AZ

Rumıniyanın energetika naziri: "Bakı ilə enerji körpüsünün yaradılmasını səbirsizliklə gözləyirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başladığı ilk günlərdən etibarən iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli irəliləyiş nümayiş etdirib - ən çətin mövzulardan biri olan Paris Sazişinin 6-cı maddəsinin bir bəndi üzrə tarixi konsensusa nail olunub.
Aralarında dövlət başçıları, nazirlər, beynəlxalq QHT-lərin nümayəndələri və gənc ekoaktivistlərin də olduğu konfrans iştirakçıları tədbirin yüksək səviyyədə təşkilini və COP29 sədrinin iqlim məsələlərində uzunmüddətli nəticələrə nail olunmasına sadiqliyini qeyd edirlər.
İştirakçılar arasında Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja da var. O, "Report"a müsahibəsində COP29-dan gözləntiləri, Azərbaycan və Rumıniya arasında enerji sahəsində əməkdaşlıq, həmçinin "yaşıl enerji" dəhlizinin - "Qara dəniz sualtı kabeli" (Black Sea Energy) layihəsinin yaradılması və digər təşəbbüslər barədə fikirlərini bölüşüb.
- COP29 iqlim konfransından nə kimi gözləntiləriniz var, Azərbaycan sədrliyi və beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş konfransdakı səyləri haqqında nə deyə bilərsiniz?
- Əminliklə deyə bilərəm ki, konfrans çox münasib bir vaxtda keçirilir. Bu tədbirin keçirilməsinə böyük ümidlər bəsləyirdik və Azərbaycan onun yüksək səviyyədə təşkili sayəsində bütün gözləntiləri üstələdi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevi və həmkarım, ölkənin energetika naziri Pərviz Şahbazovu təbrik edirəm.
COP29-da bütün iştirakçıların həm təşkilati məsələlərə, həm də səmərəli iqlim danışıqlarına cəlb olunduğu hiss olunur. Gözləniləndən daha çox, yəni 70 000-dən artıq insanın qəbul edilməsinin necə bir çağırış olduğunu təsəvvür edə bilirəm.
Bütün dünya Bakıda cərəyan edən hadisələri diqqətlə izləyir və suallar verir: "Liderlər hansı tədbirləri görəcəklər? Onlar iqlim maliyyələşdirməsi ilə bağlı sözlərdən konkret qərarlara keçə biləcəklərmi?" Nəticədə vətəndaşlar enerji və kommunal xidmətlərin qiymətlərinin azalmasını, şirkətlər isə daha rəqabətqabiliyyətli enerji gözləyirlər. Biz məhz buna nail olmalıyıq.
COP29 Rumıniya üçün iki böyük nüvə reaktorunun, həmçinin Çernavodada daha iki əlavə reaktorun tikintisi haqqında müqavilələrin imzalanması istiqamətində unikal imkan yaradır. 2032-ci ilə qədər başa çatdırılması planlaşdırılan bu layihələr 1 400 meqavat təmiz enerjinin istehsalını təmin edəcək. Bu, irəliyə doğru məsuliyyətli addımdır.
Ona görə də Bakı mənim üçün həmişə mühüm hadisələr və böyük uğurla assosiasiya olunacaq. Vətəndaşlarımıza konkret investisiyalar və maliyyələşdirmə lazımdır. Biz sözlərdən real əməllərə keçirik.
- Qara dənizin dibi ilə "yaşıl enerji" kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi hansı mərhələdədir və ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrinə görə bu təşəbbüsün dəyəri nə qədərdir?
- İlk növbədə qeyd etmək lazımdır ki, bu, hamımız - Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan üçün son dərəcə mühüm layihədir. Bu kabeli Azərbaycanın Avropaya açılan qapısı adlandırmaq olar. İstəyirəm ki, Rumıniyanı regionumuzda ən etibarlı tərəfdaşınız hesab edəsiniz. Düşünürəm ki, Aİ çərçivəsində Azərbaycanla strateji tərəfdaşlığımız hələ 2009-cu ildə başlayıb.
Rumıniya üçün "yaşıl dəhliz" enerji təhlükəsizliyi məsələsidir, çünki layihə enerji marşrutlarımızı şaxələndirir. Bu, həm də ekoloji cəhətdən təmiz və daha ucuz enerjidir. Enerji marşrutlarını nə qədər çox inkişaf etdirə bilsək, enerji bir o qədər ucuz olacaq. Bu isə öz növbəsində şirkətlərin rəqabətqabiliyyətli, həyat səviyyəsinin isə yüksək olmasını istəyən vətəndaşlarımız üçün vacibdir.
Biz idarələrarası müşavirə keçirdik və orada layihənin hazırlanması üzrə podratçı olan "Chessy" şirkəti tərəfindən əlavə nəticələr təqdim olundu. Biz, həmçinin fiber-optik kabeldən istifadə imkanlarını nəzərdən keçiririk.
Bolqarıstan bu təşəbbüsə qoşulma prosesindədir, Moldova da layihədə maraqlıdır.
Hələ dəqiq rəqəmlərdən danışmaq tezdir. Düşünürəm ki, söhbət bir neçə milyarddan gedir, amma hələ yekun qiymətləndirmə yoxdur. Məsələ ondadır ki, dəyərindən asılı olmayaraq, enerji təhlükəsizliyinə qiymət təyin etmək olmaz. Ona görə də ümid edirəm ki, dörd dövlətin hamısı layihəni maliyyələşdirəcək.
