AZ

Sülh sazişinin dərc olunmamış bəndi: Moskva da Bakını dəstəklədi

Avropa İttifaqı (Aİ) həyəcan təbili çalır ki, İrəvan Ermənistan-Azərbaycan sərhədindəki Aİ-nin müşahidə missiyasının müddətinin uzadılması məsələsinə hələ də aydınlıq gətirməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Aİ səfiri Vasilis Maraqos ötən gün bildirib ki, missiya bitdikdən sonra 200-dən çox müşahidəçinin Ermənistanda qalıb-qalmayacağı məlum deyil: “Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”.

Erməni nəşri bildirir ki, Azərbaycanla yanaşı, Rusiya da Aİ müşahidəçilərinin Ermənistandakı fəaliyyətindən narazıdır:

“İrəvanın müşahidə missiyasının müddətinin uzadılması üçün müraciət etməsi məntiqli olardı, amma vəziyyət başqa cürdür.

Son zamanlar Ermənistan hakimiyyətinin Rusiyaya yönəlik siyasət yürütdüyü, Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı göz qabağındadır. Avropada ehtiyat edirlər ki, Paşinyan hakimiyyəti Qərbdən üz döndərib, yenidən Rusiyaya qucaq aça bilər.

Azərbaycan da müşahidəçilərin yerləşdirilməsinin əleyhinədir. İstisna deyil ki, Bakıdan da müşahidə missiyasının mandatının uzadılmaması tələbi olub və İrəvan həmin tələbi yerinə yetirmək qərarına gəlib. Bir neçə gün əvvəl Azərbaycan mediası sülh müqaviləsinin dərc olunmamış bəndləri barədə yazmışdı. Həmin bəndlərdən biri də Aİ missiyasının geri çəkilməsi ilə bağlıdır”.

Moskva missiyanı Azərbaycan, Rusiya və İrana qarşı casusluq fəaliyyətində ittiham edib.

Avropa İttifaqı müşahidəçilərinin fəaliyyət müddəti gələn ilin fevralında başa çatır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
12
teleqraf.com

1Mənbələr