AZ

Dünənin, bu günün və gələcəyin partiyası

Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri ayıran 32 illik zaman partiyanın monolitliyinin, sözlə əməl birliyinin, tutduğu yola sadiqliyinin təqdimatıdır. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 800 minə yaxın üzv birləşib. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin məşhur “91-lər”in “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə cavabında Azərbaycanın bu günü və gələcəyi üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə çatdığımızın təsdiqidir. Ümummilli Lider xalqın böyük əksəriyyətinin istəyini ifadə edən müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında bildirmişdir: “Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.

Dahi şəxsiyyət Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi görmək istəyini də açıqladı və bu tezis partiyanın fəaliyyətinin bələdçisinə çevrildi. YAP dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atdı ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir.
YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. YAP Cənubi Qafqazda ən böyük və nüfuzlu siyasi təşkilatdır. Tarixi Zəfərimiz partiyanın da həyatında yenilikləri, təkmilləşməni şərtləndirdi. Belə ki, 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.
32 illik tarixini qələbələr və uğurlarla zənginləşdirərək bu gün dünyaya səs salan tarixi Zəfərimizdə töhfələrinin olmasından qürur hissi keçirir. Hər zaman qarşıdakı dövr üçün hədəflərini açıqlayarkən Yeni Azərbaycan Partiyası bu mühüm vəzifəni qarşısına qoydu ki, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğinə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin və söz sahibliyinin möhkəmləndirilməsinə töhfələr versin. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, soydaşlarımızın torpaq həsrətinə son qoyulması əsas hədəflərdən biri idi.
Bu gün Yeni Azərbaycan Partiyası 32 illiyini məhz Zəfər ruhunda, işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyətimizin rəmzi olan üçrəngli bayrağımızın dalğalandığı, genişmiqyaslı bərpa-quruculuq işlərinin vüsət aldığı, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrildiyi bir zamanda qeyd edir. Bu, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi.
Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına böyük inamını ifadə edərək başa çatdıra bilmədiyi işləri xalqın dəstəyi ilə Prezident İlham Əliyevin başa çatdıra biləcəyini bildirdi. Son 21 ilin uğurları bu inamın təsdiqidir. Ümumilikdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra başlanan inkişaf yolu bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirir, tariximizin uğur, zəfər səhifələri daha da zənginləşir. Yeni Azərbaycan Partiyasının 32 illik tarixi bu yolun uğurlarının təqdimatıdır. Hər birimiz Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil olunmaqdan böyük qürur hissi keçiririk. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Seçilən
61
1
sesqazeti.az

2Mənbələr