AZ

Qurban Qurbanov da onun oynatdığı futbola SƏSSİZ QALMADI

"Elmar Baxşıyevin komandası həmişə baxımlı futbol oynayıb. "Qəbələ"də olanda da belə idi. Uduzanda belə, yaxşı idi. Bu il bir az fərqlidir. Hələ tam öz istədiyi oyunu tuta bilməyib. Amma ümumən komanda nəticəyə oynamağı bacarırsa, hazırkı pillə onun haqqıdır".

Bu fikirləri "Araz Naxçıvan"ın uğurlu çıxışını qiymətləndirərkən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dilə gətirib.

Haqqlı qeydlərdir. Məncə, bu gün futbol ictimaiyyətində kimi dindirsən oxşar fikirlər səsləndirəcək.

Həqiqətən də Baxşıyevin "Qəbələ"də oynatdığı rəngarəng futbolu bu gün "Araz"da görmürük.

Oynada bilmir, yoxsa oynatmaq istəmir / maraqlı deyil?

Məncə, ikinci daha inandırıcıdır.

Ötən mövsüm başverənlər təcrübəli mütəxəssis üçün yaxşı dərs sayıla bilər.

Zövqləri oxşayan, əksər oyunlarda baxımlı futbolu ilə yadda qalan "Qəbələ" sonda liqanı tərk etdi.

Ayrılıqda oyunları analiz edəsi olsa, ötən mövsüm onun "Qəbələ"si Premyer Liqanın ən azı 4-5 komandasından yaxşı futbol sərgiləyirdi. Amma sonda buna baxan oldu? Əksinə istefaya göndərildi.

Deməli, kütlə üçün önəmli olan turnir cədvəlindəki yerdir. Pis-yaxşı oyun bu gün müzakirə oluna bilər, amma sabah yaddan çıxacaq.

Hə, bir də Muxtar respublika təmsilçisində əsas söz sahibi olan Zaur Axundovun yanaşmasını da unutmaq olmaz.

Funksioner elə bəndənizə müsahibəsində açıq şəkildə bildirmişdi ki, mənim üçün meydanda başverənlər o qədər də maraqlı deyil. Mən tabloda yazılana baxıram.

Görünür, Elmar Baxşıyev rəhbər şəxsin bu fikirlərini də diqqətə alır. 2-3 oyun məğlub olsa onu nələr gözlədiyini yaxşı bilir.

Ona görə də uzun vədədə plan qurmaq, şən futbol oynatmaq yox, bu günün çarəsini baxmağı daha çox düşünür.

Və hələ ki, pis də alınmır.

XANOĞLAN İMANOV

Seçilən
54
sportinfo.az

1Mənbələr