“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin milli komandasının heyətində növbəti rəsmi oyununa çıxıb.
Arena.az xəbər verir ki, Sent Martin millisi KONKAKAF Millətlər Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Qrenada yığması ilə qarşılaşıb.
Lebonun komandası səfərdə baş tutan bu oyunda 3:0 hesabı ilə qalib gəlib. Start heyətində meydana çıxan Lebon 90+5-ci dəqiqədə əvəzlənib.
Kilan bu görüşdə dubla imza atıb. O, 87 və 90+3-cü dəqiqələrdə rəqib qapısına yol tapıb. Futbolçu bu oyunun ən yaxşısı seçilib.
Qeyd edək ki, 6 oyuna 6 xal toplamış Sent Martin yığması yer aldığı B qrupunda sonuncu olub. Kurasao millisi 13 xalla qrup lideri olub. Sent Lusiya yığması 9 xalla ikinci, Qrenada yığması isə 7 xala 3-cü yeri tutub.
Kilan Lebon 2023-cü ilin sentyabr ayında debüt etdiyi Sent Martin milli komandasının heyətində 7 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Lebon 2023-cü ilin yanvar ayında Qazaxıstanın “Astana” klubundan azad agent kimi ayrılaraq “Neftçi”yə keçib. 27 yaşlı sol vinger indiyə qədər paytaxt təmsilçisinin heyətində 70 oyuna çıxıb. O, bu oyunlarda 6 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub.
Lebon karyerası ərzində “Beroe”, “Şambli”, “Utrext”, “Ayaçço”, “Astana”, “Paris” və “Kretey” kimi klubların formasını geyinib.