AZ

Son 60 GÜN... – Tramp Baydenin “III Dünya Müharibəsini başlatmaq” qərarını LƏĞV EDƏCƏK?

ABŞ prezidenti Cozef Baydenin Ukraynaya Rusiyanın 300 km dərinliklərinə ATACMS raketləri ilə zərbə endirməyə icazə verməsi dünyanın diqqət mərkəzindədir. Xüsusən də, Ukrayna Müdafiə Qüvvələrinin ilk dəfə olaraq Rusiya ərazisinə - Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyektə sözügedən raketlərlə zərbə endirməsi barədə xəbərdən sonra bu məsələ daha da aktuallaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Bayden və Harrisi təhqir etdi - VİDEO


Üstəlik, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Baydenin bu qərarı ilə bəşəriyyəti III Dünya Müharibəsi ilə üz-üzə qoyduğunu vurğulayıb.

Ekspertlər Baydenin qərarının təkcə Ukrayna yox, həm də ABŞ-ın digər NATO müttəfiqləri üçün ciddi problem yarada biləcəyi qənaətindədir.

Maraqlıdır, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hüquqi və siyasi baxımdan Baydenin qərarını əngəlləyə bilərmi?

Politoloiq İlqar Vəlizadə Bizim.Media-ya açıqlamasında bunun mümkün olduğunu bildirib:

“Məncə, Tramp hakimiyyətə gələn kimi ilk saatlarda Baydenin bir çox sənədlərini ləğv edəcək. Həm də açıq şəkildə, kameralar qarşısında. Yeri gəlmişkən, vaxtilə 2016-ci ildə seçiləndə o, Ağ Evdəki prezident kürsüsündə oturan kimi ilk olaraq Obamanın qərarlarını ləğv etmişdi”.

Politoloqun fikrincə, bu qərarın yerinə yetirilməsi müharibənin şiddətini artıracaq:

“Təbii ki, Rusiya bunu cavabsız saxlamayacaq. Müharibənin şiddəti artacaq. Yəqin ki, bundan ilk zərər çəkən Ukrayna olacaq. Hadisələr onu göstərir ki, hər dəfə Ukraynaya əlavə silah-sursat göndəriləndə müharibənin şiddəti və fəsadları daha da çoxalır”.

İlqar Vəlizadənin fikrincə, bütün hallarda bu addım Trampın əleyhinə yönəlib:

“Bu, Trampın danışıqlarda imkanını zəiflətməyə şərait yaradır. Çünki Tramp seçki kampaniyası zamanı bildirmişdi ki, Ukrayna münaqişəsini həll edəcək. İndi ona çətin olacaq. Hər halda, bütün bu addımlar ona çətinlik törətmək üçün atılır”.

“Qərarı ləğv etmək yeni prezidentin hüququdur”

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev isə hesab edir ki, bu qərarı ləğv etmək Trampa asan başa gəlməyəcək:

“Baydenin bu qərarı ABŞ-ın Ukraynaya davamlı dəstək siyasətinin tərkib hissəsidir. Çünki ABŞ Rusiyanın hərbi təcavüzünə qarşı çıxmışdı. Ona görə belə qərarın verilməsi bütövlükdə legitim xarakter daşıyır.

Amma belə bir qərar həm ABŞ-ın daxilində, həm NATO müttəfiqləri ilə münasibətlərində, həm də beynəlxalq münasibətlərdə müxtəlif məsələlərdə, ilk növbədə hüquqi aspektdə narahatlıqlar yarada bilər. Yəni ABŞ-da Prezident Administrasiyaları arasında xarici siyasət ardıcıllığı hüquqi baxımından məhdudlaşdırılmayıb.

Baydenin qərarı legitimdir, amma eyni zamanda yeni prezident bu qərarı istənilən vaxt ləğv edə bilər. Bu, onun hüququdur. Lakin burda xarici siyasətdə qərarların ləğvi bir sıra problemlər yarada bilər. Həm hüquqi, həm də institutsional planda çətinliklər ortaya çıxa bilər”.

Hüquqşünas deyir ki, ABŞ-nin Ukraynaya silah tədarükü və maddi yardımlar etməsi ilə bağlı konkret müqavilələr var və onlar bu gün də qüvvədədir. Bu qərarlar müəyyən müddət ərzində həyata keçirirlməlidir:

“Hər dövlət də öz müqavilə öhdəliklərini yerinə yetirməlidir. Bunu güman ki, yeni seçilən prezident nəzərə alacaq”.

