AZ

Qreta Tunberqin uğursuz Qafqaz səfəri – ANALİZ

Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, nüfuzunu hər ötən gün artırması Qərbin müəyyən dairələrinin yuxusuna haram qatır, anti-Azərbaycan şəbəkə fəallaşır. Bu dəfə də COP29 kimi mötəbər tədbirin Bakıda təşkil edilməsi müxtəlif dairələri “narahat edib”. Bu səbəbdən də Qərbin bir sıra QHT və siyasətçiləri, rəsmi və qeyri-rəsmi şəxsləri müxtəlif anti-Azərbaycan çıxışlar edir, məntiq və məzmuna uyğun olmayan çıxışlar, dezinformasiya, saxta xəbərlərin tirajlanması kimi cılız addımlar atılır. Bu dəfə isə özünə iqlim fəalı adı verən Qreta Tunberq oyuna cəlb edilib. Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanda keçirilən COP29 tədbiri əleyhinə təşkil edilən aksiyada isveçli qızın səsləndirdiyi şüarlar müəyyən suallar doğurub. İlk olaraq, iqlim fəalı olan Qretanın siyasi şüarlar səsləndirməsi qəribədir. Artıq onun siyasi dairələrin, erməni pulu ilə bəslənən lobbi və QHT-lərin oyuncağına çevrilməsi göz önündədir. Bəs görəsən, Qərb siyasi kulislərinin, qlobalistlərin və Soros Fondunun marionetinə çevrilən bu Tunberq kimdir?

Qısa arayış

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, medalyonun görünən üzündə Qreta Tunberq ictimaiyyəti ətraf mühitə diqqət yetirməyə çağıran məşhur İsveç ətraf mühit fəalıdır. 2003-cü ildə Stokholmda anadan olan Qretanın anası opera müğənnisi Malena Ernman, atası isə aktyor, prodüser və rejissor Svante Tunberqdir. 2014-cü ildə həkimlər qızda Asperger sindromunu (autizmin bir forması), diqqət çatışmazlığı pozğunluğunu və hiperaktivlik əlamətlərini aşkar etdilər. Amma onun belə problemlərinin olması çirkin niyyətlərini həyata keçirmək üçün bütün yollara baş vuran Qərb dairələrinin vecinə də deyildi. Xəstə, psixoloji problemi olan, ağır uşaqlıq travmaları yaşayan Qretadan ilk olaraq isveçli PR mütəxəssisi İnqmar Rentzhoq istifadə edib. O, 2018-ci ilin avqustunda, azyaşlı Qreta İsveç parlamentinin divarları qarşısında təkbaşına etiraz edərkən onu görüb. Bundan bir qədər əvvəl Rentzhoq özünün “We Don t Have Time” ekolayihəsini yaratdı və sonra Qretanın pankartları altında ona bir neçə milyon dollar topladı. PR mütəxəssisi yağlı tikə tapdığını anlayaraq, bir sıra biznes layihələrdən Tunberqdən istifadə edərək böyük sərvət topladı. Sonradan isə məlum oldu ki, Rentzhoqun müəllimi “Real iqlim” hərəkatı və onun rəhbəri ABŞ-nin keçmiş vitse-prezidenti Albert Qordur. Qor kimi “yaşıl” mövzusundan pul qazanmağı bilən ikinci adam Avropada tapmaq bir az çətindir. 2000-ci illərdə Qor karbon qazı emissiyalarının ticarəti ilə on milyonlarla dollar qazanıb.

Qretanın digər “sahib”lərindən biri də Corc Sorosdur. Çünki amerikalı maliyyəçinin təşkilatları ilə əlaqəli olduğu bilinən alman ətraf mühit fəalı Luiz Marie Nevbayer tez-tez Tunberqin yanında görünür. Qor və Soros kimi şəxslərin külli miqdarda pul xərclədikləri layihələr məhz onun kimi liderləri yetişdirməyə yönəlib. Bu səbəbdən də tam məsuliyyətlə demək olar ki, Qreta Tunberq Corc Soros və Qərb dairələri əlində alətə çevrilmiş marionetdir. Soros Fondunun Azərbaycandan biabırçı şəkildə qovulmasından sonra quyruq acısını unuda bilməyən qurum hər fürsət düşdükcə içindəki zəhəri çölə buraxmağı özünə adət edib. Bu səbəbdən də Qretanın Gürcüstanda və Ermənistanda Azərbaycan əleyhinə şüarlar səsləndirməsi, iqlim aktivistliyini unudaraq, bildi-bilmədi siyasətə baş vurması küləyinin haradan əsdiyi artıq məlumdur.

