AZ

COP29-un Bakıda keçirilməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var ŞƏRH

Ölkəmiz COP29-un təşkilində yüksək peşəkarlıq, qonaqpərvərlik nümayiş etdirməklə özünün növbəti uğuruna imza atdı. Dünyanı Bakıya toplayan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası başlayandan hər ötən gün ölkəmizin beynəlxalq nüfuzunu artıran mühüm hadisələrlə yadda qalır. COP29-a 196 ölkədən 75 mindən artıq iştirakçının qatılması, onların arasında 80 ölkənin prezidentinin, vitse-prezidentinin və baş nazirinin yer alması bir neçə aydır ki, COP29-un uğursuzluğa düçar olması üçün informasiya təxribatları törədən, siyasi riyakarlıq nümayiş etdirən, dezinformasiya, yalan və qarayaxma üzrə bütün əndazələri aşan xarici böhtançıların və onların ənənəvi nüfuz müvəkkillərinin arzularının puç olduğunu, planlarının iflasa uğradığını təsdiq edir.

Prezident İlham Əliyevin COP29-da iştirak etmək üçün ölkəmizdə olan müxtəlif dövlətlərin prezidentləri, vitse-prezidentləri, baş nazirləri, beynəlxalq qurumların rəhbərləri ilə görüşləri münasibətlərin inkişafında yeni səhifənin açıldığının göstəricisidir. COP29-un ana xəttini, qayəsini iqlim dəyişmələrinə qarşı ardıcıl, sistemli və inklüziv mübarizənin təşkili üçün şəffaf və sabit maliyyə mexanizmlərinin formalaşdırılması prosesi təşkil edir. Prezident İlham Əliyev COP29-un Liderlər, eləcə də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitlərində çıxışlarında hazırkı dövrün çağırışlarını yerinə yetirmək üçün əsas vəzifələrin nədən ibarət olduğunu açıqladı. Ölkəmiz problemin təməlində dayanan amilin nədən ibarət olduğunu diqqətə çatdırmaqla yanaşı, həm də bəşəriyyətin gələcəyini təhdid edən çağırışlara qarşı birgə, hər kəsin gücü və imkanı daxilində, lakin bərabər mübarizəni təşviq edir. Bu gün Azərbaycanın söz sahibi, hər bir sahədə zəngin təcrübəyə malik olması təqdir edilir.

Qeyd edək ki, tədbir iştirakçılarının hər biri Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyini, onun yüksək səviyyədə təşkilini alqışlayır, Prezident İlham Əliyevin liderliyi, səyləri nəticəsində uğurlu COP-a imza atıldığını bildirirlər. Azərbaycanın dünyamiqyaslı - BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə ölkəmizin COP29-a ev sahibliyi etməsi üçün siyasi və iqtisadi zəmin yaradıb. Azərbaycan birmənalı şəkildə hesab edir ki, dünya ictimaiyyətinin aktual problemlərin həlli istiqamətində bir araya gəlməsi üçün ölkəmizin zəngin mədəni irsi və enerji resursları vacib rol oynaya bilər. Elə bu səbəbdən də iqlim dəyişmələrinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini qeyd edərək birgə təşəbbüslər vasitəsilə mübarizə vasitələrini gücləndirmək istəyindədir. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi qazanılan uğurda mühüm əhəmiyyət kəsb edir. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. COP29-un sədri kimi Azərbaycanın inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini deyən İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində (2019-2023) BMT-dən sonra ikinci böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Azərbaycan təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, Avropa İttifaqının 10 üzvü ilə sazişlər və strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalanıb. Bu, həm də beynəlxalq enerji siyasətində mühüm faktora çevrilən Azərbaycana olan etibar və tərəfdaşlıq istəyinin mükəmməl nümunəsidir. COP29 ölkəmizin indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı və mötəbər beynəlxalq tədbirdir. Bu, eyni zamanda BMT Baş Assambleyasının sessiyasından sonra dünyanın bütün dövlətlərini bir araya gətirən ən böyük platformadır.

