyib ki, əhali sayını 15 milyona çatdırmaq dövlət üçün strateji məsələdir. Hazırda ölkənin 5,7 milyon əhalisi var.

Rusiyada ailələrin dəstəklənməsi üçün ciddi tədbirlər görülür. Federal analıq kapitalı 2007-ci ildən tətbiq olunur. 1-ci uşağa görə manatla ifadədə 11 min AZN, 2-ci uşağa görə 14 min AZN, 3-cü uşağa görə 17 min AZN dəyərində vəsait ödənilir. Həmçinin, regionlardan asılı olaraq hər uşağa görə aylıq 200-300 manat məbləğində uşaqpulu verilir. Bundan başqa, 3 uşaqdan sonra ailələrə torpaq sahəsi, 5 uşaqdan sonra avtomobil və mənzil verilir. Rusiyada 20 ildən artıq davam edən ailələrə iri məbləğdə xüsusi pul mükafatı da nəzərdə tutulub.

Ermənistanda doğum müavinəti 1-ci və 2-ci uşağa görə 1320 manat, 3-cü və 4-cü uşağa 4380 manat, 5-ci və daha sonrakı uşaq üçün 6580 manat təşkil edilir. Əkiz uşaqların hər birinə birdəfəlik ödəniş 3200 manatdır.

2023-cü ildən əvvəl doğulmuş uşaqlara aylıq uşaqpulu 2 yaşınadək 140 manat təşkil edir. 3 və daha çox uşaq olan ailələrdə uşaqların hər birinə ayda 220 manat dəyərində ödəniş edilir.

2023-cü ildə və daha sonra doğulmuş uşaqların valideyni analıq işləyirsə 140 gün analıq məzuniyyəti verilir və öz orta aylıq əməkhaqqı qədər müavinət alır. İşləməyən qadınlar isə 700 manata yaxın vəsait alır.

Müxtəlif ölkələrin hakimiyyət orqanlarının müraciət etdiyi əsas müsbət tədbirləri 3 qrupa bölmək olar:

müavinətlər və subsidiyalar, kreditlər üzrə aşağı faizlər, bəzən isə uşaq doğulması zamanı birbaşa ödənişlər (analıq kapitalı); işləyən valideynlərin uşaqları böyütməsinə kömək edən infrastrukturun yaradılması- körpələr evi, uşaq bağçası, bura atalar üçün valideyn məzuniyyətinin stimullaşdırılması da daxildir; sosial maarifləndirmə- ailə qurulmasının və uşaq sahibi olmağın təbliğ edilməsi.

Amma bunların hamısı sadəcə stimuldur, məcburetmə deyil, bu səbəbdən əksər ölkələrdə bunlar ciddi nəticə verməyib. Demək problem təkcə, maddi-sosial təminatda deyil. Uşaq doğmayan və ya 1-2 uşaqla kifayətlənən ailələrin çoxu maddi cəhətdən imkanlı ailələrdir. Onları buna məcbur etməyin heç bir mexanizmi yoxdur.

Tarixən SSRİ-də və sosialist düşərgəsinin əksər ölkələrində qüvvədə olan uşaqsızlığa görə vergi təyin edilməsi də təsirli tədbir hesab oluna bilər. Bir sıra tədqiqatçılar qeyd edir ki, burada aborta ciddi qadağa qoyulması da vacib tədbir ola bilər. Yeri gəlmişkən, abortlarla bağlı dünyada vəziyyət çox faciəvidir. Hər on milyonlarla köprə ana bətnində qətl edilir. Bir sıra ölkələrdə (əsasən islam ölkələrində) abort qəti qadağan edilib və yalnız məcburi hallarda (məsələn, zorlanmış qadının təcavüzkardan uşaq dünyaya gətirmək istəməməsi) və ya xüsusi tibbi göstəriş zamanı (ananın sağlamlığına ciddi təhlükə yaranarsa) həyata keçirilir.

Doğum nisbətini artırmaq məqsədilə abort əleyhinə qanunların sərtləşdirilməsinin nadir nümunələrindən biri İranın 2021-ci ildə qəbul etdiyi “Ailələrin qorunması” qanunudur. Bu qanun tibb müəssisələrində kontrasepsiya vasitələrinin pulsuz paylanmasının qadağan edilməsi və sterilizasiya prosedurlarından keçmək imkanlarının məhdudlaşdırılması ilə yanaşı, abortlara görə cəzaları sərtləşdirir. Eyni zamanda, bir çox digər ölkələr kimi, İranda da hamiləliyin dəstəklənməsi tədbirləri var: uşaqlı ailələr üçün güzəştli kreditlər, 9 aylıq analıq məzuniyyəti, 3 və ya daha çox uşağı olan analar üçün pulsuz tibbi sığorta və s.

