AZ

Aİ-nin sərhəd missiyası – sülhə və etimad quruculuğuna zərbə

Müşahidəçilik müddətinin uzadılması yəni bu qədər vacibdir?

Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı məsələ yenidən gündəmdədir. İndi bu barədə söz açan Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosdur. Əslində, Maraqosun bu barədə bildirdiklərində hansısa bir qeyri-adilik yoxdur. Ancaq onun dediklərindən gəlinən nəticə budur ki, yaxın günlərdə məsələ ilə bağlı yekun qərar veriləcək.

Əvvəla, onu bildirək ki, Aİ-nin Ermənistandakı mülki missiyası kollektiv Qərbin Cənubi Qafqaz coğrafiyasından, belə demək mümkünsə, siyasi tutacaq yeridir. Amma, böyük ölçüdə, bu təsisat təskinlikdən başqa bir şey deyil. Halbuki, əvvəl tamam başqa təsəvvürlər var idi. Sadəcə, gözləntilər özünü doğrultmadı. Səbəb Azərbaycanın apardığı uğurlu xarici siyasət kursudur.

Qətiyyətlə demək olar ki, ölkəmiz Aİ missiyasının lazımsız quruma çevrilməsində həlledici rol oynadı. Təsisat Fransanın kustar üsulla düzəldilmiş oyuncağı obrazından çıxa bilmədi. Qərbdə yaxşı anladılar ki, missiyanın iş prinsipini gücləndirmək, onu hərbiləşdirərək NATO-nun strukturu halına salmaq, Azərbaycanla münasibətlərə xələl gətirəcək. Parisin kor erməni sevdasına görə buna gedilə bilməzdi və gedilmədi. Nəticədə, obrazlı ifadə etsək, müşahidəçilərin binoklları əllərində qaldı.

Bəli, “binokl diplomatiyası” fayda verməsə də, missiya məntiqi Qərbin gündəmindən düşmür. Həm də ona görə düşmür ki, müşahidəçilərin daha fərqli formatda fəaliyyət göstərməsini hesablayanlar qalmaqdadır. Onların baxışlarına görə, missiya gələcək üçün bazadır. Perspektivi Ermənistan hakimiyyətində də düşünürlər. Ən pisi isə budur. Çünki mövcud düşüncə rəsmi İrəvanın alət ampluasını möhkəmləndirir.

Ermənistan iqtidarının təmsilçilərinin məqsədi Aİ-nin müşahidə missiyasını Azərbaycana qarşı mübarizədə daha işlək hala gətirməkdir. İndiki durum onlara sərf etmir və ara-sıra narazılıqlarını dilə gətirirlər. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2023-cü ilin mayında Praqada Transatlantik Münasibətlər Mərkəzindəki müzakirələr zamanı bildirmişdi ki, Aİ-nin müşahidəçiləri ölkəsinin təhlükəsizliyinə heç bir zəmanət vermir, əksinə yeni çağırışlar yarada bilər. Təxminən belə: bizi daha yaxşı qoruyun. Qoruyun ki, siz deyəni edək.

Beləliklə, Ermənistan Aİ missiyasının özü üçün tam təhlükəsizlik çətiri funksiyası daşımasını istəyir. Yəni, ölkə nə edirsə-etsin, hansı oyunbazlığı törədirsə-törətsin, sözügedən təsisat onun müdafiəsində dayansın. Aydındır ki, rəsmi İrəvan tərəfindən idarə olunan sərhəd təxribatları və hərbi eskalasiya mühiti məhz bu təsəvvürdən formalaşmış durumun nəticəsi idi. Lakin bir daha deyək ki, gözləntilər özünü doğrultmadı. Çünki Azərbaycan qətiyyətli mövqe tutdu.

Əminliklə deyə bilərik ki, Ermənistanda Aİ-nin müşahidəçilərinin heç bir gerçək funskiya daşımadığını gözəl anlayırlar. Sadəcə, erməni iqtidarına onun qalması haqqında söz açdığımız gözləntilər baxımından vacibdir. Aİ-nin isə Cənubi Qafqaz müstəvisində qərarlaşmaq baxımından başqa mexanizmi yoxdur. Təsisatın müddətinin uzadılması məsələsi məhz bu iki səbəbdən gündəmdədir.

Deməli, qarşıdakı zaman kəsiyində, yəni, ilin son ayında mövcud istiqamətdəki müzakirələrin daha güclənəcəyi birmənalıdır. Müvafiq surətdə rəsmi İrəvan və Aİ rəsmiləri müşahidəçilərin, guya, vacib olduqlarının PR-nı aparacaq, hansısa formada onun müddətinin uzadılmasına “ehtiyacı” əsaslandırmağa çalışacaqlar. İlk əsaslandırma isə artıq qeydə alınıb.

