AZ

G20-nin Braziliya sammiti...

Əsas diqqət iqlim probleminə, aclığa və yoxsulluğa istiqamətlənib

Milyarderlərdən yeni əlavə vergi yığılacaqmı?

Noyabrın 18-də Rio-de-Janeyroda “İyirmilik” (G20) ölkələrinin sammiti işinə başlayıb. Müasir İncəsənət Muzeyində keçirilən tədbirin təhlükəsizliyinin təmin edilməsi üçün Braziliya Müdafiə Nazirliyi 9000 hərbçini səfərbər edib.

Qeyd edək ki, Rio-de-Janeyro sammitinə G20-nin bütün daimi üzvləri, eləcə də digər ölkələrin - Anqola, Boliviya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya və Vyetnamın liderləri dəvət olunub. Tədbirdə ümumilikdə 42 ölkə lideri, BMT-nin ?aş katibi Antonio Quterreş və başqa təşkilatların rəhbərləri iştirak ediblər. Rusiya isə tədbirə xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti ilə qatılıb. Sergey Lavrov tədbir çərçivəsində aclıq və yoxsulluqla mübarizə, qlobal idarəetmə institutlarında islahatlara həsr olunmuş plenar iclaslarda iştirak edib.

Qlobal ÜDM-in 85, qlobal ticarətin 75 faizini təşkil edən G20...

1999-cu ildə yaradılan G20 (Group of Twenty, G20) dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarının qeyri-rəsmi forumudur. Makroiqtisadi siyasət, maliyyə tənzimlənməsi və digər iqtisadi məsələlərin müzakirəsi üçün əsas platformalardan biri kimi çıxış edən forum “Bretton Woods” sisteminin institutları - Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə də sıx əməkdaşlıq edir. G20-yə Rusiya, Çin, ABŞ və Almaniya da daxil olmaqla 19 dövlət, həmçinin iki regional assosiasiya (Aİ və 2023-cü ildən Afrika İttifaqı) daxildir. G20 üzvləri qlobal ÜDM-in təqribən 85 faizini və qlobal ticarətin 75 faizini təşkil edir. Forum dünya əhalisinin demək olar ki, üçdə ikisinin yaşadığı ölkələri əhatə edir. Dünya Bankının prezidenti, BVF-nin icraçı direktoru, həmçinin Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin və BVF-nin İnkişaf Komitəsinin sədrləri də iclasların daimi üzvləridir.

G20-nin 2008-ci ildən bu günə qədər ümumilikdə 18 sammiti keçirilib. 2023-cü il dekabrın 1-dən 2024-cü il noyabrın 30-dək qrupa sədrlik Braziliyaya məxsusdur. Bundan öncəki sammit 9-10 sentyabr 2023-cü ildə Yeni Dehlidə (Hindistan) keçirilib. Həmin sammitdə Rusiya və Çin liderləri görüşə gəlməkdən imtina etmişdilər - sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, Çini hökumət başçısı Li Qianq təmsil edib.

Qeyd edək ki, Braziliya sammitində əsas mövzu kimi yoxsulluq və bərabərsizliyə qarşı mübarizə, enerji keçidi, qlobal iqlim problemi və beynəlxalq institutlarda islahatların aparılması (BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatı da daxil olmaqla) kimi məsələlər seçilib. Sammit Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansın fəaliyyətə başlaması ilə start götürüb. Braziliya tərəfi bildirib ki, təşəbbüs aclıqla daha effektiv mübarizə aparmaq üçün ölkələri, beynəlxalq təşkilatları və özəl sektoru səfərbər etmək məqsədi daşıyır.

Bəyannamə qəbul edildi...

Dünən G20 Liderlər Sammitinin bəyannaməsi dərc olunub. Bəyannamədə İsrailin Qəzza və Livana hücumları və Rusiya ilə Ukrayna arasındakı müharibəyə diqqət çəkilib. Digər tərəfdən, sammitdə Braziliyanın super varlılar üçün qlobal vergi yaratmaq təklifi də müzakirə edilib. Sənəddə İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağına və Livana hücumları səbəbindən humanitar vəziyyətin fəlakətli həddə çatdığı və dərin narahatlıq doğurduğu bildirilib. Bəyannamədə Rusiya-Ukrayna müharibəsi nəticəsində insanların əziyyət çəkməsi də vurğulanıb - humanitar vəziyyətin çətinliyi önə çəkilib. Müharibənin qlobal ərzaq və enerji təhlükəsizliyinə, təchizat zəncirlərinə, makromaliyyə sabitliyinə, inflyasiyaya və böyüməyə mənfi təsirləri diqqətə çatdırılıb. Bəyannamədə münaqişələrin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub: “Hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləyən bütün müvafiq və konstruktiv təşəbbüslər alqışlanır. Münaqişələrə və böhranlara son qoymaq səyləri üçün diplomatiya və dialoq vacibdir. Davamlılıq və rifah yalnız sülh yolu ilə əldə edilə bilər”.

