AZ

COP29-un 10 günü...

Fərqli mövzular, innovativ yanaşmalar, inklüziv həll yolları...

Artıq 10-cü gününü yaşadığımız COP29 davam etməkdədir. Qlobal dünyanı maraqlandıran və narahat edən məsələlərin müzakirə edildiyi platforma bütün dünyada diqqətlə izlənilir. Xüsusilə, yeni dövrün, müasir trendlərin əsas inklüziv predmetlərini özündə əks etdirən panel iclasları, toplantılar böyük maraqla qarşılanır. Həmin panel iclaslarında ortaya qoyulan məsələlər qlobal əhəmiyyət daşımaqla yanaşı, gələcək nəsillərin sağlam inkişafına da mühüm töhfələr vəd edir. Bu mənada, COP29-un uğurları əvəzedilməzdir.

İqlim dəyişmələrinə qarşı mübarizədə gənclərin rolu...

Yeri gəlmişkən, COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı “İqlim dəyişmələri ilə mübarizədə gənclərin fəallığı və təhsil imkanları” adlı konfrans keçirib. Konfransda 15 ölkədən QHT rəhbərləri, ekspert və ekofəallar iqlim fəaliyyətləri, onun yan təsirləri ilə mübarizədə gənclərin fəal iştirakı, təhsil imkanları və davamlı əməkdaşlığa dair təqdimatlar ediblər. Müzakirələrin yekununda iştirakçı ölkələrin QHT liderləri, ekspert və ekofəallarının iştirakı ilə “İqlim dəyişmələri ilə mübarizədə fəal “yaşıl iştirakçılıq” üzrə” Tərəfdaşlıq Şəbəkəsinin qurulması nəzərdən keçirilib.

Eyni zamanda, COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu və Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) tərəfindən İnklüziv İqlim Fəaliyyəti - “Afrika və Azərbaycan birgə iqlim fəaliyyətləri üçün maliyyələşmə mexanizmləri” mövzusunda tədbir baş tutub. Tədbirdə iqlim dəyişmələri ilə bağlı fəaliyyətlərin həyata keçirilməsində maliyyə mexanizmlərinin rolu mövzusunda müzakirələr aparılıb. Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimai birliklərə ayırdığı maliyyə təcrübəsi afrikalı QHT-lərlə bölüşülüb.

Afrika QHT-ləri də təkcə inkişaf etmiş ölkələr tərəfindən deyil, eyni zamanda, Pan-Afrika ölkələri səviyyəsində dövlətlərin yerli icmaların iqlim fəaliyyətlərinin həyata keçirilməsi üçün maliyyə ayırmasının əhəmiyyətinə toxunublar. Tədbirdə, həmçinin Afrika və Azərbaycan tərəfdaşlığının əhəmiyyəti də vurğulanıb.

İdman COP29-un kölgəsində - Dayanıqlı hərəkat üçün “Fit” həllər...

Qeyd edildiyi kimi, sağlam gələcəklə bağlı priorietlər COP29-un əsas hədəfləri sırasındadır. Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “İdman COP29-un kölgəsində - Dayanıqlı hərəkat üçün “Fit” həllər” mövzusunda tədbirin keçirilməsi də bu baxımdan təsadüfi sayıla bilməz.  Tədbirin əsas hədəfi COP29-un məqsədlərinə uyğun olaraq idmanın dayanıqlı təcrübələrin təbliğatındakı əhəmiyyəti və iqlim fəaliyyətinə göstərilə biləcək dəstəyin gələcək təşəbbüslər üçün vacibliyini vurğulamaq olub. Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun moderatorluğu ilə baş tutan tədbirdə İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) baş katibi Nasser Ayman Majali, “Real Betis” fondunun baş meneceri Rafael Muela Pastor və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək, perspektivləri müzakirə ediblər. Bundan başqa, iqlim mövzusunda gənc təşəbbüslərin təqdimatına da yer ayrılıb. Belə ki, Mavi Planet Alyansının Qlobal Səfiri Zek Lubin və “SECOTO International Green” şirkətinin təsisçisi və baş icraçı direktoru Patiens Şumbuşo da çıxış ediblər.

