İlk təəssüratımda qeyd etmişdim – “Gülməli olmayan səfər”. Estoniya ilə Qəbələdə sınıq-salxaq heç-heçə edən milli komandanın bəzi üzvlərinin Stokholma uçan ərəfədə gəlməsi, irişməsi xoş təsir etməmişdi və yazı bu epizod üzərində qurulmuşdu.
Stokholmla tanışlıq bizdə xoş əhval üstünə şən əhval gətirdikcə bəzən o məqam yada düşürdü.
Məqalənin sonunda qeyd etmişdim ki, İsveçlə oyunda baxarıq, gülməli nə var…
Bir çox oxucular gülənlərin adını bilmək istəyirdi. Onsuz da ad yazmayacaqdım, çünki məqsəd bu deyildi, daxili ab-havası aşağı səviyyədə olan millinin bundan sonra daha peşəkar ab-havada idarə edilməsini təlqin etmək idi…
Bilirsiniz, Stokholm məndə çox yaxşı təəssüratlar yaratmışdı və mən düşünürdüm, arzulayırdım ki, pis nəticəyə uğramayaq, onları sizinlə bölüşüm. Amma 0:6 hesablı faciəvi məğlubiyyət əhvalı elə təlx edib ki, milliyə görə gəldiyin səfərdən təəssürat paylaşmaq belə istəmirsən…
Yazının sərlövhəsini tam eyni cür Xorvatiya səfərində 0:6 hesabıyla uduzanda da istifadə etmişdim. Onda da futbolumuzun altının da, üstünün də sıfır olduğunu qeyd etmişdim… İndi də.
Əfsus ki, rəhbərliklər dəyişir, ancaq dəyişməyən bir şey var – millimiz mütləq 5-6 ildənbir 6 qol buraxır. Bu altı bağlılığı, altı ilə yaxınlıq Həmid Herisçi demiş, mütləq bir mistik anlam ifadə edir. Ancaq o qədər zəhlətökən vəziyyətdir ki, bu dərinliklərə baş vurmaq həvəsi də qalmayıb.
Əzbəri qulaq düşən məsələlərə yenidən qayıtmadan məcburi deyingənliyə baş vurmaq istəyirəm: futbolumuz nəyimizə baxıb düzəlsin?
Nəyimiz düzdür, sistematikdir, peşəkardır?!
Altını üstünə çevirib, tazə gülüstan tələb edənimiz də yoxdur ki, “yol yoldaşına”, “silahdaşına” çevrilək.
Heç bilmirəm, milyonlarla pulu “yeyib gəyirən” bu begemot iştahlı, yarıtmaz futbolumuzdan nə gözləyirik… Niyə gözləyirik… Nə istəyirik?!
Elçin Cəlilov
P.S.
Hə, yaxşı, strategiya yazılır, danışmayaq.
P.P.S.
Hə, yaxşı, futbolçular günahkardır, baş məşqçi təqsirkardır, AFFA. nə bilim nə kardır. Qalan şeylərimiz düzdür!