ABŞ opsion bazarından əldə edilən məlumatlara əsasən, çip istehsalçısı "Nvidia"nın (NVDA) çərşənbə günü təqdim ediləcək rüblük maliyyə nəticələrindən sonra bazar dəyərində təxminən 300 milyard dollarlıq dəyişiklik baş verə bilər.
Valyuta.az "Yahoo Finance"a istinadən xəbər verir ki, opsion analiz xidmətləri təklif edən "ORATS"ın məlumatına görə, "Nvidia" opsionlarının göstərdiyi proqnoz şirkətin səhmlərinin nəticələrdən sonra ya yuxarı, ya da aşağı istiqamətdə 8,5% dəyişəcəyini göstərir. Bu göstərici son 12 rüb ərzində qeydə alınan dəyişikliklərə uyğun gəlir. Lakin süni intellekt çip istehsalçısının bazar dəyərinin 3,44 trilyon dollara yüksəlməsi ilə bu dəyişiklik təxminən 292 milyard dollarlıq hərəkət deməkdir. Bu, bazar tarixində ən böyük dəyişikliklərdən biri hesab olunur.
Belə bir hərəkət, S&P 500 indeksində yer alan şirkətlərin təxminən 95%-nin bazar dəyərini üstələyə bilər.
"ORATS"ın təsisçisi Mett Amberson bildirib ki, "Nvidia"nın səhmləri nəticələrdən sonra bazar gözləntilərindən adətən daha az dəyişiklik göstərir. Bununla belə, gözləntiləri üstələyən dəyişikliklər əksər hallarda müsbət istiqamətdə olur.
Son 12 rüblük maliyyə hesabatlarından beşində, nəticələrdən sonra baş verən dəyişikliklər bazarın gözlədiyindən fərqli olub. Bu halların hamısında "Nvidia"nın səhmlərinin qiyməti yüksəlib.
"Susquehanna Financial Group"un strateqi Kristofer Ceykobson (Christopher Jacobson) bazar ertəsi yazıb ki, treyderlər səhmlərin yuxarı istiqamətdə böyük bir hərəkət etmə ehtimalını, aşağı istiqamətdə hərəkət etmə ehtimalından bir qədər yüksək qiymətləndirirlər.
Süni intellekt texnologiyasında əsas rol oynayan "Nvidia"nın nəticələri, bazarın ümumi gedişatını müəyyənləşdirən əsas faktorlardan biri ola bilər. ABŞ seçkilərindən sonra baş verən yüksəlişin son günlərdə dayanması ilə investorlar diqqətlərini "Nvidia"ya yönəldiblər.
S&P 500 indeksi bu il indiyə qədər 23% artıb lakin ötən həftə azalma qeydə alınıb.
"Laffer Tengler Investments" şirkətinin icraçı direktoru və baş investisiya direktoru Nensi Tengler (Nancy Tengler) qeyd edib ki, "Nvidia-nın dedikləri bazarda süni intellektlə bağlı ticarət gözləntilərinə təsir edəcək".
"Nvidia" ardıcıl səkkiz rüb ərzində Uoll Stritin (Wall Street) yüksək gəlir gözləntilərini üstələyib. Lakin analitiklər artım tempinin yavaşlamasını gözlədikləri üçün şirkətin gecikmələr və təchizat zəncirindəki problemlərlə necə mübarizə aparacağı, səhmlərin qiymətinə təsir edən mühüm amil olacaq.
"LSEG" tərəfindən toplanan məlumatlara görə, çip istehsalçısının III rübdə satışlarının 82,8% artaraq 33,13 milyard dollara çatacağı gözlənilir.
Qeyd edək ki, Bazar ertəsi "Nvidia"nın səhmləri 1,3% azalaraq 140,15 dollara düşüb. İl ərzində isə səhmlərin qiyməti təxminən 180% artaraq S&P 500 indeksində ən yaxşı göstəricilərə malik şirkətlərdən biri olub.
Rəhim