AZ

Rusiyanın yenilənmiş nüvə doktrinasının ƏSAS MAHİYYƏTİ: “NATO ilə müharibə ehtimalı var”

“Ümumiyyətlə, Rusiya rəhbərliyinin nüvə strategiyasından çəkindirmə aləti kimi istifadə etməsi yeni bir hal deyildir. Hələ 2000-ci ildə Rusiya hərbi doktrina qəbul etdi və həmin hərbi doktrinada açıq-aşkar qeyd olunurdu ki, Rusiya dövlətinə qarşı nüvə silahından istifadə olunacaq və yaxud da ki, konvensional silahlarla Rusiya milli təhlükəsini təhdid edəcək hücum baş verərsə, Rusiya o zaman nüvə silahından istifadə hüququnu öz üzərində saxlayır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Sultan Zahidov deyib.

Analitik ötən gün Rusiya prezidenti Vladimir Putinin nüvə silahının istifadəsi ilə bağlı yenilənmiş doktrinanı təsdiq etməsi məsələsinə toxunub.

Onun sözlərinə görə, bundan sonra dəfələrlə Rusiya rəhbərliyi bununla bağlı əlavə sənədlər qəbul etmiş, Rusiya rəsmiləri çıxışlarında ölkələrinin hər an nüvə silahını əl ata biləcəyi ilə bağlı eyhamlar etmişlər:

“Bu adi çəkindirmə siyasəti olsa da, Rusiya çalışır ki, qarşı tərəf həmişə nəzərində saxlasın ki, Rusiyanın nüvə silahı var və hər an ondan istifadə edə bilər. Təxminən bir il öncə də Putinin göstərişi ilə Rusiyanın taktiki nüvə silahlarını Belarusda yerləşdirilməsi həm də ona xidmət edirdi ki, birincisi, Rusiya çəkindirmə strategiyasını bu yolla davam etdirsin, ikincisi də ki, Belarusun təhlükəsizlik məsələsi Rusiya üçün problematik məsələdən çıxsın”.

S. Zahidov əlavə edib ki, burada Belarus rəhbərliyinin müəyyən narahatlıqları da var idi:

“Ona görə də Rusiya bu addımı atmış oldu. Ən son Putinin dövlət siyasətinin əsaslarını təsdiqləməsi və bu əsaslara nüvə silahını da əlavə etməsi isə onu göstərir ki, Rusiya NATO-nu özünə ciddi bir təhdid olaraq görməkdədir. Ukrayna hərbinin əsas səbəblərindən biri də Kiyevin NATO istiqamətində inteqrasiyası məsələsi idi ki, Rusiya bundan hər vəchdə narahat olurdu. Xatırlatmaq lazımdır ki, vaxtikən Gürcüstan da NATO istiqamətinə siyasət yürütmüş və daha sonra Rusiya Gürcüstanla da müharibə etmişdi. Əslində, NATO Rusiyanın bir “Damokl qılıncı”, hətta “Axilles dabanı”dır və Rusiya öz ətrafında NATO-nun genişlənməsini heç cür həzm edə bilmir”.

Siyasi şərhçinin fikrincə, NATO ilə müharibə ehtimalı hər zaman var:

“Hələ soyuq müharibə dövründə – İkinci Dünya müharibəsindən bu günə qədər sözügedən məsələdə elə bir ciddi bir dəyişiklik yoxdur. NATO-Rusiya gərginliyi hələ də mövcuddur, ikisinin fərqli geosiyasi maraqları var və bu maraqlar Avrasiyada xüsusilə toqquşurlar. Aydın məsələdir ki, koalisiya deyiləndə burada NATO və onun 32 üzvü nəzərdə tutulur. Bilirik ki, NATO Nizamnaməsinin V maddəsində qeyd olunub ki, üzv dövlətlərdən hər hansı birinə hücum bütün üzvlərə hücuma bərabər hesab olunur və həmin hücuma məruz qalan ölkəyə bütün üzv ölkələrə kömək etməlidir”.

Mütəxəssisin qənaətinə görə, Rusiyada analoji olaraq dövlət siyasətinin əsaslarında qeyd olunub ki, koalisiya tərkibində hansı dövlətin Rusiya və onun müttəfiqlərinə qarşı hücumu bütövlükdə həmin koalisiyanın hücumu kimi qiymətləndiriləcək:

“Məsələn, Polşadan Belarusa hücum baş verərsə, Rusiyanın gözündə artıq bu Polşanın hücumu deyil, əksinə, bütün 32 üzvün hücumu kimi dəyərləndirəcək və Rusiya hər bir üzvə qarşı cavab tədbirləri həyata keçirmək haqqını özündə saxlamış olacaqdır. Yəni bu, klassik çəkindirmə metodudur. Loru dillə desək, Rusiyaya eyham verir ki, əgər istənilən NATO üzvündən mənə qarşı təhdid olarsa, mən bütün üzvləri özümə düşmən hesab edəcəyəm və hər birinə qarşı adekvat tədbirlərə əl atmaq haqqımı daşımış olacağam”.

Rafi Müslümov

Seçilən
9
35
yenicag.az

10Mənbələr