AZ

Paşinyanın Roma Papası ilə söhbəti nə vaxtadək sirr qala bilər?..

Image

Noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Vatikana səfər edərək Papa Birinci Fransisklə görüşüb. Baş nazirin Vatikana səfərinin və Roma Papası ilə görüşünün gündəminin nədən ibarət olduğu məlum deyil.

Maraqlıdır, Paşinyanla Roma Papası Birinci Fransisk bu görüşdə nələr barədə danışa bilərlər? Paşinyan Birinci Fransiskdən hansı dəstəyi almağa çalışacaq? Bu ilin yazında baş tutan Baqrat Qalstanyan hərəkatı hələ tam neytrallaşnayıb, bəlkə baş nazir Papadan imkanları daxilində erməni kilsəsinə təsir göstərməyi təvəqqe edəcək?

Abutalıb Səmədov: "Azərbaycanın tələb edəcəyi təzminat yüz milyardlarla dollar ola bilər ki, bu da rəsmi İrəvanı çıxılmaz vəziyyətə salacaq"

Suallarımızı cavablandıran politoloq Abutalıb Səmədov dedi ki, Roma Papası həm dini rəhbər kimi, həm də Vatikanın dövlət başçısı kimi dünyada böyük nüfuza malikdir: "Dövlət başçıları onunla görüşməyi arzulayırlar və bu cür görüşlərə can atırlar. Baxmayaraq ki, Roma Papası ilə görüşlərin nəticəsi o qədər də ciddi olmur, bu görüşlərdən elə ciddi nəticələr gözlənilmir.  Ancaq bu cür görüşlər dünya mətbatında əks-səda doğurur, ciddi müzakirələrə səbəb olur. Dövlət başçıları da adətən bu imkandan yararlanmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan Ermənistanı bu sahədə qabaqlayıb. Roma Papası hələ ulu öndərin vaxtında Azərbaycana səfərə gəldi, daha sonra 2006-cı ildə Papanın Azərbaycana  təkrar səfəri oldu. 2020-ci ildə Azərbaycan prezidenti və vitse-prezidenti Roma Papası ilə görüşdülər. İndi də Paşinyan bu imkandan yararlanmaq istəyir, buna can atır. O yaxşı bilir ki, bu görüşün o qədər də ciddi nəticəsi olmayacaq. İnanmıram, Paşinyan ümid eləsin ki, katoliklərin dini rəhbəri erməni kilsəsinə və din xadimlərinə ciddi təsir imkanlarına malik ola bilsin. Amma Ermənistanda Paşinyanı kilsə və din xadimlari dəstəkləmir, kilsə aktiv şəkildə onun əleyhinə çıxış edir. O, bu görüşdən dindarlar arasında öz nüfuzunu artırmaq üçün istifadə edə bilər. Lakin əsas məsələ odur ki, Ermənistanda kilsənin də elə böyük nüfuzu yoxdur. Qalstanyan hərəkatı da göstərdi ki, xalq onlara dəstək vermir. Dindarların başlatdığı bu hərəkatın arxasında müxalifət və xarici qüvvələr, ilk növbədə də Rusiya dururdu. Qalstanyanın bu yaxınlarda Rusiyaya səfəri də bu dəstəyin artırılmasının müzakirəsi üçün edilmişdi. Ancaq göz qabağındadır ki, Qalstanyan hərəkatı hakimiyyətə elə ciddi problem yarada bilmədi, ölkədə gözlənilən əks-sədanı doğurmadı və sönməkdə davam edir, bundan sonra da elə bir perspektivə malik deyil. Bu baxımdan Paşinyanın öz hakimiyyəti üçün hansısa narahatlıq keçirməsi, din xadimlərindən ehtiyat etməsi və Roma Papasından da buna görə yardım istəməsini mümkünsüz hesab edirik.

