"Bütün ittihamlar ləğv edilməli, onlar dərhal azadlığa buraxılmalıdırlar”
Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti Azərbaycan Prezident İlham Əliyevi hüquq müdafiəçilərini, jurnalistləri və fəalları həbsdən azad etməyə çağırıb.
Məktubun mətnini noyabrın 18-də Avropa Şurasının rəsmi saytı yayıb.
Komissar Azərbaycan hakimiyyətindən tənqidi fikirlərini ifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyi, onlara qarşı irəli sürülən ittihamları, həmçinin ölkədən çıxışlarına qoyulan qadağanı ləğv etməyi xahiş edir.
O’Flaerti, əsasən, qaçaqmalçılıqda ittiham olunan Akif Qurbanov və Ələsgər Məmmədli, İmran Əliyev və Anar Məmmədlinin həbsindən narahatlığını ifadə edib.
O bildirib ki, ölkədə 3 media orqanının ("AbzasMedia”, "Kanal 13” və "Toplum” TV) 10-dan çox əməkdaşı və jurnalisti analoji ittihamlarla həbs edilib.
"Mən hüquq müdafiəçilərinə, jurnalistlərə və fəallara qarşı cinayət işlərinin məhz onların fəaliyyəti ilə bağlı başlanması barədə xəbərlərdən narahatam”, – məktubda deyilir.
Komissar qeyd edib ki, hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının cinayət hüququndan sui-istifadə etməklə və qanunun aliliyini pozmaqla özbaşına həbs edilməsi narahatedici tendensiyadır.
O həmçinin bildirib ki, polisdə saxlanıldığı zaman bir neçə hüquq müdafiəçisi, jurnalist və fəalla amansız rəftar edilib, onların vəkilləri ilə görüşməsinə maneə yaradılıb və tibbi yardım almaq imkanları məhdudlaşdırılıb.
Maykl O’Flaerti Azərbaycan hakimiyyətindən bu məsələlərin effektiv araşdırılmasını, həmçinin saxlanılan şəxslərin vəkillə görüşməsinin və adekvat tibbi yardım almasının təmin edilməsini xahiş edir.
O, təkidlə Azərbaycan hakimiyyətini dinc toplaşmaq və ifadə azadlığı, həmçinin jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının vəziyyəti ilə bağlı bütün qanun və təcrübələrin Avropa Şurasının insan hüquqları sahəsindəki standartlarına uyğun olmasına, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının tam yerinə yetirilməsi yoluyla təmin edilməsinə çağırıb.
"Mən Azərbaycan hakimiyyətilə dialoqun və əməkdaşlığın, o cümlədən ölkəyə səfər kontekstində davam etdirilməsini səbirsizliklə gözləyirəm”, – O’Flaerti fikrini yekunlaşdırıb.
Son bir ildə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.
Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, "meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli, "Kanal 13” internet kanalının baş redaktoru Əziz Orucov və digərləri var.