Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə sonuncu sınağına çıxıb.
Arena.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız qrupdakı altıncı oyununda İsveç milli komandası ilə qarşılaşıb.
Solna şəhərindəki “Strauberri Arena”da təşkil olunmuş oyunu polşalı FIFA referisi Pavel Raçkovski idarə edib.
Xatırladaq ki, yığmamız UEFA Millətlər Liqasının cari mövsümündə yalnız bir neçə gün öncə Qəbələdə qəbul etdiyi Estoniya ilə ev oyunundan xalla ayrılmışdı – 0:0. Millimiz əvvəlki bütün oyunlarında uduzmuşdu. İlk sınağında İsveç millisinə Bakıda 1:3 hesabıyla uduzmuş komandamız Slovakiya yığması ilə səfər oyununda 0:2 hesablı məğlubiyyətə üzülmüşdü. Estoniya ilə səfər, Slovakiya ilə ev oyunlarımız da 1:3 hesablı məğlubiyyətlərlə yekunlaşmışdı.
Bu oyundan öncə 1 xala malik komandamız C Liqasına düşmək təhlükəsi ilə üz-üzəydi. Komandamız ya birbaşa D Liqasına düşəcəkdi, ya da C Liqasında qalmaq üçün aşağı liqada qrup ikincisi olanlardan biri ilə pley-offda mübarizə aparacaqdı. Pley-offa getmək üçün Azərbaycan millisi İsveçə mütləq qalib gəlməli idi. Amma təəssüf ki, biz futbolçularımızdan möcüzə gözlədiyimiz halda, onlar bu taleyüklü matçda daha biabırçı oyun göstəriblər və yekunda 0:6 hesablı məğlubiyyətə üzülüblər.
Beləliklə, qrup sonuncusu olan yığmamızın gələn mövsümdən D Liqasında oynayacağı artıq dəqiqdir.
Qeyd edək ki, bu gün qrupumuzun digər oyununda Slovakiya yığması evdə Estoniya seçməsini tək qolla üstələyərək qrup ikinciliyini qoruyub.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
19 noyabr
İsveç – Azərbaycan 6:0
Qollar: Deyan Kuluşevski, 10; 57. Viktor Dyökereş, 26; 37; 58; 70.
Matçın 49-cu dəqiqəsində Aleksander İsak penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Pavel Raçkovski, Radoslav Seyka, Adam Kupsik, Voyçex Muç (hamısı Polşa).
Solna. “Strauberri Arena”. Saat 23:45.
İsveç: 12. Viktor Yohansson, 5. Qabriel Qudmundsson (20. Nils Zatterström, 90+1), 9. Aleksander İsak, 13. Ken Sema, 14. Anton Saletros, 15. Karl Starfelt, 16. Yesper Karlström (7. Lukas Berqvall, 66), 17. Viktor Dyökereş (19. İsak Lidberq, 90+1), 18. Yasin Ayari (2. Emil Holm, 53), 21. Deyan Kuluşevski (k), 22. Sebastyan Nanasi (10. Emil Forsberq, 66).
Ehtiyat oyunçular: 1. Yakob Zetterström, 23. Kristofer Nordfelt, 4. Henrik Kasteqren, 6. Samuel Dahl, 8. Daniel Svensson, 11. Niklas Eliasson.
Baş məşqçi: Yon Dal Tomasson.
Azərbaycan: 23. Rza Cəfərov, 2. Amin Seydiyev (21. Abbas Hüseynov, 56), 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 6. Ozan Can Kökçü (18. Ceyhun Nuriyev, 46), 7. Coşqun Diniyev, 9. Nəriman Axundzadə (11. Ramil Şeydayev, 46), 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k) (14. Zamiq Əliyev, 46), 17. Toral Bayramov, 20. Aleksey İsayev (22. Musa Qurbanlı, 63).
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev, 12. Aydın Bayramov, 8. İsmayıl İbrahimli, 16. Səbuhi Abdullazadə, 19. Xəyal Nəcəfov.
Baş məşqçi: Fernando Santos.
Xallar: İsveç – 16. Slovakiya – 13. Estoniya – 4. Azərbaycan – 1.