AZ

“Xızı–Abşeron” KES layihəsi gerçəkləşir

Bu həftə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının tikinti meydançasında ilk turbin quraşdırılacaq. Bu barədə yerli mətbuata müsahibəsində “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli bildirib.

Bərpaolunan enerji sahəsində dünya lideri olan “ACWA Power”in “yaşıl” enerji layihələrinin genişləndirilməsi üçün Azərbaycan və Mərkəzi Asiyaya xüsusi diqqət yetirdiyini vurğulayan şirkət rəhbərinin sözlərinə görə, sözügedən regionların külək və günəş enerjisi potensialı olduqca yüksəkdir. O deyib ki, şirkət Azərbaycanda 400 min evi elektrik enerjisi ilə təmin edəcək 140 meqavat gücündə böyükmiqyaslı qurudakı külək elektrik stansiyası layihəsi üzərində işləyir. Baş icraçı direktorun sözlərinə görə, artıq layihə son maliyyə hesablarının bağlanışına çatıb və bir qədər əvvəl tikinti işlərinə başlanılıb. 

Bununla yanaşı, Marko Arçelli SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində COP29-da təqdim olunan layihədən də söhbət açıb. O bildirib ki, şirkətin ölkəmizdə ikinci böyük layihəsinin potensial gücü 3,5 giqavatdır ki, bu da Azərbaycanın “yaşıl” enerjisini Avropaya ixrac etmək üçün iddialı planlarına uyğundur. Hazırda layihənin başlanğıc mərhələsində olduğunu xatırladan şirkət rəhbərinin sözlərinə görə, yaxın aylarda müqavilə sahəsində külək ölçmələrinə başlanılacaq, birgə komanda tərəfindən enerji istehsalı potensialı və bununla bağlı xərclər qiymətləndiriləcək. “ACWA Power” rəhbəri, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə qazın Avropaya uğurlu nəqlini həyata keçirən Azərbaycanın hazırda özünü “yaşıl” enerji ixracatçısı kimi mövqeyini gücləndirmək üçün unikal imkana malik olduğunu vurğulayıb.

Xatırladaq ki, “Xızı–Abşeron” layihəsi Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə həyata vəsiqə qazanıb. Sözügedən sənədə əsasən, 240 meqavatlıq külək qurğusunun tikintisi Səudiyyə Ərəbistanı şirkətinə həvalə olunub. Ötən müddətdə layihənin reallaşdırılmasına 300 milyon ABŞ dolları ayrılıb. Bu isə Səudiyyə Ərəbistanı şirkətinin öz ölkəsindən kənarda yatırdığı ən böyük investisiyasıdır.

 “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının təməli isə 2022-ci il yanvarın ­13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə qoyulub. İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək. 

Ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyası layihəsi sənaye həcmli bərpaolunan ilk enerji layihələrindəndir. Eyni zamanda, stansiya Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerjisi istehsal edən qurğusu olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda ölkəmizdə ən böyük külək elektrik stansiyası Xızı rayonunun ərazisində yerləşən 50 meqavat gücündə olan “Yeni Yaşma” stansiyasıdır. Burada hər birinin gücü 2,5 meqavat təşkil edən 20 külək turbini quraşdırıldığı halda, “Xızı–Abşeron”da isə hər birinin gücü 6,5 meqavat olan 37 ədəd külək turbini fəaliyyət göstərəcək. 

Stansiya iki məkanda – Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək və optimal külək yığımı nəzərə alınaraq yerləşdiriləcək. 25 il müddətinə “tikinti-sahiblik-istismar” (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək stansiya “ACWA Power” şirkəti tərəfindən idarə ediləcək. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyən bu layihə, həm də qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəcək.

Seçilən
16
xalqqazeti.az

1Mənbələr