Alimlər müxtəlif ölkələrdə doğum nisbətinin azalmasının səbəbləri ilə əsaslı bir izahata, həmçinin, doğumun artırılmasında hansı tədbirlərin mütləq təsirli olacağına dair bir anlayışa sahib deyillər. Çünki, məsələyə maddi cəhətdən yanaşılır, mənəvi faktorlar gözardı edilir. Təcrübə və faktlar əsasında yuxarıda göstərdiyimiz kimi, problemin böyük hissəsi heç də maddi cəhətlə bağlı deyil, mənəvi böhranla bağlıdır.

Ölkələrdə bu səbəblərdən biri və ya digəri əsas paya malik ola bilər. Məsələn, İtaliya və İspaniyada çox aşağı doğum göstəriciləri qeydə alınıb- bir qadına müvafiq olaraq 1,3 və 1,2 uşaq. Halbuki, hər iki ölkənin nisbətən mühafizəkar və dindar hesab edilməsinə baxsaq, doğum nisbəti artıq olmalı idi. Amma bir çox ekspertlərin qeyd etdiyi kimi, buradakı doğum səviyyəsinə iqtisadiyyatın çöküşü, gənclər arasında yüksək işsizlik və buna görə də gənclərin uzun müddət valideynləri ilə yaşaması təsir edir.

Nəticədə, alimlər və sosioloqlar məhsuldarlığın aşağı düşməsini müxtəlif səbəblərlə əlaqələndirirlər. Normal həyat keyfiyyəti və uşaqların tərbiyəsi və təhsilinə nə qədər ciddi yanaşmalı olduğumuz haqqında yeni fikirlərdən tutmuş şəhərləşməyə, internetdən geniş istifadəyə və gənclər arasında ailəyə marağın azalmasına qədər. Aydın olur ki, əsas səbəb heç də sosial problemlər deyil, mənəvi deqradasiya və psxioloji problemlərdir.

2021-ci ildə Merilend Universitetinin alimləri Amerikanın müxtəlif ştatlarında doğum nisbətləri ilə kontrasepsiya vasitələrinin mövcudluğundan və abort qanunlarının xüsusiyyətlərindən tutmuş dindarlıq səviyyəsinə qədər, həmçinin sosial rifah, yaşayış dəyəri və mənzil qiymətləri də daxil bir sıra amillər arasında əlaqəni araşdıran bir araşdırma dərc etdilər. Və bu parametrlər arasında heç bir aşkar korrelyasiya görə bilmədilər, doğum nisbətinin nə üçün azalmasının aydın izahını tapmadılar.

Biz fərz edirik ki, bu dəyişiklik cəmiyyətdə ölçülməsi çətin olan geniş dəyişiklikləri əks etdirir”- tədqiqat müəllifləri dedilər. Elmi araşdırmaya bax. Bunun harası elmdir? Dəyişikliklərin nədən ibarət olduğunu görmürlər: Məgər görmürlər ki, problem sosial-iqtisadi mühitdə deyil? İnsanlar soşial təminat cəhətdən 30 il əvvəkində çox da fərqli yaşamırlar. Lakin həyat tərzi, mənəvi dəyərlərə baxış və psixologiya kəskin dəyişib. Əsas problem konkret olaraq mənəvi derqdasiyadadır, hansı ki, qlobal dairələr, Qərb hökumətləri durmadan bu mənəvi deqradasiya üçün yüz milyardlarla vəsait xərcləyirlər. Nəticədə, mənəvi dəyərlər çökür, ailə institutu dağılır, eqozim və narsizm artır, düşüncə zombiləşir, nigahdankənar əlaqələr, fahişəlik, əxlaqsızlıq artır, gənclər ancaq öz əyləncəsi üçün yaşamağa başlayır.

Ailənin əvəzinə “vətəndaş nigahı” kimi bəzəkli ad qoyulmuş əxlaqsızlığı təbliğ edəndə nə gözləyirdilər ki? Erkən evliliyə qarşı mübarizə adı altında gənclərin mümkün qədər gec evlənməsini təbliğ edəndə və bunun ən normal müasir həyat tərzi olduğunu deyəndə necə olmalı idi? 16 yaşlı qızların çoxsaylı kişilərlə cinsi əlaqədə olmasını normal qəbul edib, 17 yaşlı tam yetkin qızın ailə qurmasına mane olanda necə olmalı idi ki? Təbii qidaları məhv edib, insanlara sonsuzluq yaradan süni kimyəvi qidaları, GMO məhsulları yedirdəndə nə gözləyirdilər ki? Süni həyat tərzinin təbliği necə nəticə verməli idi ki?