Yada salaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ay parlamentdəki çıxışında Aİ-nin mülki müşahidə missiyasının mandatının uzadılmasının ciddi şəkildə nəzərdən keçirdiyini vurğulayaraq səbəb qondarmışdı: “Hələ ki, Azərbaycanla imzalanmış və ratifikasiya olunmuş sülh müqaviləsi istisna təşkil etdiyindən, delimitasiya prosesi başa çatmadığından, sabit və uzunmüddətli sülh olmadığından, ölkələrimiz arasında münasibətlər tənzimlənmədiyindən və problemlər qaldığından, şübhəsiz ki, Ermənistan tərəfinin Azərbaycanın mümkün hərəkətləri haqqında müəyyən narahatlığı var”.

A.Mirzoyan onu da bildirmişdi ki, Ermənistana neytral üçüncü tərəfin, yəni Aİ-nin müşahidə missiyasının obyektiv qiymətləndirmə aparması lazımdır. Deməli, müşahidəçilərin müddətinin uzadılması ideyasının müəllifi elə İrəvanın özüdür. Əslində, əvvəldə Aİ-nin Ermənistandakı səfiri Maraqos da bunu vurğulayıb. Yəni, diplomatın müddətin uzadılmasının müzakirə olunduğunu dilə gətiməsindəki məntiqi vurğu İrəvanın üzərinə qoyulub və bu yanaşma Paşinyan iqtidarını yekun qərarın verilməsində həlledici mövqeyə qaldırır.

Görünür, rəsmi İrəvan Bakı ilə sülh gündəmindəki tetatetlik ritorikasına sonadək sadiq qalmaq niyyətində deyil. Ermənistan rəhbərliyi ikitərəfli danışıqlarda, xüsusən, delimitasiya və demarkasiya məsələlərində pozitivliyi qorumaq istəmədiyindən, müşahidəçilər üzərinə siyasi sərmayə yatırmaq barədə düşünür, onları sipər kimi görür. Belə yanaşma etimad quruculuğu tədbirlərinə zərbədir. Azərbaycanın isə mövqeyi qətidir. Ölkəmiz regiona kənar oyunçuların daxil edilməsinə qarşıdır.

Rəsmi Bakı Cənubi Qafqazda kənar qüvvələrin mövcudluğunu məqbul saymadığına görədir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu ilin sentyabrında Aİ-nin missiyası məsələsindən kifayət qədər konkret danışmışdı. O demişdi ki, hazırda iki dövlət arasında nizamlama prosesinin sülh, qarşılıqlı anlaşma şəraitindəki gedişatı var. Bu səbəbdən Aİ-nin sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur, təsisatın fəaliyyətinə xitam verilməsinin zamanı yetişib.

“Binokl diplomatiyası”ndan söz düşmüşkən isə Prezident İlham Əliyevin bu il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlərin üzərində dayanaq. Dövlətimizin başçısı Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyanı önə çəkmişdi. Belə bir təsisatın qalmasının Azərbaycan–Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulayan dövlətimizin başçısı əlavə etmişdi ki, “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Dövlətimizin başçısı, həmçinin mövcud xüsusda ritorik sual səsləndirmişdi: “Buna nə ehtiyac var idi?!”

Əlbəttə, şərti sərhəddə avropalı müşahidəçilərə heç bir ehtiyac yox idi, indi də yoxdur. Lakin Azərbaycan hələ 2022-ci ilin oktyabrında buna razılıq vermişdi. Dəqiq desək, razılıq missiyanın cəmi iki ay ərzində fəaliyyət göstərməsini nəzərdə tuturdu. Lakin müşahidəçilərin regionda qalma müddəti bir neçə dəfə də uzadılıb.

Prezident İlham Əliyev “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə, Azərbaycanın Aİ ilə təmaslarda bu məsələnin qaldırılacağını dilə gətirmişdi. Aİ-nin Ermənistandakı səfiri cənab Maraqos isə bir çox detallara aydınlıq gətirməsə də, Azərbaycanın Aİ-yə qarşı ittihamlarına cavab verərkən deyib ki, təşkilatın sözügedən missiyası yerlərdə insanların təhlükəsizliyini gücləndirmək üçün əla iş görür. “Əla iş”in nə demək olduğu məlum deyil. Görəsən, şərti sərhəd zolağı boyunca pikap avtomobillərlə yol gedib-gəlmək işdirmi? Hər halda, təsisatın ötən ilə dair hesabatında müşahidəçilərin neçə kilometr yol qət etmələrini əks etdirən mənasız rəqəmlərdən başqa heç nə yox idi.

Sonda əvvəldə vurğuladığımız bir fikirlə bağlı onu da bildirək ki, Aİ-nin sərhəd missiyası, istər-istəməz, Azərbaycanla sülh gündəliyində Ermənistanı dilemma qarşısında qoyur və səmimiyyət mühitinin formalaşmasına əngəl törədir. Bu missiya, eyni zamanda, rəsmi İrəvanın barışa yanaşmasının mənfi indiqatorudur. Yaxşı olar ki, Ermənistan hakimiyyətindəkilər mövcud məqamı nəzərdən keçirsinlər, nəticə çıxarıb düzgün qərar versinlər. Verəcəklərmi? Bunu zaman göstərəcək...

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
12
4
xalqqazeti.az

5Mənbələr