AZ

Deputat millinin biabırçı məğlubiyyətindən DANIŞDI: "Milyon dollar pul alır, bir xal qazanıb"

\"Millinin belə biabırçı nəticələr göstərməsi barədə Santuşdan soruşun. Mən həmişə demişəm, Azərbaycana qıraqdan gələn, əcnəbi məşqçilərlə milli heç nə edə bilməyəcək. Çünki o bizi tanımır, mentalitetimizi, taktikamızı bilmir, tərcüməçi vasitəsilə gəlib futbolçularla işləyə bilməz. Santuş dünən deyib ki, \"mən millinin baş məşqçisi olmaqdan qürur duyuram\". O qürur duyur, biz qürur duymuruq. Çünki bu biabırçı məşqçidən çox şey asılıdır\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisinin səfərdə İsveçə 6:0 böyük hesabla uduzmasına münasibət bildirərkən deyib.
 
Deputat Azərbaycan millisinin məğlub olmasının səbəbini komandanın ümumilikdə müdafiədə oynamasında görür:
 
\"Təbii ki, futbolçu lazımdır, amma məşqçi 10 nəfərlə müdafiəyə çəkilmişdi, 10 nəfərlə! Futbolda 5-4-2, 4-4-2, 4-3-3 kimi düzülüş sxemləri var. O, müdafiəçi ilə oynayırdı, hücumçu yox idi. Yarımmüdafiəçi yox idi, hamı müdafiədə idi, onlar da özlərini biabır elədilər. Vaxtı ilə Qurban Qurbanovu qoydular, lazımi qədər də xal yığmışdı, 6 ay işləməyə qoymadılar. Çünki orada pul sohbətləri, planlar var. Qurban istəsə, çıxmazdı. Rəhbərliyi məhkəməyə verərdi, 5 il müqavilə bağlamışdı. Azərbaycanlı idi deyə qüruruna sığışdırmadı. Amma Berti Foks federasiyanı şantaj etdi, sonra da məhkəməyə verdi. Dedi ya da pulumu verin, sonra çıxım gedim\".

Millət vəkili millimizi çalışdıra biləcək baş məşqçilərin adını da açıqlayıb:
 
\"Vallah o qədər peşəkar, savadlı məşqçilərimiz var ki... Elə Arif Əsadov qalaydı. Tərlan Əhmədov və ya Samir Abbasov da var. Heç Qurbanın adını çəkmirəm. Odur ki, Santuşla da müqavilə var. O müqavilə qutaranadək onu qova bilməzlər, əks halda pul ödəməlidirlər. Neçə milyon dollar pul alır, bir xal qazanıb. Ayıbdır! Toplananların yerini dəyişəndə cəm dəyişmir. AFFA-nın prezidenti, İcraiyyə Komitəsinin rəhbərliyi dəyişdi, amma heç nə dəyişmədi\".
 
Mikayıl Mirzəzadə
Seçilən
25
azxeber.com

1Mənbələr