Həmçinin ümid edirəm ki, Avropa Komissiyası maliyyələşdirmədə iştirak edəcək, çünki bildiyiniz kimi, bu təşəbbüs 2022-ci ilin dekabrında Buxarestdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirakı ilə işə salınıb.
Hətta dünən Aİ ilə görüşdə mən həll yolunun tapılması və lazımi maliyyələşdirmənin təmin edilməsi ilə bağlı çağırış etdim.
- Azərbaycan və Rumıniya arasında qazın tədarükünə dair müqavilə imzalanıb. Bu müqavilə qarşıdan gələn payız-qış mövsümü üçün uzadılıbmı? Ümumiyyətlə bu sahədə Azərbaycanla əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Rəsmi olaraq biz bunu hələ etməmişik. Lakin Bakıya son səfərim zamanı həmkarımla bütün müzakirələrimizə əsasən, bu, daha çox formal xarakter daşıyır.
Əslində, müqavilənin uzadılması ehtiyac yarandıqca baş verəcək. Hazırda Rumıniya öz istehlakını quruda və sahilyanı zonada qaz hasilatı hesabına təmin edir. 2027-ci ildə Qara dənizdəki "Neptune Deep" layihəsi sayəsində hasilatı ikiqat artırmağı planlaşdırırıq. Ehtiyac yaranarsa, biz həmişə ölkənizə etibarlı tərəfdaş kimi güvənə bilərdik. Əminik ki, Azərbaycana güvənməyə davam edə bilərik, eləcə də Azərbaycan Rumıniyaya güvənə bilər.
- Azərbaycan və Rumıniya arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq barədə fikirlərinizi bölüşə bilərsinizmi?
- Bizim üst-üstə düşən məqsədlərimiz var. Rumıniya çoxsaylı fotovoltaik panellər və külək turbinləri quraşdırır. Ümumilikdə biz hazırda üç-beş, bəlkə də altı il ərzində tikilməli olan təxminən 10 000 meqavat maliyyələşdiririk.
Bilirəm ki, Azərbaycanın da eyni dərəcədə iddialı planları var. Ona görə də düşünürəm ki, burada qabaqcıl təcrübənin tətbiqi üçün çoxsaylı imkanlar mövcuddur. Bundan əlavə, biz ofşor külək enerjisi haqqında qanun qəbul edən ilk ölkəyik. Bu da investisiyaların cəlb edilməsinə kömək edəcək. Ümid edirik ki, gələn ilin sonuna qədər Qara dənizdə ilk konsessiyaları əldə edəcəyik ki, bu da bizə 2032-ci ilə qədər burada ilk külək fermalarına sahib olmağa imkan verəcək.
Yenə də, ümumi təchizat üzrə birgə səylər göstərmək üçün Azərbaycanla əməkdaşlıq imkanları var. Buraya xərcləri azaltmaq və bu enerji körpüsünü qurmaq kimi bir sıra məsələlər daxildir. Bu bizim xəyalımızdır - Bakı ilə Buxarest arasında enerji körpüsü yaratmaq.
- Siz Azərbaycandan "yaşıl enerji"nin alınmasını və üçüncü ölkələrə ixracını nəzərdə tutursunuz?
- Bu da, yerində istehsal etdiyimiz enerjidən əlavə, burada, Azərbaycanda olacaq. Enerji dəhlizinin əsas məqsədi bu körpünün hər iki tərəfində ekoloji cəhətdən "təmiz enerji"yə çıxışı təmin etməkdir.
- Azərbaycanın iştirakı ilə Konstansa limanında mayeləşdirilmiş təbii qaz terminalının tikintisi layihəsi öz aktuallığını saxlayırmı?
- Məncə, bu, çox tələb olunan layihə olardı. Biz bunu ötən dəfə müzakirə etmişdik. Bilirəm ki, artıq texniki-iqtisadi əsaslandırmamız var, ona görə də layihənin nəyi nəzərdə tutduğunu başa düşürük.
Sadəcə uyğun maliyyə mənbələrini tapmaq qalır. Bu layihə "Şaquli dəhliz"i və bir çox digər təşəbbüsləri tamamlayır. Eyni zamanda Azərbaycana ehtimal ki, məhdud imkanlar pəncərəsinə malik olan resurslardan səmərəli istifadə etməyə imkan verir.
Dünya tədricən qalıq yanacaqlardan imtina edir. Kömür əvəzlənir və qaz vacib keçid enerji mənbəyinə çevrilir. Nüvə enerjisi orta və uzunmüddətli perspektivdə həll yolu ola bilər. Eyni zamanda, Rumıniya bu layihəni tam və qeyd-şərtsiz dəstəkləyir - bizə sadəcə maliyyələşdirməni təmin etmək lazımdır.
Güman edirəm ki, layihənin ən çox xərc tələb edən hissəsi Azərbaycan və Gürcüstan arasındakı infrastrukturla bağlıdır. Bu, onun uğurla həyata keçirilməsinin açarıdır. Şəxsən mən bu layihəni tam dəstəkləyirəm.
Seçilən
29
50
oxu.az

10Mənbələr