Xəzərin ekoloji problemləri müzakirə edilir

COP29 çərçivəsində ən aktual müzakirə predmetlərindən biri də Xəzər dənizinin ekoloji poroblemləridir. Artıq günlərdir ki, bu mövzuda fərqli toplantılar reallaşdırılır. Noyabrın 19-da da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlılığının və biomüxtəlifliyin qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub. Bildirilib ki, ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və bu kimi digər amillərlə bağlıdır.

Qeyd edilib ki, Tehran Konvensiyası kimi tanınan saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Tədbirdə Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin aerasiya prosesini ciddi şəkildə pozduğu, dəniz fauna və florasının məhv olmasına gətirib çıxardığı bildirilib.

Prolblemlərin həllinə elmi yanaşma...

Təbii ki, iqlim dəyişikliyinə qarşı mübarizədə elmi yanaşmalara daha çox ehtiyac duyulur. COP29 çərçivəsində akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu ilə birgə “Elm, texnologiya və innovasiya / rəqəmsallaşma günü” tematikası üzrə “Xəzərin reallıqları: davamlı inkişaf” mövzusunda tədbir keçirib. Tədbirdə çıxış edən natiqlər müasir dünyamızda baş verən iqlim dəyişmələri, havada temperaturun artması, quraqlıq hadisə, su ehtiyatları, ekoloji problemlər və onlardan çıxış yolları və digər məsələlərə aydınlıq gətiriblər. Tədbirin ikinci hissəsində elmi müzakirələr aparılıb. “Xəzər dənizinin səviyyəsinə iqlimin təsiri”, “Xəzər dənizinin səviyyə rejimi”, “İqlim dəyişikliyi kontekstində Xəzər dənizinin buzu”, “İqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin qiymətləndirilməsi: iki ssenarili modelləşdirmə metodu” mövzularında çıxışlar edilib. Tədbirin sonunda akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu arasında memorandum imzalanıb.

COP29-da ATACH Günü...

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının 9-cu günündə ATACH Günü keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev iqlim dəyişikliyinin qlobal problem və bəşəriyyət üçün real təhlükə kimi dövrümüzün ən çox müzakirə olunan mövzularından biri olduğunu qeyd edib. Bildirilib ki, son vaxtlar yalnız uzaq gələcəkdə mümkün kimi qəbul edilən problem indi qapımızı “döyür”. Quraqlıq, su qıtlığı, anomal istilər və dəniz səviyyəsinin qalxması insanları əsrlər boyu yaşadığı məkanlardan tərk etməyə məcbur edir.

Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğu və 2024-2026-cı illər üçün Alyansın həmtəşkilatçısı kimi çıxış edəcəyi vurğulanıb: “ATACH iqlim və sağlamlıq məsələləri üzrə milli və beynəlxalq əməkdaşlıq üçün əsas qlobal platforma rolunu oynayır. Alyans Şarm əl-Şeyx Uyğunlaşma Gündəliyinə (COP27), COP28-in Sağlamlıq Bəyannaməsi və 77-ci Ümumdünya Səhiyyə Assambleyasında qəbul edilən İqlim Dəyişikliyi və Sağlamlıq üzrə Qətnamə də daxil olmaqla, COP26 Səhiyyə Gündəliyinin nailiyyətlərinə və sonrakı təşəbbüslərə əsaslanır”.

