AZ

8 Noyabr zəfəri Ermənistanı hələ də  “silkələyir”

Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə daha bir sıra məmuru vəzifədən azad edib. Mətbuatda yer alan məlumatlara görə, içərisində ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Balasyanın da olduğu bir neçə məmur, işdən azad olunmaları ilə bağlı məlumatla Paşinyan tərəfindən gələn “WhatsApp” mesajı  vasitəsilə tanış olublar. Nazirlərin qəfil aldıqları mesajdan şok olduqları, saatlarla özlərinə gəlmədikləri bildirilir.

 

Məlumatda işdən azad edilən məmurların fəaliyyətinin Paşinyanı qane etmədiyi və onların məhz bu səbəbdən tutduqları vəzifədən azad edildiyi qeyd olunur. Əslində isə Ermənistanda bir neçə ildir ki, stabil hökumətin formalaşması ilə bağlı ciddi problem mövcuddur və bu problem iAzərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə - 8 Noyabr zəfərindən qaynaqlanır.

 

Xalqımızın qazandığı bu qələbə Ermənistanın sadəcə hərbi məğlubiyyəti ilə yekunlaşmadı. Bu zəfər Ermənistanı ruhi baxımdan da sarsıtdı, erməni cəmiyyətini psixoloji cəhətdən parçaladı. Yaşadığı məğlubiyyətdən sonra günahkar axtarışına çıxan erməni toplumu, eləcə də Ermənistan hakimiyyəti bu gün də axtardığı günahkarı tapmaq üçün dəridən-qabıqdan çıxmaqda, bir məmuru digəri ilə əvəz etməklə ölmüş arzularına həyat vermək niyyətindədir.

 

Bu gün Ermənistanda həm də revanşist düşüncə ilə sülh arzusu, Qərb tərəfdarları ilə Rusiya tərəfdarları arasında düşmənçilik, barışmaz ziddiyyət mövcuddur. Bu cür mürəkkəb münasibətlər sisteminə imperialist dövlətlərin və xaricdəki erməni dioasporunun təzyiqini də əlavə etsək, o zaman Ermənistanda oturuşmuş hökumətinin bərqərar olmasının niyə bu qədər müşkülə çevrildiyi aydın olar.

 

Paşinyanın hökumət üzvlərinə ünvanladığı yeni həmlə bir daha göstərdi ki, üzərindən 4 il keçməsinə baxmayaraq, 8 Noyabr zəfəri Ermənistanı hələ də “silkələməkdədir”. Görünən odur ki, bu zəfər hələ uzun müddət Ermənistanın xarici siyasəti ilə yanaşı, daxili siyasətinə də yön verəcək, ölkədaxili münasibətlərə təsri göstərən ən mühüm faktor rolunu qoruyub saxlayacaq.

 

Seymur ƏLİYEV

 

Seçilən
11
moderator.az

1Mənbələr