“Qərarın ləğvi Tramp üçün risklər yarada bilər”

Əlməmməd Nuriyev bildirib ki, ABŞ daxilində Ukraynaya yardımla bağlı böyük müzakirələr davam edir:

"Çox fərqli fikirlər var. Respublikaçıların bir çoxu bunu dəstəkləmir, bir qismi isə tərəfdardır. Dəstəkləməyənlər bunun ABŞ-nin milli maraqlarına zidd olduğu qənaətindədir. Yeni uzaq mənzilii raketlərin verilməsi və bunun təbiqinin şübhəsiz ki, ABŞ-nin milli təhlükəsizlik maraqlarına zidd olduğu iddia oluna bilər. Amma qlobal baxımından bu, zidd deyil. Ona görə Baydenin qərarının ləğvi Tramp üçün də müəyyən risklər yarada bilər.

Nəzərə alsaq ki, ABŞ ictimaiyyəti də Ukraynanı müdafiə edir, onda problemlərin yaranması ehtimalı daha böyükdür.  Eyni zamanda ABŞ-nin NATO daxilindəki müttəfiqləri ilə də müəyyən problemləri yarana bilər. Çünki NATO daxilində Rusiyaya münasibət,  sanksiyalar, silahlarla təchiz etmə məsələsi ilə bağlı birmənalı mövqe yoxdur. Bəzi dövlətlər - Macarıstan, Slovakiya, hətta Almaniyanın özü də bəzi hallarda uzaqmənzilli silahların Ukraynaya verilməsinin əleyhinədir. Təbii ki, bunlar da Tramp üçün müəyən narahatlıqlara səbəb ola bilər”.

“Rusiyanın cavab reaksiyası olacaq”

Hüquqşünas qeyd edib ki, Ukraynanın raket hücumu davam edərsə, bu, daha geniş miqyaslı münaqişəyə çevrilə bilər:

“Bir məqam da NATO-nun kollektiv müdafiə strategiyasının 5-ci maddəsi ilə bağlıdır. Belə silahların Ukraynaya verilməsi 5-ci maddənin tələbləri ilə bir qədər ziddiyyət də yarada bilər. Çünki bu artıq NATO dövlətlərinin birbaşa müharibədə iştirakı deməkdir ki, bu da eskalasiyanın daha da artmasına yönələn bir hərəkət ola bilər.

Şübhəsiz ki, Rusiya tərəfindən buna cavab reaksiyaları olacaq. Bu da təkcə Ukrayna – Rusiya yox, daha genişmiqyaslı münaqişə üçün əsas yarada bilər. Çünki Rusiya bu raketlərdən istifadəni Qərbin birbaşa müdaxiləsi kimi qəbul edə bilər. Bu da Rusiya tərəfindən NATO ölkələrinə qarşı daha genişmiqyaslı hibrid tədbirlər, hətta hərbi tədbirlər görülməsinə səbəb ola bilər. Bunu istisna etmirəm.

Əgər raket hücumu davam edəcəksə, Ukrayna ilə qonşu Avropa ölkələri Rusiyanın hədəfinə çevrilə bilər. Eyni zamanda bu raketlərin verilməsi ABŞ-nin öz hərbi ehtiyatlarına da təsir edə bilər. Hərbi ehtiyatlar bu riskləri daşıya biləcəkmi? ABŞ həm də öz təhlükəsizlik ehtiyatları, ordunun ehtiyatları barədə də düşünməlidir.

Amma yenə də düşünmürəm ki, bu qərar tamamilə ləğv ediləcək.

Tramp adminstarsiyası dövründə Ukraynaya humanitar yardımlar genişlənə və ya  əvəzlənə bilər. Bütün hallarda bu gün münaqişə genişlənməkdədir. Rusiya Ukraynanın yeni şəhərlərini işğal etməkdə davam edir. Ukraynanın müdafiə potensialı getdikcə zəifləyir. Ona görə də uzaqmənzilli silahlara daha çox ehtiyacı var. Heç olmazsa dərinləşən müdaxiləni, yeni şəhərlərin işğalının qarşısını ala bilməsi üçün Ukrayanaya bu silahlar lazımdır”.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
72
50
bizim.media

10Mənbələr