Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi.
Ağdamın işğaldan azad olunması yalnız hərbi qələbə yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir. 1993-cü ildə işğal zamanı 6 mindən çox şəhidin həyatını, 5 minə yaxın insanın sağlamlığını itirdiyi Ağdam, düzgün hərbi-siyasi strategiyanın məntiqi yekunu olaraq bir güllə atılmadan geri alındı. Daha doğrusu, Prezident İlham Əliyevin qətiyyəti və ordunun gücü hesabına erməni Ağdamı rüsvayçı formada boşaltmağı kapitulyasiyanın şərtlərindən biri kimi qəbul etməyə məcbur oldu. Beləliklə, Ağdamın işğaldan azad olunması yalnız hərbi qələbə yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir.
Qarabağın ən böyük yaşayış məskənlərindən biri olmuş, lakin işğal dönəmində yerlə-yeksan edilən Ağdamın bu müharibədə 6 minə yaxın sakini şəhid oldu. Onlardan 16-sı Milli Qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşərək, respublikanın 62 şəhər və rayonunda məskunlaşdı. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəydi.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, o dövrdə Ermənistan Ağdamla yanaşı, digər rayonları da qəsb etməklə, soydaşlarımıza qarşı etnik təmizləmə aparıb. Bununla da özünün əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi tutmaq olduğunu qabarıq şəkildə nümayiş etdirib.
Ermənilərin bu qədim Azərbaycan yurduna yeganə töhfəsi 100 mindən çox mina olub, daha dəqiq desək, havadarlarının dəstəyi fonunda Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi müharibə cinayətlərinin nəticəsi olaraq Ağdam və ətraf ərazilər 27 il ərzində fasiləsiz minalanıb. Ən dəhşətlisi isə daşa-divara qənim kəsilən Ermənistan yaşıllıqlar şəhəri Ağdamda flora və faunanı demək olar ki, məhv edib.
27 il daşı-daş üstünə qoymayan Ermənistandan fərqli olaraq, Azərbaycan bu torpaqların əsl sahibi kimi Ağdamı yenidən inşa etməkdədir. İşğala son qoyulmasından cəmi 6 ay sonra elə Ağdam şəhərinin baş planı Prezident İlham Əliyevə təqdim olunub, Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair baş planı təsdiq edilib. Beləliklə, Ağdam Cənubi Qafqazın ən müasir, ən insanyönümlü şəhərlərindən biri və bəlkə də, birincisi kimi yenidən dirçəlməkdədir.
Vətənimizin hər qarışı kimi əziz olan Ağdamın da azad, firavan günlərinin yeni tarixi hesabı açılıb. Artıq 4 ildir ki, müqəddəs torpaqlarımızın bağrını yaran düşmən mərmiləri deyil, traktorların, kənd təsərrüfatı texnikalarının kotanları, malaları, biçin alətləridir. Çünki topraq tək qoruduqca, uğrunda öldükcə yox, həm də əkib-becərdikcə, qurub yaratdıqca Vətən olur!
Biz indi bütün dünyaya göstəririk ki, öz yurdumuzu düşməndən geri almağı bacardığımız kimi, onu dirçəltməyə, gözəlləşdirməyə də hər imkanımız var. Qarabağın mərkəzi rayonu Ağdam ölkə Prezidentinin rəhbərliyi və nəzarəti ilə xarabalıqlardan baş qaldırıb ucalır, yenidən ağ günlərinə qovuşur.
Tənzilə Rüstəmxanlı,
Milli Məclisin deputatı