Futbolun rəhbəri olan FİFA oyun qaydalarında futbol matçının müddətini belə təsvir edir: ”Matç 90 dəqiqə davam edir və iki bərabər hissədən ibarətdir. Hər hissə 45 dəqiqə davam edir. 15 dəqiqəlik fasilə verilir. Qarşılaşmanın qalibini müəyyən etmək lazım gələrsə, əlavə vaxt tətbiq olunur…”

Bəs niyə məhz 90 dəqiqə? İndex.az xəbər verir ki, müasir futbolun yaranması 1840-cı illərdə İngiltərədə baş verib. Və ilk futbol matçlarının müddəti ilə bağlı dəqiq qərar yox idi.

Ancaq 1866-cı ildə Londonda “Sheffield FC” və “Hallam FC” arasında oynanacaq matçdan əvvəl iki komanda matçın 90 dəqiqə davam edəcəyi ilə bağlı razılığa gəldilər. 1863-cü ildə qurulan Futbol Assosiasiyası bunun standart müddət olacağına qərar verdi.

Həm futbolçuların fiziki imkanlarına, həm də oyunun tempinə uyğunluğuna görə 90 dəqiqə standart vaxt kimi qəbul edilib. Daha uzun müddət oyunçuların zədə riskini artıra bilərdi. Daha qısa müddətin seçilməsi isə oyunun məmnunluğunu azaldacaqdı.

Bu vaxt hesablanarkən futbolçuların matçdan sonra bərpa müddətləri də nəzərə alınıb. Aşağı yaş kateqoriyaları sonrakı illərdə daha geniş yayıldığı üçün FİFA oyun vaxtları ilə bağlı da yeniliklər etdi. Buna uyğun olaraq aşağı yaş kateqoriyalarında 40 dəqiqəlik iki hissə və ya 30-35 dəqiqəlik iki hissədə oynamalarına qərar verilib.