Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
Almaniya hakimiyyəti Rusiya ilə hərbi toqquşmalar zamanı ölkənin necə davranacağı ilə bağlı gizli “Alman Əməliyyat Planı”nı qəbul edib.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu yaxınlarda qəbul edilən “Alman Əməliyyat Planı” əsasında artıq Almaniyada mülki qüvvələr və Bundesverin ilk birgə təlimləri keçirilib.
“Almaniya Əməliyyat Planı” strateji sənədinin ilk variantı 1000 səhifədir və onun təfərrüatları gizli saxlanılır. O, Almaniyada hərbi səbəblərə görə xüsusi mühafizəyə layiq olan bütün binaların və infrastrukturların siyahısını da verir.
Plana əsasən, Rusiya NATO-nun şərq cinahında manevr edəcəyi təqdirdə Almaniya on minlərlə, bəlkə də yüz minlərlə əsgərin cəmləşdiyi mərkəzə çevriləcək.
Sənəddə ölkə iqtisadiyyatının rolu da açıqlanır.
Polkovnik-leytenant və Hamburq Dövlət Komandanlığının rəhbəri Yorn Plişke yerli şirkətləri hər yüz işçiyə ən azı beş yük maşını sürücüsü hazırlamağa çağırıb.
Onun sözlərinə görə, Almaniya yollarında yük maşınlarının 70 faizini Şərqi Avropalılar idarə edir. “Əgər orada müharibə başlasa, bu insanlar harada olacaqlar?",- deyə sula verən polkovnik-leytenant şirkətlərə böhran vəziyyətində görəcəkləri işlərlə bağlı konkret plan hazırlamağı tövsiyə edib.
Y. Plişke almanlara ölkədə getdikcə daha çox baş verən pilotsuz təyyarələrin uçuşları, casusluq cəhdləri, silah anbarlarının aşkarlanması və top-menecerlərə sui-qəsd planlarını da xatırladıb. O vurğulayıb ki, Almaniya düşməni dəf etməyə hazır olmalıdır və buna "döyüş meydanının formalaşdırılması" deyilir.
Polkovnik-leytenant əlavə edib ki, Rusiya artıq müharibəyə hazırlaşır: “Dörd-beş ildən sonra Rusiya hücum etməyə hazır olacaq. İndi Rusiya ayda 25, Almaniya isə ildə 3 döyüş tankı istehsal edir".
E. KAMAL