AZ

Yenidən dirçəldilən Ağdam bir neçə ildən sonra ziyarətçiləri öz gözəlliyi ilə valeh edəcək - Deputat



Ağdam yenidən dirçəlir, çiçəklənir və bir neçə ildən sonra ziyarətçiləri öz gözəlliyi ilə valeh edəcək.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Onun sözlərinə görə, Ağdamın işğaldan azad edilməsindən sonra həmin əraziyə baş çəkənlər erməni vəhşiliyinin əyani şahidi olublar::

“Ağdam işğaldan azad edildikdən dərhal sonra burada işğalçı Ermənistan ordusunun, müharibə canilərinin törətdikləri vəhşilikləri görənlər, zənnimcə, bu dəhşətli mənzərəni heç zaman unuda bilməyəcəklər. İşğala son qoyulduqdan sonra minalanmış, yerlə bir edilmiş, viran qoyulmuş, bir vaxtlar Qarabağın cənnət guşələrindən biri olan Ağdama 2020-ci il dekabrın 7-də mənimlə birlikdə ilk dəfə səfər edən xarici qonaqlar - İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri də gördükləri mənzərədən sarsılmışdılar”.

Deputat qeyd edib ki, Ağdamın işğaldan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsinin və diplomatik məharətinin nəticəsidir:

“Aradan cəmi 4 il keçməsinə baxmayaraq, bir zamanlar “Qafqazın Xirosiması”, “Kabus şəhər” adlandırılan Ağdam yenidən dirçəlir, çiçəklənir və əminəm ki, bir neçə ildən sonra ziyarətçiləri öz gözəlliyi və bənzərsizliyi ilə valeh edəcək.

Ağdamın işğal altında qalan hissəsinin, o cümlədən, Kəlbəcər və Laçının bir güllə belə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verilməsi isə Ali Baş Komandanın iradəsinin, qətiyyətinin, diplomatik məharətinin, eləcə də rəşadətli əsgər və zabitlərimizin 44 günlük Vətən savaşında nümayiş etdikləri misilsiz qəhrəmanlıqların nəticəsi kimi qiymətləndirilməlidir”.

A.Kərimli əminliyini ifadə edib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində görülən işlər özünün universallığı ilə nümunəyə çevriləcək:

“Qənaətimə görə, işğaldan azad etdiyimiz torpaqlarımıza, Qarabağa, Şərqi Zəngəzura qayıdışla bağlı tam təsəvvürə malik olmaq üçün bu ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin miqyasına nəzər salmaq yetərlidir. Həm də nəzərə almaq lazımdır ki, bu ərazilərdə gerçəkləşdirilən layihələrin prioritetlərindən biri və bəlkə də birincisi azərbaycanlıların bu torpaqlarda əbədiyyətə qədər təhlükəsiz və firavan yaşamalarıdır.

Bu baxımdan, həyata keçirilən hər bir layihə özündə bəzi komponentləri birləşdirir. Şübhə etmirəm ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman əsgər və zabitlərinin nümayiş etdirdiyi misilsiz rəşadət dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldığı kimi, işğaldan azad etdiyimiz ərazilərimizdə görülən işlər də özünün universallığı baxımından nümunəyə çevriləcək”.



Seçilən
12
aia.az

1Mənbələr