Qeyd olunub ki, Azərbaycan COP29-a ev sahibliyi edərək yaşıl enerjiyə keçidə sadiqdir. Hazırda ATACH 90-dan çox ölkə və ərazi, həmçinin mühüm missiyada birgə çalışan 70-dən çox tərəfdaşı birləşdirir. Bundan əlavə, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirləri gücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir. İqlim dəyişikliyinin təhlükəli xəstəliklərin yayılmasına, səhiyyə sistemləri üçün yük yaratdığı və maliyyə dayanıqlığına xələl gətirməsinə səbəb olduğu vurğulanıb. Bu cür böhranlar nəticəsində ən həssas əhali təbəqələri əziyyət çəkir. Bu baxımdan, innovasiya, texnologiya və tədqiqatları stimullaşdırmaq üçün böhrana birgə reaksiyadan yaranan imkanlardan istifadə etməyin vacibliyi qeyd olunub. Bu tədbirlər daha sağlam gələcəyə və daha möhkəm sistemlərə gətirib çıxaracaq.

Ərzaq təhlükəsizliyi əsas prioritetlərdəndir...

XXI əsr üçün ən aktual məsələlərdən sayılan ərzaq təhlükəsizliyi məsələsi də COP29-da müzakirə edilib. Bununla bağlı “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” adlı yan tədbir keçirilib. COP29 Sədrliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupunun (CGIAR) ilə birgə təşkil etdiyi tədbir Ərzaq və Kənd Təsərrüfatı Gününə həsr olunub. CGIAR-ın icraçı direktoru İsmahane Elouafi çıxışında bildirib ki, bu gün dünyamız iki qeyri-adi çağırışla üz-üzədir və dünyanın ən təcili iki problemi olan iqlim dəyişikliyi və qida təhlükəsizliyi bir-biri ilə sıx əlaqəlidir. Dünyanın ərzaq ehtiyatının üçdəbirini təmin edən və dünya təsərrüfatlarının 83 faizini təşkil edən 500 milyon kiçik təsərrüfatçının bir çoxu iqlim dəyişikliyindən xüsusilə əziyyət çəkən bölgələrdə yaşayır, bu da hər gün onların həyatını və dolanışığını təhlükə altına qoyur.

Məruzəçi, həmçinin təmsil etdiyi qurumun dünyanın müxtəlif regionlarında həyata keçirdiyi elmi tədqiqat, tətbiqi təşəbbüslər və innovativ yanaşmalar barədə məlumat verib. Qeyd edilib ki, tətbiqi innovasiyalar metan emissiyalarını 30 faiz azalda bilər, heyvandarlıq istehsalında istixana qazlarının azaldılması üçün yol xəritəsi təqdim edə və daha geniş tətbiq və siyasət inteqrasiyası üçün əsas yarada bilər. Çıxışlarda elmi və innovativ yanaşmaların ərzaq sistemlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığa sadiq qalmağın, bilik paylaşmağa və iqlimə uyğun ağıllı qida sistemlərini təmin edəcək sərmayələri dəstəkləməyin vacibliyi vurğulanıb.

Ərzaq təhlükəsizliyinə həsr olunan  “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: Fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək”, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: Fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi”  adlı tədbirlərdə də bu istiqamətdə mühüm müzakirələr aparılıb.

Metan emissiyaların azaldılması...

COP29 çərçivəsində ərzaq, kənd təsərrüfatı və su tematik günündə üzvi tullantılardan metan emissiyalarının azaldılması mövzusunda yüksəksəviyyəli tədbir də keçirilib. Tədbirdə COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək üzvi tullantıların metan emissiyalarının əsas mənbələrindən biri olduğunu və bu emissiyaların azaldılmasının iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayıb.

 “AzərEnerji” ASC-nin pavilyonunda isə “SOCAR Trading” şirkətinin təşkilatçılığı ilə “Sıfır emissiyalı elektrik enerjisi: Karbon kreditləri bazarı elektrik şəbəkələrinin dekarbonizasiya edə bilərmi?” mövzusunda panel müzakirəsi keçirilib.

P.SADAYOĞLU 

Seçilən
12
yeniazerbaycan.com

1Mənbələr