Heydər Əliyev adına Hərbi İnstitutda “İkinci Qarabağ müharibəsinin hərbi-siyasi dərsləri: əldə olunan uğurlar və qarşıda duran vəzifələr” mövzusunda III respublika elmi-praktik konfransı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, konfransda Heydər Əliyev adına Hərbi İnstitutun zabit, professor-müəllim heyəti ilə yanaşı, respublikanın 20-yə yaxın təşkilatının rəhbər və nümayəndə heyəti iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Hərbi İnstitutun qərargahı qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksini ziyarət edərək əklillər qoyublar.
Elmi-praktik konfrans Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin ifası ilə başlanıb.
Konfransda Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev çıxış edərək 2020-ci il sentyabrın 27-də başlayaraq 44 gün davam edən və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan Vətən müharibəsindən danışıb. Rektor vurğulayıb ki, Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi, müzəffər Ordumuzun gücü sayəsində, şəhidlərimizin qanı-canı bahasına əldə olunmuş Qələbə nəticəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyulub.
Daha sonra İkinci Qarabağ müharibəsinə həsr edilmiş film nümayiş olunub.
Tədbirdə çıxış edən məruzəçilər İkinci Qarabağ müharibəsində Qələbəni şərtləndirən səbəblərdən, döyüşlərin aparılmasında peşəkarlıqdan, müasir döyüş taktikalarından, müharibənin beynəlxalq münasibətlər və beynəlxalq hüquq baxımından dəyərləndirilməsindən, müharibə dövründə təhlükəsizliyin təmin olunmasında xüsusi xidmət orqanlarının fəaliyyətindən və digər mövzulardan ətraflı danışıblar.