“Sabah”ın mövsümün əvvəlində heyətinə qatdığı Neqoş Kupuşoviç “futuristlər”də hələ qol hesabını açmayıb.
“FutbolPress“in məlumatına görə, 23 yaşlı hücumçu Premyer Liqada cəmi 6 oyunda şans qazanıb. O, bu görüşlərdə bir məhsuldar ötürmə ilə yadda qalıb.
Serbiyalı forvard böyük ümidlərlə “bayquşlar”a cəlb edilsə də, gözləntiləri qarşılamır. Baş məşqçi Krunoslav Renduliçin narazı olduğu hücumçu demək olar, hər oyun ehtiyatda qalır. Xüsusilə, son matçlarda şans qazana bilməyən forvardın klubdakı taleyi sual altındadır.
Hücumda əsas üstünlüyü yayda transfer edilən Pavel Şafrankoya verən Renduliç demək olar, bu hücumçudan da istədiyini ala bilmir. Slovakiyalı forvard Premyer Liqada 13 oyunda meydana çıxıb və cəmi 4 qol vurub. “Sabah”ın qol yükünü isə cinah hücumçuları çəkir. Cesse Sekidika 6 qolla çempionatın bombardiridirsə, Coy-Lens Mikels 5 qolla komanda yoldaşını izləyir.
“Sabah” Premyer Liqada 13 turdan sonra 5-ci sırada qərarlaşıb.
Kamil Əhməd