Millətlər Liqasının 6-cı turu çərçivəsində keçiriləcək matçın əhəmiyyətindən xəbərdarsız. Komandamız uduzsa, birbaşa D liqasına düşəcək. Yalnız qələbə lazımdı ki, C liqasında qalmaq uğrunda keçiriləcək pley-off matçlarında iştirak haqqı qazanılsın.
Mövcud vəziyyət və axşamkı oyun haqda fikirlərini öyrənmək məqsədilə sabiq yığma üzvü Əfran İsmayılovla əlaqə saxladıq.
Onun “Football-plus.az”a cavabı:
“Hesabı düşünmədən irəli atılmaqdan başqa çarə yoxdu. Mütləq qələbə qazanmalıyıq. D liqasına düşmək acınacaqlıdı. Bu qrupda azı 6-7 xal toplamalıydıq. Həmişə qalib gəldiyimiz Estoniya millisini həm evdə, həm də səfərdə məğlub etməliydik. İndi durum çox qəlizdi. Komandanın inkişafı, yaxşı oyun kimi məqamlardan əl çəkməliyik. Nəticə qazanmaq lazımdı. Buna hesablanmış addımlar atılmalıdı. Kim nə danışır- danışsın, futbolda vacib olan qələbədi. Millimizlə bağlı böyük narazılıq var. Belə söz-söhbətləri yığışdırmaq lazımdı. Bunun üçün qələbədən başqa yol yoxdu. D liqasına düşmək o halda faciə olmaz ki, qarşıdakı illərdə inkişaf üçün ciddi addımlar atılsın. Hər halda, komanda burda daha arxayın olacaq. Rəqiblər zəif olacaq. Belə durumdan istifadə edib irəliləmək üçün vaxt qazanmaq olar. Layihə həyata keçirilər və həqiqətən həm yaxşı oyun göstərən, həm də yaxşı nəticə əldə edən milli komanda qurular. Yox, belə olmayacaqsa, illər yenə boşa veriləcəksə, D liqası faciədən başqa bir şey deyil. Ya Allah, görək, başımıza nə gəlir...”
KƏNAN BAHADIR