AZ

COP29:Bakıdan dünyaya miqrasiya üçün yeni çağırış

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixdə Bakı Olimpiya Stadionunda, Mavi Zonada yerləşən Azərbaycan pavilyonunda Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə “COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli panel müzakirələr baş tutub.
 
Fins.az xəbər verir ki, tədbirin məqsədi iqlim dəyişmələrinin miqrasiya proseslərinə təsiri ilə bağlı müvafiq maraqlı tərəflərin məlumatlılığının artırılmasından, hökumətlər, beynəlxalq təşkilatlar vətəndaş cəmiyyəti, eləcə də özəl sektor arasında qlobal səviyyədə bu mövzuda dialoqun təşviq edilməsindən, həmçinin iqlim dəyişmələri kontekstində insanların yerdəyişməsinin çoxşaxəli problemlərinə yönələn inteqrə olunmuş həllərin işlənib hazırlanması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsindən ibarət olub.

Açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını salamlarayaq bildirib ki, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində iqlim dəyişmələri və insanların yerdəyişməsi ətrafında həyata keçirilən birgə tədbirlərin davamı olan bu tədbir COP29-dan sonrakı dövrdə də iqlimlə əlaqədar miqrasiya üzrə inklüziv və vahid strategiyaların müəyyənləşdirilməsinə töhfə verəcəkdir. Bundan əlavə, COP29 zamanı keçirilən “İqlim və Sülh üzrə Yüksək Səviyyəli Panel” çərçivəsində Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışına start verilməsinə toxunulub və bu təşəbbüsün də mövzu ilə bağlı müzakirələrin və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacağı bildirilib. Xidmət rəisi qeyd edib ki, Azərbaycan insanların yerdəyişməsi və iqlim dəyişmələri arasında mürəkkəb əlaqənin yaratdığı çoxşaxəli problemlərin həlli istiqamətində Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə Çempion ölkə və Almatı Prosesinin sədri qismində qlobal və regional səviyyədə tədbirlər görməkdədir və bu istiqamətdə səylərini davam etdirir. İqlimdən qaynaqlanan yerdəyişmə də daxil olmaqla insan yerdəyişməsinin ləyaqətlilik, bərabərlik və dayanıqlılıq prinsipləri əsasında idarə olunması üçün tərəfdaşlıqların önəmini vurğulayan Vüsal Hüseynov  hazırda müzakirəsi davam edən və regional səviyyədə qəbulu planlaşdırılan İpək Yolu Bəyannaməsinin qeyd olunanlara yaxşı nümunə olduğunu bildirib. 

Daha sonra tədbirin əsas tərəfdaşı olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini xanım Ugoçi Daniels çıxışında iqlim dəyişmələri səbəbindən baş verən yerdəyişmə proseslərinin miqyası barədə məlumat verib, müxtəlif regionlarda mövcud olan vəziyyətlərə toxunub. Qeyd edilib ki,  proqnozlara əsasən, 2050-ci ilədək 260 milyondan çox insan öz ölkəsi daxilində yerdəyişməyə məruz qalacaq. Lakin effektiv iqlim tədbirləri nəticəsində bu rəqəm 80 faiz azaldıla bilər. 
Sonra tədbirdə Kosta-Rika Respublikasının sabiq prezidenti Karlos Alvarado Kesada çıxış edərək miqrasiya və iqlim dəyişmələri ilə bağlı öz fikirlərini bölüşüb. 
Tədbirdə həmçinin dünyanın müxtəlif regionlarında iqlim dəyişmələri səbəbindən miqrasiya etmək məcburiyyətində qalmış şəxslərə dair videoçarx nümayiş etdirilib.

Daha sonra  panel müzakirələrə start verilib. BMqT-nin İqlim fəaliyyəti şöbəsinin direktoru xanım Rania Ahmedin moderatorluğu ilə keçirilən panel müzakirələrdə Uqanda və Filippinin aidiyyəti qurumlarının yüksək səviyyəli nümayəndələri, İqlim Yerdəyişməsi üzrə Qlobal Mərkəzin və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü əsasında seçilmiş COP29-da iqlim miqrasiyası üzrə gənc nümayəndəsi panelist qismində iştirak etmişdir. Müzakirələr zamanı iqlim dəyişmələrinin müxtəlif regionlarda insanların yerdəyişməsi tendensiyalarına təsiri, iqlimlə bağlı insanların yerdəyişməsinə dair mövcud siyasət çərçivəsinin güclü və zəif tərəfləri, iqlim dəyişmələrinin insanların yerdəyişməsinə göstərdiyi mənfi təsirlərinin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın rolu və digər mövzular ətrafında edilən çıxışlar maraqla qarşılanıb. 

Bundan əlavə, Xidmət rəisi iqlim dəyişmələri və miqrasiya ilə bağlı qlobal danışıqlara töhfə vermək, bu istiqamətdə müzakirələrdə gənclərin iştirakını təşviq etmək məqsədilə BMqT-nin COP29-da iqlim miqrasiyası üzrə gənc nümayəndələri ilə də görüşüb. Görüş çərçivəsində Azərbaycanın iqlim dəyişmələri və miqrasiya arasında əlaqə ilə bağlı müzakirələrinin təşviqi istiqamətində gördüyü işlərə toxunulub, eləcə də mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, gənc nümayəndələrə fəaliyyətlərində uğurlar arzulanıb.

Zemfira Ms
Fins.az

                                     

 

Seçilən
14
fins.az

1Mənbələr