AZ

“Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm” – Fernandu Santuş

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə İsveç yığmasına qarşı son matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, 0:6 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun oyundan sonra mətbuat konfransı keçirilib.

Portuqaliyalı çalışdırıcı məsuliyyəti öz üərinə götürdüyünü bildirib:

“Bizim düzgün yolumuz bu deyil. Bu günə qədərki oyunlarda deyirdim ki, düzgün yoldayıq. Amma bu oyunla bunu təsdiqləyə bilmərəm. Buna görə də məsuliyyəti öz üzərimə götürürəm.

Yaxşı hazırlaşmışdıq. Rəqibi analiz edəndən sonra seçilmiş strategiya idi. Oyuna yaxşı başlamadıq. Erkən qollar buraxdıq və sonradan geri dönüş edə bilmədik, məğlub olduq. Yenə deyirəm başverənlərdə günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm.

Mən danışmaq üçün nəsə demirəm. Bu, həyatım boyu belə olub. Həmişə nə düşünürəmsə, onu deyirəm. Bu oyun bizim, hətta mənim üçün dərs olmalıdır və mən bundan nəticə çıxarmalıyam. Yenə deyirəm, heç kimi qınaya bilmərəm, bütün məsuliyyət mənim üzərimdədir.

Mən sizi inandırmağa çalışmıram. Sadəcə inanıram ki, nəyisə dəyişmək olar. Bu cür oyunları unutmaq olmaz. Belə oyunları analiz edib, nələrisə götür-qoy edib, düzəlişlər etməliyik.

Mən ilk gündən nəinki danışıram, hətta yazıram futbolçularım üçün. Deyirəm və yazıb göstərirəm ki, Azərbaycan naminə oynamaq lazımdır. Yenə deyirəm, son üç oyundakı çıxışları məndə inam yaratmışdı.

Mən qürur hissi keçirirəm ki, Azərbaycan millisinin baş məşqçisiyəm və əlimdən gələni də edirəm ki, yaxşı nəticələr qazanaq. Ən çətini odur ki, Azərbaycan xalqı hazırkı nəticələrdən məyusdur”.

Seçilən
52
6
futbolinfo.az

9Mənbələr