Roma Papasi dünyada ən böyük nüfuza malik olan insanlardan biridir, aktiv şəkildə siyasi məsələlərə müdaxilə edir. Roma Papası etnik azlıqlarla bağlı mütəmadi çıxışlar edir, görünür Nikol Paşinyan da bu məqamdan yararlanmaq fikrindədir. Çünki Ermənistan hakimiyyəti yaxşı bilir ki, Azərbaycan ona vurulan zərərin ödənilməsi üçün ciddi iş aparir. Azərbaycanın tələb edəcəyi təzminat yüz milyardlarla dollar ola bilər ki, bu, rəsmi İrəvanı çıxılmaz vəziyyətə salar. Bu səbəbdən o, görünür, "Qarabağ erməniləri" kartından istifadə etməyə çalışır. Bu istiqamətdə Papanın dəstəyini almaq, Azərbaycanı "etnik təmizləmədə" suclayaraq bunu Papanın diqqətinə çatdirmaq istəyir. Baxnayaraq ki, antiterror əməliyyatından dərhal sonra Paşinyan özü bəyan etmişdi ki, Azərbaycan hökuməti dinc əhaliyə qarşi heç bir zorakılıq tətbiq etməyib. Dinc əhaliyə qarşı zorakılıq faktı yoxdursa, etnik təmizləmədən söhbət gedə bilməz. Amma Paşinyanın da ritorikası tədricən dəyişdi, Azərbaycanı etnik təmizləmədə günahlandırırlar. Görünür, Papadan da bu istiqamətdə dəstək almaq istəyir. Bu, təbii ki, bizim üçün xoşagəlməz bir haldır. Bu amili biz daima diqqətdə saxlamalıyıq. Paşinyan hakimiyyəti dünyada müəyyən hüquqşunasları, tanınmış adamları, deputatları öz tərəfinə çəkə bilib və onlar bu yalançi etnik təmizləmə ittihamına dəstək verirlər. Bu da beynəlxalq ictimai rəyə öz təsirini göstərir. Təbiidir ki, biz də əlimizdən gələni etməliyik ki, ermənilər Roma Papasını bu məsələyə qoşa bilməsinlər. Çünki bu, Roma Papasının fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Roma Papasının təşəbbüsü ilə "Miqrant" heykəli ucaldılıb. Yəni etnik təmizləmə, azlıqların hüquqları və miqrasiya Papanın həmişə diqqətindədir və biz də bunu nəzərə almalıyıq.

Eyni zamanda Roma Papası və Vatikan dünyanın müxtəlif regionlarında sülhə nail olunmasına da ciddi səy göstərir. Hətta Papa Ukrayna ilə bağlı sülh planını irəli sürmüşdü, sülh təklifi ilə çıxış etmişdi. Bu da Ukraynanı ciddi şəkildə narazı salmışdı. Ukraynada Roma Papasının əleyhinə ən yüksək səviyyədə etiraz bəyanatları səsləndirilmişdi. Görünür Paşinyan sülh sazişinə dəstək verməsi üçün Vatikana etdiyi səfərdən yararlanacaq. O, Roma Papasını inandirmağa çalışacaq ki, hətta yarımçıq olsa belə, sülh sazişi təcili imzalanmalıdır, Azərbaycanla Ermənistan arasında sülh sazişinə ciddi ehtiyac var. Roma Papasının bununla bağli Ermənistana dəstək bəyanatı verməsi bizim üçün mənfi hal olardı. Ona görə də biz buna imkan verməməliyik.

Bununla yanaşı, Paşinyan abstrakt "Dünya kəsişməsi" layihəsini görüşdüyü hər kəsin diqqətinə çatdırır. Bütün səfərlərində o layihəni təbliğ edir. Heç şübhəsiz ki, Roma Papası ilə görüşdə də bu layihədən danışacaq. Kommunikasiyaların açılmasında maraqlı olduğunu söyləyəcək. Bu istiqamətdə nəzərdə tutduqları planları dilə gətirəcək. Roma Papasının "Dünya kəsişməsi" layihəsinə dəstək verməsini xahiş edəcək. Güman edirəm ki, Paşinyanın Roma Papası ilə görüşündə müzakirə olunacaq məsələlər və onun ala biləcəyi üstünluklər bunlardan ibarət ola bilər. Buz də bu məsələləri diqqətdə saxlamali və imkan verməməliyik ki, erməni təbliğatı Vatikanda da öz istəyinə nail ola bilsin".

Dəniz NƏSİRLİ





Seçilən
37
baki-xeber.com

1Mənbələr