Beləliklə, hər kəsin qəbul etdiyi yekdil tarixi nəticə budur ki, ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi "yaşıl enerji" amilinə verilən önəmin ifadəsidir. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Həm də ölkəmiz COP29-a tamamilə fərqli ovqatda ev sahibliyi edir. Tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə qürurlanan qalib Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımları atıb. Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibinə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürünü, həmçinin ötən il COP28-in (Dubay) ev sahibi olmuş Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə Bakıda COP29 üçün hazırlıqlarda verdikləri dəstəyə görə minnətdarlığını bildirib. Prezident nitqində Azərbaycanın "Yaşıl Gündəliy"i haqqında da danışaraq bildirib ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin "Masdar" şirkəti bir regionumuzda 230 meqavatlıq günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. Böyük Britaniyanın bp şirkəti ilə 240 meqavatlıq günəş enerjisi stansiyasının erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı sazişin icrası sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək. "Yaşıl enerji"nin Avropaya ixracı məqsədilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsinə dair razılaşma əldə olunub. Liderlər Sammitində bildirildiyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz "yaşıl enerji"ni Avropaya nəql edəcəyik. Azərbaycanda 2030-cu ilə qədər təxminən 6 giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. "Yaşıl Gündəliy"imiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları "yaşıl enerji" zonaları elan edilib. COP29-un Bakıda keçirilməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyəti vardır. Əcnəbilərin bölgələrə səfərləri təşkil olunur. Onlar Azərbaycanın tarixi ilə yaxından tanış olacaqlar. Bir sıra QHT-lərin yaydıqları yalan məlumatların tam əksini görəcəklər. Tərəflər Konfransı Azərbaycanın iqtisadiyyatına, yeni investisiyaların, yeni texnologiyaların cəlb olunmasına və eyni zamanda turizm sektorunun canlanmasına güclü təkan verəcək. BMT-nin qlobal miqyaslı tədbirinin Azərbaycanda keçirilməsi həm də ölkəmizin imicinin artırılmasına müsbət təsir edir. COP29 Azərbaycanın dünya birliyinə inteqrasiyasına, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsinə mühüm töhfə verəcək. Enerji təhlükəsizliyinin digər seqmenti haqqında fikir bildirən dövlət başçısı qeyd edib ki, bu da neft və qazla bağlıdır. "Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik. Hər bir təbii sərvət-istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis-bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz "yaşıl keçid"in güclü carçısı olacağıq və bunu edirik, lakin eyni zamanda biz realist olmalıyıq", - deyən dövlət başçısı qətiyyətli mövqeyini ortaya qoydu.

Onu da qeyd etmək lazımdır ki, Paris İqlim Sazişi iqlim dəyişmələrinə qarşı qlobal səyləri bir araya gətirən ən əhəmiyyətli beynəlxalq razılaşmalardan biridir. Sazişin əsas məqsədi qlobal temperatur artımını sənayedən əvvəlki dövrlə müqayisədə 2,0°C-dən aşağıda saxlamaq və daha iddialı hədəf olaraq bu artımı 1,5°C səviyyəsində məhdudlaşdırmaqdır. Bu hədəf iqlim dəyişmələrinin ən ağır nəticələrindən qaçmaq üçün zəruri hesab edilir. Ekspertlər bu məqsədə çatmaq üçün dünya ölkələrinin 2030-cu ilə qədər qlobal karbon emissiyalarını yarıya endirməli olduğunu bildirirlər. Emissiyaların azaldılması sahəsində atılacaq hər bir addım, xüsusilə kömür kimi yüksək karbonlu yanacaqlardan tədricən imtina edilməsi və bərpaolunan enerji mənbələrinə keçid strategiyaları həlledici rol oynayır. Mütəxəssislər, həmçinin meşələrin bərpası, dayanıqlı kənd təsərrüfatı metodlarının tətbiqi və təbiətin qorunması kimi təbii həll yollarının da vacibliyini qeyd edirlər. Paris İqlim Sazişi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı təşviq edir. İnkişaf etmiş ölkələr iqlim dəyişmələrinə uyğunlaşma və emissiyaların azaldılması tədbirlərini həyata keçirmək üçün maliyyə, texnoloji və digər növ dəstək göstərmək öhdəliyini götürüblər. Bu, xüsusilə az inkişaf etmiş ölkələr və iqlim dəyişmələrinin təsirlərinə qarşı daha həssas olan ölkələr üçün vacibdir. Bununla yanaşı, Sazişin uğuru ölkələrin öz öhdəliklərini yerinə yetirməsi və beynəlxalq ictimaiyyətin bu prosesdə həmrəylik nümayiş etdirməsindən asılıdır. Ölkələr karbon emissiyalarını azaltmaq, enerji effektivliyini artırmaq, bərpaolunan enerji mənbələrinə keçid etmək və digər müvafiq tədbirlər görmək üzrə planlar hazırlayırlar. Ölkələr bu planlarını hər beş ildən bir yeniləməli və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün addımlar atmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə qonaqlar Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıblar. Səfərdən məmnun qaldıqlarını vurğulayıblar. Dövlət başçısı COP29-un uğurla keçdiyini deyərək vurğulayıb ki, baxmayaraq, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılıb, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib. Qeyd edib ki, COP29 maliyyə möv zusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları da bu istiqamətdə ümidverici addım kimi qiymətləndirilir.

Ən əsası, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi möhkəmləndirməkdir.

Ceyhun İsgəndərov,

YAP Göygöl rayon təşkilatı üzrə Mollacəlilli kənd ərazi partiya təşkilatının fəal üzvü

Seçilən
74
50
sesqazeti.az

10Mənbələr