Noyabrın 19-da COP29 çərçivəsində "İqlim ədaləti mülki məkan və əhəmiyyətli iştirak olmadan mümkün deyil" mövzusunda debatlar keçirilib.
Tədbiri Human Rights Watch, Amnesty International və bir sıra digər hüquq- müdafiə strukturlar təşkil ediblər.
Görüş iştirakçısı, "Demokratik monitor" qeyri-hökumət təşkilatının rəhbəri Fuad Həsənov Turan-a bildirib ki, çıxışların leytmotivi ondan ibarət olub ki, vətəndaş cəmiyyəti üçün məkanın məhdudlaşdırılması şəraitində iqlim dəyişikliyi problemilə bağlı sərbəst müzakirələr aparıla bilməz.
Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının faktiki iflic vəziyyətində olması xüsusi qeyd olunub.
Ölkədəki qeyri-hökumət təşkilatları qeydiyyat problemlərilə üzləşirlər, ölkədə işləməsi faktiki qadağan edilmiş beynəlxalq təşkilatlardan maliyyələşmə əldə edə bilmirlər. Bu fonda xaricdən gələn istənilən maliyyə yardımı qaçaqmalçılıq kimi qiymətləndirilir.
Müzakirəyə Almaniyadan onlayn qoşulan “Abzas Media” nəşrinin redaktoru Leyla Mustafayeva öz həmkarlarından, bu nəşrin məhz qaçaqmalçılıq ittihamı ilə həbs olunan jurnalistlərindən danışıb.
Görüş zamanı Azərbaycanda siyasi məhbuslar probleminin olduğu da qeyd edilib. Onların sayı 300-ü ötür. Tədbirdə Azərbaycan hakimiyyəti siyasi məhbusları, o cümlədən jurnalistləri azad etməyə, müstəqil vətəndaş cəmiyyəti institutlarının və azad medianın sərbəst fəaliyyəti üçün şərait yaratmağa çağırılıb.