AZ

Yığma üzvlərinin qiymətləndirilməsi (10 ballıq şkala ilə)

Rza Cəfərov – 6,0
“Neftçi”nin qapıçısı yığmada debüt etdi. Rəqibin Estoniya olması Rzanın debütünün korlanmamasında böyük rol oynadı. Hər halda, Millətlər Liqasında əsas tapşırığın öhdəsindən gələn rəqibimiz Qəbələdə ardıcıl hücumlar təşkil etməyə çox da həvəs göstərmirdi. Estonların 10-cu saniyədə qapı tirindən dönən topu görüşün ən təhlükəli epizodlarından biri idi ki, belə başlanğıcı gözləmən Rza çıxışda səhvə yol vermişdi. Qalan epizodlarda onun ciddi səhvi nəzərə çarpmadı. Amma komanda yoldaşları ilə anlaşması ideal deyildi, xüsusən də topu oyuna daxil edərkən gecikirdi.

Elvin Cəfərquliyev – 6,5
Elvin həmişəki kimi istəkli idi. Amma onun hərəkətləri bəzən xaotik xarakter alırdı. Çünki hədsiz istəklə oyunu üzərinə götürməyə çalışanda komanda yoldaşlarından lazımı dəstəyi də ala bilmirdi. Belədə onun həmlələri məntiqsiz görünürdü. 35-ci dəqiqədə Elvin oyunun qəhrəmanı ola bilərdi, amma onun zərbəsindən sonra top qapıdan keçmədi. Səhvlərinə rəğmən, onu komandamızın ən yaxşısı adlandıra bilərik.

Bədavi Hüseynov – 5,5
Santuş kapitan sarğısını yenidən “milliləşdirilmiş” müdafiəçiyə vermişdi. Amma Bədavinin artıq belə etimada layiq olmadığını görürük. 10-cu saniyədə məhz onun kobud səhvindən sonra estonlar hesabı aça bilərdi, qapı tiri komandamızı qoldan, Hüseynovu isə tənqidlərdən xilas etdi. Ümumilikdə Bədavinin oyununda yaşla bağlı olan eniş açıq-aşkar görünməkdədi.

Rahil Məmmədov – qiymətsiz

Bəhlul Mustafazadə - 5,5
Start heyətində Rahil Məmmədov yer alsa da, 5-ci dəqiqədə onu Bəhlul əvəzlədi. “Qarabağ”da da mövqeyini itirən Mustafazafə o qədər də inamlı görünmürdü. Hücumlara dəstək verməsinə öyrəşdiyimiz mərkəz müdafiəçisi oyun təcrübəsinin azlığından əziyyət çəkir. Bəximiz onda gətirdi ki, rəqib estonlar idi, yoxsa müdafiəçilərimizin daha çox səhvinə şahidlik edərdik.

Abbas Hüseynov – 5,5
Cinah müdafiəçisi elə də ciddi səhvə yol vermədi. Digər müdafiəçilərlə bağlı qeydiyimiz Abbas üçün də keçərlidi. Rəqibin hücum potensialının və qol vurmaq istəyinin elə də yüksək olmaması axra xətt oyunçularının böyük təzyiqlə üzləşməməsiylə nəticələndi. Məhz bunun sayəsində də qapımızda qol görmədik.

Aleksey İsayev – 5,0
Aleksey ona bəslənən ümidləri doğrultmur. Bunu əminliklə söyləmək mümkündü. “Sabah”dakı parlaq çıxışını da çoxdan unutdurub. Ola bilsin, “Qarabağ”da daim şans qazana bilməməsi, yaxud da legioner bolluğunun içində itib-batması İsayevin oyununa təsir göstərib. Milliyə çox da fayda vermədiyi göz qabağındadı. Estoniya ilə oyun da bu mənada istisna olmadı.

Coşqun Diniyev – 5,0
“Dağıdıcı” kimi yaxşı çıxış edən Coşqun yaradıcılıq baxımından həmişə axsayıb. Qəbələdəki oyunda da belə oldu. Hücum potensialı zəif rəqib qarşısında müdafiəçilərə yaxşı dəstək verən Diniyev hücumların qurulmasında və kəsərinin artırılmasında iştirak edə bilmədi.

Ramil Şeydayev – 4,5
Şeydayev çoxdan futbolçu potensialını şübhə altına salıb. Bəzi epizodlarda onun nə etmək istədiyini də başa düşmək olmur. Fiziki gücündən yaxşı yararlanan və yorulmaq bilmədən qaçan Ramil əsas vəzifəsinin öhdəsindən gəlməyi bacarmır. Bu da bir hücumçu kimi ondan tələb olunan qol vurmaqdı. Estoniya ilə oyunda komandamızın ən zəiflərindən idi. Epizodların birində özünün saxladığı topa çata bilməməsi acınacaqlı görüntü idi.

Ozancan Kökçü – 5,0
Daha bir “milliləşdirilmiş” futbolçu azərbaycanlıların içində itib-batmaqdadı. Klub karyerasında elə də yüksəliş hiss olunmayan Kökçü millidə də sıradan birinə çevrilib. Onun ifasında fərqli oyun izləmək mümkün deyil. Ola bilsin, komandamızın ümumizi zəifliyi və ruhsuzluğu Ozancanın da oyununa təsir edir. Hər halda, ondan liderlik keyfiyyətləri və oyunu üzərinə götürməyi gözləməyə dəyməz.

Toral Bayramov – 5,5
“Qarabağ”ın Norveçdə keçirdiyi sonuncu oyunda vurduğu gözəl qolla diqqəti çəkən Toral estonlara qarşı yaxşı çıxış etmədi. Tallində adını tabloya yazırmağı bacaran Bayramov bu dəfə heç nə ilə seçilmədi. Təsadüfi deyil ki, Santuş onu 70-ci dəqiqədə əvəzlədi.

Musa Qurbanlı – 5,5
Musanın oyunu təzadlı xarakter daşıyırdı. Bəzən hədsiz istəkli görünür, oyunu öz üzərinə götürməyə çalışırdı. Bir epizodda rəqibin qapısı qarşısına əla ötürmə versə də, kombinasiyanı dəqiq tamamlayan olmadı. Hiss etmək çətin deyildi ki, Qurbanlı qol vurmaq, milliyə xeyir vermək həvəsiylə alışıb-yanır. Lakin son vaxtlar oyun təcrübəsinin az olması da aşkar görünürdü. Bitiriciliyi bacarmaması da məhz bununla bağlı idi. Estoniya kimi zəif rəqibin qapısına qol vura bilməmişiksə, hücumçuların oyunu haqda xoş söz demək çətindi.

Nəriman Axundzadə - 5,0
Santuş onu böyük ümidlərlə meydana buraxdı. Yorğun görünən həmşəhərlisi Toral Bayramovun əvəzinə meydana çıxan Axundzadə qol duyumunu işə salmalı, oyuna yeni nəfəs gətirməli idi. Fiziki baxımdan yaxşı görünsə də, oyuna fərqlilik gətirə bilmədi. Bunu da milli səviyyəsində yetərli oyun təcrübəsinin olmaması ilə əlaqələndirə bilərik. Ümid edək ki, zamanla bu çatışmazlıqları da aradan qaldıracaq.

Xəyal Nəcəfov – qiymətsiz

AMAL

Seçilən
9
football-plus.az

1Mənbələr