Qafqaz fiaskosu

Qərb mətbuatında yayılan xəbərə görə, guya Qreta Azərbaycanın quru sərhədləri bağlı olması səbəbindən və təyyarədə səfərdən uzun müddətdir imtina etdiyi üçün Bakıya gələ bilməyib. Bu səbəbdən də Cənubi Qafqaz regionunun Gürcüstan və Ermənistan kimi ölkələrinə səfər edərək, gərgin siyasi mühitə qoşulub. Yaxşı, bəs ekofəalın Cənubi Qafqazın siyasi mühitində nə işi var? Bu barədə danışmağa, şüar səsləndirməyə Qretanın hansı savadı və təcrübəsi var? Orta məktəbi belə bitirməyən şəxsin Qərbdən minlərlə kilometr uzaqda yerləşən regionun siyasi mühiti barədə hansı məlumatları var ki, fikir səsləndirsin?

Tbilisiyə noyabrın 4-də gələn Qreta bu ölkədə keçirilən etiraz aksiyalarının birində iştirak edib. Dediyinə görə isə, Gürcüstan xalqının demokratiya və azadlıq uğrunda mübarizəsində onlara dəstək duracaq. Amma onun gürcü etirazçılara dəstək bəyanatı hökumətin əleyhdarları tərəfindən birmənalı qarşılanmayıb. Müxtəlif ölkələrə səfərlərində mühafizəkarların və iqlim dəyişikliyini inkar edənlərin etirazları ilə üzləşən Tunberq Gürcüstanda dəstəkləmək istədiyi qrupların etirazları ilə üzləşib. Onlar hesab edirdilər ki, Tunberqin mövqeləri Tbilisi küçələrində nümayiş keçirən gürcü liberallarının fikirləri ilə tamamilə ziddiyyət təşkil edir.

Bununla yanaşı, Tunberq Tbilisidə müxalifəti Azərbaycan və Türkiyə səfirlikləri qarşısında etiraza səsləsə də, fiaskoya uğrayıb. Çünki bir çox liberal və qərbyönlü gürcülər bu fikirlə razılaşmırlar və hesab edirlər ki, Azərbaycan Respublikasının neft və qaz kəmərləri Gürcüstanı Avropa ilə birləşdirmir, həm də ölkənin enerji müstəqilliyinə də zəmanət verir. Sosial şəbəkələrdə liberallar və qərblilər Tunberqin Gürcüstana səfərinə reaksiya verib və siyasi mövqelərinə görə ona hücum ediblər. Bəziləri fələstinliləri dəstəklədiyinə görə onu “antisemit”, kapitalizmi tənqid etdiyinə görə isə “kommunist” adlandırırdılar.

Gürcüstan fiaskosundan sonra Qreta sahiblərinin göstərişi ilə Ermənistana keçdi. Paytaxt İrəvana keçən Tunberqə burada da ciddi maraq göstərən olmadı. Erməni KİV-də yayılan xəbərlərdə dərc edilən fotolardan da görünür ki, 4-5 müxalifət nümayəndəsindən başqa onu dəstəkləyən olmayıb. Hətta kənd sakinləri onu tanınmış şəxs hesab edərək, foto çəkdiriblər. Fotolarda da Qretanın üzünü turşutmasından məlum olur ki, o, qarşılanmadan və ona qoşulanların sayından ciddi şəkildə narazıdır. Hər nə qədər Ermənistanda Azərbaycan əleyhinə mövqe tutsa da, paytaxt İrəvanda BMT ofisi qarşısında keçirilən aksiyada iştirak edənləri barmaqla saymaq olardı. Bunu sübut edən video və foto materiallar internetdə kifayət qədər var.

İşin maraqlı tərəfi odur ki, “Guardian” qəzetinə müsahibəsində Tunberq qərəzli iddialar səsləndirərək, Azərbaycanı insan haqlarını dəhşətli şəkildə pozmaqda ittiham edib. Ötən ilin aprel ayında Amsterdamda keçirilən iqlim nümayişi zamanı Qretanın həbsinə isə məhz Azərbaycan hökuməti etiraz etmiş, bunun Qərbin ikiüzlü siyasəti olması barədə bəyanat səsləndirmişdi. Belə olduğu halda Tunberq rəsmi Bakının dəstəyini “unudaraq”, Qərbin ruporu kimi Azərbaycan əleyhinə şüarlar səsləndirib. Bu isə nadanlıq və yaxın keçmişi unutmaqdan başqa bir şey deyil.

Göründüyü kimi, “demokratik” və “insan hüquqlarına hörmət edən” Qərb psixi problemləri olan, ağır travmalar yaşayan Qretadan artıq siyasi məqsədləri üçün istifadə edir. Bu, əslində Qərb siyasi dairələrinin və Soros fondu kimi qurumların cılızlaşmasından xəbər verir. Artıq Azərbaycan əleyhinə əlində tutarlı dəlil olmayan Qərb Qreta Tunberq kimi özünü eko aktivist adlandıran şəxsləri siyasi arenaya sürür. Siyasətdən, qlobal məsələlərdən heç bir məlumatı olmayan, Qafqaz regionu ilə tanış olmayan belə marionetlərin anti-Azərbaycan şüarları, siyasi bəyanatları artıq gülüş doğurur…

Seçilən
19
2
nocomment.az

3Mənbələr