AZ

"Nazirlərin kütləvi istefası Paşinyanın Trampın qayıdışına hazırlığıdır" - AÇIQLAMA

Ötən günlərdə Ermənistan hökumətində bir neçə nazir və digər yüksəkrütbəli şəxslər gözlənilmədən istefa verib. Bu, Paşinyanın güc strukturlarının rəhbərləri ilə keçirdiyi görüşdən sonra baş verib. Baş nazir ölkədə təhlükəsizlik məsələlərinə görə məmurları tənqid edib və onlardan istefa verməsini istəyib. 

 

Ermənistanın infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan iclasdan dərhal sonra istefa veriblər. Erməni mediasının məlumatına görə, iclas zamanı Nikol Paşinyan və nazir Qnel Sanosyan arasında kəskin qarşıdurma da yaşanıb. Bundan başqa daxili işlər naziri Vahe Kazaryan, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da istefa verib. 

 

Sözügedən istefa dalğasının pərdəarxasında nələr dayanır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, proses iki sualın yaranmasına səbəb olur:

 

“Birincisi, Ermənistan hökuməti ölkə daxilində təhlükəsizlik probleminin olduğunu etiraf edib. Hökumət rəhbəri nazirləri məhz təhlükəsizlik problemlərinə görə tənqid edib və istefaya göndərib. Son zamanlar ölkə daxilində müxalif qrupların fəallaşması müşahidə edilir. Xüsusilə də keçmiş hakimiyyətə - Qarabağ klanına bağlı kriminal şəbəkələr yenidən aktivləşib. Nikolun Qərbdəki əsas tərəfdaşı olan ABŞ-dəki seçkilərdə demokratların uduzaraq hakimiyyəti öz rəqiblərinə təhvil verməyə hazırlaşması Ermənistan daxilindəki Rusiyaya bağlı qrupların da fəallaşmasına səbəb olub. Uzun müddətdir ki, Ermənistan Qərbə doğru inteqrasiya yolunu tutub və Moskva ilə İrəvan münasibətlərində də gərginlik yaşanırdı. Ancaq Paşinyan yaxşı anlayır ki, Donald Tramp Co Bayden kimi ona Rusiyaya qarşı dəstək göstərməyəcək. Buna görə öz siyasətində dəyişiklik etməyə çalışır. Həmçinin ölkə daxilində də Rusiya dəstəkli müxalifətə nəzarəti gücləndirmək üçün güc strukturlarının başına daha sərt şəxslərin gətirilməsi üçün yerdəyişmələr edir. İstefaya göndərilən şəxslər əsas etibarı ilə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın kadrlarıdır. Ermənistanın hüquq-mühafizə orqanları Paşinyanın dövründə məhz Qriqoriyan tərəfindən formalaşdırılıb. ABŞ və Avropa mətbuatı iddia edir ki, Qriqoriyan kifayət qədər hazırlıqlı şəxsdir və onun hökumətin yeni rəhbəri olması Ermənistanı daha da irəli aparacaq. Bu isə təbii olaraq Baş nazir Paşinyanı narahat edir”.

 

Ekspert bildirdi ki, Paşinyan da Ermənistanın Qərbə doğru istiqamət almasına müsbət baxır:

 

“Ancaq bir şərtlə ki, bu, onun rəhbərliyi altında olsun. Paşinyan Qriqoriyana bu günə qədər məhz Bayden adminstrasiyasının ona verdiyi dəstəyə görə toxunmurdu. Ancaq artıq fürsətdir və Baş nazirin öz potensial rəqibindən qurultuması üçün əsl şərait yetişib. Buna görə də Paşinyan ilk güc strukturlarının rəhbərlərini vəzifədən uzaqlaşdıraraq Armen Qriqoriyanı “budadı”. Növbəti addım isə Qriqoriyanın erməni siyasətindən yerli-köklü silinməsi olacaq. Ehtimal ki, Ermənistanda hüquq-mühafizə orqanlarının daxilində də ciddi dəyişikliklər olacaq. Paşinyan Qərblə münasibəti olmayan daha sərt kadrların irəli çəkilməsinə çalışacaq. Nazirlərin kütləvi istefa dalğası Paşinyanın Trampın qayıdışına hazırlığı kimi qiymətləndirilə bilər”.

 

Günay Rəsulqızı
 

Seçilən
16
sfera.az

1Mənbələr