Məsələ sosial-iqtisadi faktorlarda olsaydı məhz yoxsul ölkələrdə boşanma daha az olmazdı, ailələr daha möhkəm olmazdı, uşaq doğumu daha çox olmazdı. Məhz inkişaf etmiş ölkələrdə boşanmalar maksimumda, evlənləmər minimumda, uşaq doğumu yoxa çıxmış haldadır. Eləcə də, müxtəlif ölkələrdə aparılmış sosioloji araşdırmalar göstərir ki, məhz imkanlı ailələrdə uşaq doğumu daha az olur, aşağı maddi imkanlı ailələrdə isə çox olur.

Azərbaycanın yaxın tarixinə baxsaq, bunu əyani sürətdə görə bilərik. Xalqımızın ən ağır sosial vəziyyətlərində Böyük Vətən Müharibəsi dövrlərində və 90-cı illərdə boşanmalar minimum idi, evlənmə halları da, uşaq doğumu da yüksək idi. Lakin sonralar sosial-iqtisadi vəziyyət yaxşılaşsa da bu problem yarandı və getdikcə də kəskinləşir. Çünki, azadlıq və müasirlik adları altında dəyərlərimiz dəyişdirildi, mənəvi deqradasiya getdi. Boşanma işini aparan vəkillər, hakimlər deyirlər ki, boşanmaların 90 faizindən çoxu maddi deyil, mənəvi səbəblərlə bağlıdır. Eyni zamanda azuşaqlı ailələrin 90 faizdən çoxu imkanlı ailələrdir, çoxuşaqlı ailələrin isə az qala hamısı azimkanlı ailələrdir. Bu qədər fakt göstərir ki, əsas səbəb mənəvi deqradasiyadır. Mənəvi dəyərlərə tüpürməyin nəticəsi budur.

Lakin bu o demək deyil ki, yeganə səbəb mənəvi deqradasiyadır. Sosial problemlərin də əhəmiyyətli rolu var. Bir çox demoqrafların və sosioloqların fikrincə, bəzi tədbirlər müəyyən qədər müsbət təsir göstərə bilər. Məsələn, işləyən insanlar məhdud dərəcədə olsa da, ikinci uşağın və sonrakı uşaqların doğulması üçün ciddi məbləğdə birdəfəlik yardım və aylıq ödənişlər alımalıdırlar.

Qlobal Yaşlanma İnstitutu qeyri-hökumət təşkilatının rəhbəri Riçard Ceksonun sözlərinə görə, doğum nisbəti azalan kimi cəmiyyətdə dəyərlərə yenidən baxılır. Və bu proseslərə təsir etmək çox çətindir.

“Qohumlarınız, həmkarlarınız və qonşularınız arasında nə qədər az uşaq görsəniz, bütövlükdə sosial mühit mənfiyə doğru bir o qədər dəyişir”- o deyir.

Qeyd etmək lazımdır ki, ailələrin dəstəklənməsi və uşaq doğumunun stimullaşdırılması təkcə bu sahədə problemlər yaşayan ölkələr üçün xarakterik deyil. Məsələn, ailələrə yardımlar və uşaqpulu ödənişləri bu sahədə heç bir problemi olmayan, Qətər, Küveyt, BƏƏ, Bruney kimi ölkələrdə daha yüksək səviyyədədir. Onlarda hesab edirlər ki, ölkənin gəlirlərindən möcvud ailələr və uşaqların daha çox bəhrələnməsi vacibdir. Yəni, bu vəsaitlər uşaq doğumunu artırmaq üçün deyil, uşaqların daha yüksək səviyyədə böyüdülməsi və inkişafı üçün ayrılır.

Beləliklə, aydın olur ki, sosial dəstək proqramları tam olmasa da müəyyən effekt verir. Lakin bununla yanaşı cəmiyyətin sağlam mənəvi dəyərlər sistemi ilə yaşamasının təsiri əvəzedilməzdir. Ailə institutunun əsas dəyərlərdən sayılmadığı, boşanmaların faciə kimi qəbul olunmadığı ölkələrdə sosial dəstək proqramı təkbaşına problemi həll edə bilməz.

Bununla belə, bir çox ekspertlər deyirlər ki, pronatalizmlə bağlı bütün sirlər və ziddiyyətlər ondan imtina etmək üçün səbəb deyil. Hər bir halda hökumətlər problemi həll etmək istəyirlərsə, 2 istiqamətdə ciddi işləməlidirlər- mənəvi dəyərləri qorumaq, sosial dəstək proqramları tətbiq etmək. Uşaqpulunun verilməsi burada ən vacib tədbirlərdəndir.

Azərbaycanda son onilliklərdə evliliklərin və uşaq doğumunun ciddi ölçüdə azalması, boşanmaların 50 faizə çatması tezliklə ciddi demoqrafik problemlərin yaranacağını göstərir. Bu səbəbdən də hökumət həm ailələrə sosial dəstək proqramı həyata keçirməlidir, həm də milli mənəvi dəyərlərin qorunmasını təmin etməlidir.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Seçilən
18
50
sesqazeti.az

10Mənbələr