Bəyannamədə iqlim böhranı ilə mübarizədə G20 ölkələrinin qətiyyətinə diqqətin çəkilib: “Yoxsul ölkələr üçün daha çox maliyyəyə ehtiyac var. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün dövlət və özəl iqlim üzrə maliyyə və investisiyaların artırılması üçün beynəlxalq əməkdaşlıq və dəstəyin artırılması vacibdir. Dayanıqlı iqtisadi artımın təmin edilməsi üçün beynəlxalq iqtisadi sistem təşviq edilməlidir”.

Bəyannamədə meşələrin mühafizəsi və davamlı şəkildə qorunması istiqamətində səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. Yerli icmaların və yerli xalqların üzləşdiyi problemlərə toxunan bəyannaməni imzalayan tərəflər  meşələr üçün yeni vəsaitlərin səfərbər edilməsini öhdəsinə götürüb.

Bildirildiyi kimi, sammitdə Braziliyanın super varlılar üçün qlobal vergi yaratmaq təklifi də müzakirə edilib. Vurğulanıb ki, dünyanın 3300 milyarderi sərvətlərinin 2 faizini yaşadıqları ölkələrdə qlobal vergi kimi ödəsələr, aclıq və iqlim dəyişikliyi və yoxsulluqla mübarizə layihələrini maliyyələşdirmək üçün ildə 200-250 milyard dollar toplamaq mümkün olacaq.

Paraqvay prezidenti xəstəxanaya düşdü...

Sammit çərçivəsində bəzi gözlənilməz hadisələr də baş verib. Paraqvay prezidenti Santiaqo Penanın səhhəttində problem yarandığı üçün o xəstəxanaya yerləşdirilib. Son məlumatlara görə, Santiaqo Pena özünü yaxşı hiss edir. Bu barədə respublikanın vitse-prezidenti Pedro Alliana X sosial şəbəkəsində yazıb. “Mən yüngül xəstəlik səbəbindən xəstəxanada olan prezident Santiaqo Pena ilə danışdım”, -deyən vitse-prezident əlavə edib ki, hər şey qaydasındadır, tibbi müayinələrin nəticələri gözlənilir.

Xatırladaq ki, Santyaqo Pena noyabrın 19-da ürək nahiyəsində ağrıdan şikayət edərək həkimlərlə əlaqə saxlamışdı. Onlar 46 yaşlı prezidenti xəstəxanaya yerləşdirməyi qərara alıblar - Pena həkimlərin nəzarəti altında bir gün tibb müəssisəsində qalıb.

Şolts açıqladı: Almaniya Rusiyanı vurmaqdan imtina edir

Sammitdə Almaniya kansleri Olaf Şolts da “hədəfə” düşüb. Şoltsun Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin verilməsindən imtinası ilə bağlı mövqeyinin dəyişməyəcəyini bildirməsi ona qarşı təzyiqləri açıq şəkildə artırıb - bununla bağlı “Politico” diplomatik mənbələrə istinadən məlumat yayıb. “Kansler Şolts üçün müəyyən məhdudiyyətlər var. O, Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya “Taurus” raketlərinin verilməsini istəmir. Və onun mövqeyi dəyişməyəcək”, - Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib. Qeyd edək ki, Şolts G20 sammiti zamanı bildirib ki, Almaniya Ukrayna Silahlı Qüvvələrinə “Taurus” uzaqmənzilli raketlərini verməmək qərarına sadiqdir.

Paris Moskvanın “əlini sıxdı”...

Bloomberg-in jurnalistlərinin diqqətini isə sammitdə Fransa prezidenti Emmanuel Makronun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əl sıxışması cəlb edib. “Makron G-20 sammitində Rusiyanın xarici işlər naziri Lavrovu tapıb və onun əlini sıxıb”, - deyə agentlik yazıb. Tədbirdə ABŞ prezidenti Co Bayden Lavrova xitabən Ukraynanı dəstəklədiklərini bir daha vurğulayıb. “Vaşinqton Kiyevi güclü şəkildə dəstəkləyir”, - deyə Bayden qarşısında oturan Rusiya diplomatiyasının rəhbərinə müraciət edib.

Makron Trampı hədəfə aldı...

Fransa prezidenti Emmanuel Makron sammitdə çıxışı zamanı birbaşa adını çəkmədən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa tənqidi eyhamlar vurub. “Politico” qəzeti yazıb ki, Fransa lideri G20 sammitində çıxışı zamanı Trampın ilk prezidentliyi dövründə beynəlxalq müqavilələrin kövrəkliyini və yeni ticarət müharibələri riskinin artdığı vurğulayıb. Makron ABŞ-ın 45-ci prezidentin dövründə çıxdığı 2016-cı il Paris iqlim sazişinə xüsusi diqqət yetirib. “Biz Paris iqlim sazişindən sonra irəliləyiş əldə etdik. Amma bütün bunlar kövrəkdir və şərtlərə əməl etməyən ölkələr tərəfindən hər an sual altına düşə bilər. Güclülərin həyata keçirdiyi tarif siyasəti ilə beynəlxalq nizamın məhv edilməsi prosesi başqalarını da eyni addımı atmağa sövq edəcək”, - Makron bildirib.

P.İSMAYILOV

Seçilən
20
yeniazerbaycan.com

1Mənbələr